11.11.2022 12 oktyabr Konstitusiya Günüdür. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilir.
Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa və sərbəst bazar iqtisadiyyatına təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi həyatında tətbiq olunan əsas normaları özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində hüquqi baza rolunu oynayan sənəddir.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdi.
Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək kimi nailiyyətlər təsbit olunmuşdu.
Konstitusiyanın 48 maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir. Bir çox beynəlxalq hüquqi sənədlər Azərbaycan Respublikası Konstitusiyasının insan hüquq və azadlıqlarını təsbit edən üçüncü fəslinin əsasını təşkil etmişdir. Əsas Qanunumuzda dilindən, dinindən, irqi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunmuşdur.
Dəyişilən sosial-siyasi reallıq səbəbindən və əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə Azərbaycan Konstitusiyasında bir neçə dəfə dəyişikliklər edilib və əlavələr olunub. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir.

N.Quliyev

Nizami Bələdiyyəsi

11.11.2022 Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz!Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ənənəvi olaraq şanlı Zəfərimizin ikinci ildönümünü də Şuşada hərbçilərlə birlikdə qeyd etdi. Hərbçilər qarşısında geniş nitq söyləyən Prezidentimiz tarixi fikirləri ilə bir daha öz böyüklüyünü, əsil Vətən sevgisini, qətiyyətli sərkərdəlik qabiliyyətini, dönməz iradəsini nümayiş etdirdi. Şuşadan dünyaya səslənən dövlətimizin başçısı müharibədən sonrakı dövrdə cərəyan edən proseslərə aydınlıq gətirdi və cəsarətlə bəyan etdi ki, bütün məsələlər yalnız qalib Azərbaycanın diktəsi və razılığı ilə həll oluna bilər. Son dövrlər erməni havadarlarının hədyan çıxışlarına, məkrli siyasətlərinə tutarlı cavab verməklə İlham Əliyev hər şeyi faktlar və sübutlarla ortaya qoydu və bir daha bəyan etdi ki, Azərbaycan oğullarının qanı-canı bahasına qazanılmış tarixi qələbəyə heç kim kölgə sala bilməz. Eyni zamanda erməni vandalizminin ağlasığmaz fəsadlarını qeyd etməklə bəzi erməni dostlarına da layiqli mesajlarını verdi. Çıxışında Prezident qeyd etdi ki, "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik".
Eyni zamanda cənab Prezident erməni işğalçılarının iç üzlərini bir daha ifşa edərək kimin kim olduğunu, belə vəziyyətdə kimə dost, kimə düşmən deməyi bəzi dövlətlərə öyrətdi. Buna misal olaraq dövlətimizn başçısının çıxışındakı bir məqama diqqət yetirmək yerinə düşər. "Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz. Məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərləri qucaq aça bilməz, bilər? Onları qucaqlayıb öpə bilər? Biz müsəlman ölkələri ilə sıx əlaqələr qurduq və onlara izah etməyə nail olduq ki, Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır. Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz. Məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərləri qucaq aça bilməz, bilər? Onları qucaqlayıb öpə bilər? Bu, riyakarlıqdır, bu, satqınlıqdır. Bunun başqa adı yoxdur. Ona görə müsəlman aləmində biz Ermənistanı əsas dayaqlardan təcrid etdik. Düzdür, tam təcrid edə bilmədik, bunun başqa səbəbləri var - bax, dediyim riyakarlıq. Ancaq bütövlükdə Ermənistan müsəlman aləmində məscidləri dağıdan, təhqir edən ölkə kimi tanındı və bunu biz etdik".

Natiq Quliyev

Nizami Bələdiyyəsi

11.11.2022 Bu şanlı tarix bizimlə əbədi olacaq!Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Vətən Müharibəsindəki tarixi Zəfərin ikinci ildönümünü Şuşada hərbçilərlə birlikdə qeyd etməsi xalqımıza qürurverici anlar yaşatdı. Məhz bu müqəddəs torpaqda şanlı zəfərin son akkordları çalınmış, Zəfər qələbəsi qızıl hərflərlə əbədi həkk olunmuşdur. Qələbənin ikinci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edən dövlətimizin başçısı eyni zamanda geniş nitqində bir sıra məsələlərə aydınlıq gətirmiş, Şuşadan dünyaya yeni mesajlar vermişdir. Dövlət başçısı Şuşadakı tarixi çıxışında 44 günlük müharibənin son məqsədinin Şuşanı işğaldan azad etmək olduğunu dedi: “Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir”. Dövlət başçısı Zəfər Günü “Zəfər yolu”ndan, onun, necə deyərlər, mahiyyətindən də söz açdı: “Zəfər yolu”cəmi iki ilə yaxındır ki çəkilib. Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb”. Prezidentin bu sözləri, Müzəffər Ali Baş Komandanı olduğu Silahlı Qüvvələrə tam güvəninin, hərbçilərimizin Vətənə sədaqətinə tam əminliyin verdiyi qürur hissinin ifadəsidir. Cəmi 44 gün içində 30 illik işğala son verən müharibənin ilk günündən son gününədək ancaq və ancaq irəli gedən, tək bir gün belə geri addım atmayan Ordumuzun əsil qəhrəmanlığı böyük qürur hissləri yaşadır.
Şuşa əməliyyatı artıq dünya hərb tarixinə, dərsliklərə düşüb. “Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər”!- bu sözlər cənab Prezidentimizin tarixi Qələbəyə verdiyi ən böyük qiymətdir.
Bu birlik olmasaydı, tarixi Zəfər də çətin olardı. Dillərdə dastan “Dəmir Yumruq” deyimi yalnız gücü, qüdrəti deyil, birliyimizi və ədalətin təntənəsini də ifadə edir. Məhz “Dəmir Yumruq” hesabına tarixi missiyasımızı uğurla yerinə yetirdiyimiz bilinən həqiqətdir.
Müharibə iki il öncə başa çatıb. Ancaq müharibənin ağır fəsadlarının aradan qaldırılmasına daha neçə illər lazım olacaq. 30 illik işğalın ağır fəsadları, müharibənin özü və bütün bunlara baxmayaraq, bu gün işğaldan azad olunmuş ərazilərdə böyük süətlə quruculuq işləri aparılır. Güclü iqtisadiyyatın, vətəncanlılığın, dövlət-xalq birliyinin, ali dövlət rəhbərliyinə sarsılmaz inamın hesabına və sırf daxili imkanlar hesabına genişmiqyaslı tikinti-quruculuq işləri aparılması dövlətimizin qüdrətinin göstəricisidir.
44 günlük müharibə və tarixi Zəfər bir çox gerçəklikləri, həqiqəti dünyaya bəyan etdi. Zəfərə aparan yol ölkəmizdə milli həmrəyliyi daha da gücləndirdi, gücümüzə güc qatdı. Cənab Prezidentimizin sözləri ilə desək: “Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvləridir. Yaxşı günlərdə, ağır günlərdə bir yerdəyik və bu birlik dünya miqyasında nadir dəyərdir. Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər. Bu, bizim böyük dəyərimizdir”.

Natiq Quliyev

Nizami Bələdiyyəsi

10.11.2022 10 noyabr Bəyanatı Azərbaycanın Ermənistan üzərində şərtsiz hərbi üstünlüyünün təsdiqidir.10 noyabr Üçtərəfli tarixi Bəyanatın ikinci ildönümüdür. Bu Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyasının təsdiqi, uzun illər davam edən işğala son nəticəsə idi. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi.
Bu Bəyanatın imzalanması ümumxalq birliyimizin bariz nümunəsi və təntənəsidir.
10 noyabrda imazalanmış Bəyanat status-kvonu dəyişdi və Azərbaycanın maraqlarına uyğun bir şəkildə hazırlanmışdır. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur. Qarabağa heç bir status verilmir. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir.
Ordumuzun döyüş meydanında qazandığı qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Belə ki, Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Üçtərəfli bəyanatın birinci maddəsində qeyd olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın xeyrindədir. Bu Bəyanat eyni zamanda Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini rəsmiləşdirdi. Münaqişə artıq başa çatıb və torpaqlarımız artıq işğaldan azad olunmuşdur.
Bəyanat Azərbaycanın Ermənistan üzərində şərtsiz hərbi üstünlüyünü təsdiq etdi. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm operativ addımlar, həm də əməliyyatların hazırlanması və icra edilməsi baxımından bir çox dünya ölkələri tərəfindən öyrənilməyə başlanılmışdır. Ordumuz hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu.
44 günlük müharibə müddətində qardaş Türkiyə açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Türkiyədən gələn dəstək və həmrəylik nümayişi Azərbaycan xalqını Qələbəyə ruhlandırdı. Məhz buna görə də, 2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırdı.
Adı çəkilən Bəyanatın beşinci bəndinə əsasən münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılıb. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərir. Bu isə Türkiyənin rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində mühüm rol oynayacaqdır.
10 noyabr Bəyanatı Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin yaradılmasını nəzərdə tutur. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi tarixi hadisə olacaqdır. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılacaqdır.


Rəşad Ədilzadə Bakı Texniki Kollecin tələbəsi
10.11.2022 10 noyabr Bəyanatının imzalanması Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurlarını şərtləndirir. İlk növbədə Bəyanata əsasən Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı, Türkiyənin regionda fəaliyyətinə geniş yol açdı, İki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsi imzalanması ilə nəticələndi.
Böyük Qayıdış strategiyası icra olunmağa başlandı. Düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması mərhələsi artıq başlanıb. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir.
Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub. İrimiqyaslı infrastruktur layihələr icra olunur. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları fəaliyyətə başlayıb və 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. Tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının tikintisinə başlanacaq.
Sərhədlərin delimitasiyasına razılıq əldə olunub və məsələ ilə bağlı müvafiq Komissiyalar da yaradılıb. Sülh sazişi layihəsinin hazırlanması gündəliyi müəyyən olundu. Prezident İlham Əliyevin 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərin nəticəsində imzalanmış Bəyanat Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Görüşün nəticəsində verilmiş Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.” Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu.
Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 31 oktyabr 2022-ci il tarixli Bəyanatında qeyd olunur ki, münaqişə çərçivəsində olan bütün problemli məsələlər güc tətbiq etmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll olunmalıdır.
Müharibədən sonrakı dövrdə məsələ ilə bağlı imzalanmış bütün bu cür bəyanatlarda “Dağlıq Qarabağ” ifadəsinin istifadə olunmaması Azərbaycanın ərazi suverenliyinin tanımasının sübutudur.
Qəhrəman Qasımov Qarabağ veteranı, Əməkdar müəllim
10.11.2022 10 noyabr Bəyanatı rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu.Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda 44 gün ərzində apardığı Vətən müharibəsi tarixi Qələbə ilə yekunlaşdı. Ermənistan döyüş meydanındakı məğlub oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 10 noyabr 2020-ci il tarixində vidiokonfrans formatında olan görüşdə imzaladıqları birgə Üçtərəfli Bəyanat Ermənistanın təslim olmasını təsdiq edən sənəddir. 10 noyabr tarixli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi.
Əldə olunan razılaşma sənədi ümumilikdə Azərbaycan dövlətinin və xalqının mənafeyinə tam uyğundur. Bu razılaşmaya əsasən Ağdam, Laçın və Kəlbəcər döyüşsüz Azərbaycana təhvil verildi, işğalçı qoşinlara ərazilərimizdən çıxarıldı. Lakin əfsuslar olsun ki. Bəyanatın imzalanmasından iki il keçməsində baxmayaraq hələ də Ermənistan hərbi-siyasi rəhbərliyi onun əsas maddələrinin yerinə yetirilməsini həyata keçirmir. Bu sahədə də siyasi oyunlarını davam etdirir. Buna ilk növbədə erməni silahlə qüvvələrinin Qarabağdan tam çıxarılması və Naxçıvanla tarixi əlaqənin yaradılması üçün dəhlizin reallaşdırılmasıdır. Lakin bütün bunlara baxmayaraq Bəyanat Ermənistanın təslimçilik aktı, onun məğlubiyyətinin təsdiqidir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dəmir yumruğu ətrafında bütövləşən xalqımız, müzəffər Ordumuz düşmənin illərdir formalaşdırılmış mifini 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.
44 günlük Vətən Müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Azərbaycan xalqı tarixə qalib xalq kimi adını qızıl hərflərlə yazdı. Bəyanatda “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı belə qeyd olunmur,
Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir.
Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.
İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaqdır. Regionun inkişafına səbəb olacaq yeni 2 nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır.
İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı. “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi.
Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı.
Heydər Rəhimov Qarabağ veteranı, ehtiyatda olan zabit
05.11.2022 Azərbaycanla Gürcüstan arasındakı qarşılıqlı əməkdaşlıq münasibətləri əsl regional əməkdaşlıq nümunəsidir. Azərbaycanın Cənubi Qafqazda ən möhkəm siyasi, iqtisadi, mədəni əlaqələr qurduğu ölkə Gürcüstandır. Yaxın qonşuluq, dostluq münasibətləri qurulmuş ölkələr arasında əlaqələr hazırda strateji əməkdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Tarix boyu Cənubi Qafqaz regionunda cərəyan edən mürəkkəb proseslərə baxmayaraq, hər iki dövlət səmimi və qardaş münasibətlərini qoruyub saxlaya bilmişdir.
Gürcüstan ilə Azərbaycan təkcə enerji sahəsində deyil, digər sahələrdə də uğurla əməkdaşlıq edirlər. Artıq heç kəs şübhə etmir ki, Cənubi Qafqazın gələcəyi region ölkələri arasında daha genişmiqyaslı əməkdaşlıqdan asılıdır. Bu gün Azərbaycanla Gürcüstan arasında qarşılıqlı – faydalı əməkdaşlıq münasibətləri mövcuddur və əlaqələr əsl regional əməkdaşlıq nümunəsidir. Onu da qeyd etmək lazımdır ki, ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətləri mütəmadi surətdə yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Ümumilikdə, Gürcüstanla Azərbaycan arasında bir çox sahəni ehtiva edən çoxşaxəli rasional münasibətlər mövcuddur. Belə ki, Tbilisi ilə Bakı regional təhlükəsizliyin təmin olunması, iqtisadi maraqların uzlaşdırılması, siyasi münasibətlər sisteminin daha da təkmilləşdirilməsi kimi istiqamətlərdə sıx təmaslara malikdir. Qeyd etmək yerinə düşər ki, ikitərəfli münasibətlərin inkişafında və regional əməkdaşlığın genişləndirilməsində həmişə ən əsas amil Azərbaycanın enerji potensialı olmuşdur. XIX əsrdən bəri Azərbaycan neftinin ixrac marşrutu ənənəvi olaraq Gürcüstanın Qara dəniz limanlarından keçmişdir və həmin ixrac marşrutunun yenidən bərpası hər iki ölkə üçün mühüm məsələyə çevrilmişdir.
Hər iki ölkə əlaqələrin inkişafında maraqlı olduqlarını nümayiş etdirirlər. Gürcüstan Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı beynəlxalq iqtisadi layihələrin fəal iştirakçısıdır və özünü etibarlı tərəfdaş kimi göstərir. Hər iki dövlət arasında siyasi, iqtisadi münasibətlərin indiki səviyyəyə gəlib çatmasında mövcud olan mehriban qonşuluq əlaqələri mühüm baza rolunu oynayır. Son illərdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi hər iki respublikanın parlaq gələcəyinin təmin olunması üçün möhkəm əsas yaradır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin oktyabrın 24-də Gürcüstana növbəti səfərinin iki ölkə arasında münasibətlərin daha inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə keçirilən təkbətək görüş, aparılan danışıqlar Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək, bir sıra layihələrin reallaşdırılması baxımından çox faydalı olacaqdır.
Rəcəb Baxşıyev
Azərbaycan Vətən müharibəsi veteranları ictimai birliyinin Nizami rayon şöbəsinin sədri
05.11.2022 Mehriban qonşuluq siyasəti iqtisadi münasibətlərin inkişaf etdirilməsində başlıca şərtlərdən biridir.Cənubi Qafqazda yeni siyasi və iqtisadi reallıqların yarandığı dövrdə Prezident İlham Əliyevin Gürcüstana səfəri həm ikitərəfli, həm də regional əlaqələrin inkişafı baxımından böyük əhəmiyyətə malikdir.
Azərbaycan və Gürcüstan liderləri mətbuata bəyanat verərkən ikitərəfli əlaqələrin inkişafına toxunmaqla yanaşı, Bakı və Tblisinin geosiyasi proseslərin təsiri ilə regionda yenidən formalaşdırılan nəqliyyət dəhlizlərində aparıcı roluna diqqət çəkib.
Prezident İlham Əliyev qeyd edib ki, dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var: “Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlı, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır. Biz buna hazır olmalıyıq”.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili isə yeni yaranan nəqliyyat dəhlizlərinin əhəmiyyətinə toxunarkən deyib ki, Bakı ilə Tbilisi tarixi layihələrə imza atıb və bundan sonra da həmin ikitərəfli əlaqələri daha da sürətləndirmək əzmindədirlər: "Biz iqtisadiyyat, enerji, nəqliyyat məsələlərini nəzərdən keçirdik. Gürcüstan Azərbaycan üçün önəmli ölkədir və eyni zamanda, Azərbaycan da Gürcüstanın strateji tərəfdaşıdır. Biz artıq reallaşdırdığımız mühüm layihələri nəzərdən keçirdik. Bunlar tarixi layihələrdir - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz. Bizim həyata keçirdiyimiz layihələr bundan sonra da irəliyə aparılacaq və onları daha da sürətləndirmək əzmindəyik".
Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycanla Gürcüstan arasında iqtisadi əlaqələrin mövcud vəziyyətinə və inkişaf prespetivlərinə toxunub: "O ki qaldı, ikitərəfli gündəliyimizə, əlbəttə ki, ticarət dövriyyəmizin artması bizi sevindirir. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir. Əlbəttə, biz bu gün gələcək enerji siyasətimizlə bağlı geniş fikir mübadiləsi apardıq. Baş nazir də qeyd etdiyi kimi, həyata keçirilmiş layihələr artıq uğurla fəaliyyətdədir. Biz yeni layihələr haqqında düşünürük. Biz dünya bazarlarına qaz ixracatını artırmaq fikrindəyik. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq".
Prezident çıxışı zamanı Azərbaycanda dəhlizlərlə bağlı infrastrukturun inşasına toxunub və bildirib ki, Gürcüstanla həyata keçirilənlayihələrimiz eyni vaxtda tamamlanmalıdır: "Mən bildirməliyəm ki, biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq istəyirik. Artıq bütün göstərişlər verildi və vəsait də ayrılacaq. Ona görə Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Çünki bizim birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır".
Həm Gürcüstanın Azərbaycanla ticarət dövrüyyəsi, həm ölkələr arasında formalaşdırılmış etibarlı tərəfdaşlıq mühiti, həm də ölkəmizin nəqliyyat dəhlizləri ilə bağlı infrastrukturu sürətlə inşa etməsi Tbilisinin Bakı ilə əməkdaşlığa daha çox önəm verməsi ilə nəticələnir. Bakı bölgədə baş verən proseslər fonunda planlaşdırılan layihələrin icrasındakı açar dövlət rolunu daha da möhkəmləndirir. Bunun səbəbləri sırasına Azərbaycanın iqtisadi təsir imkanları və sürətli nəqliyyat infrastrukturu inşa etməsi ilə yanaşı, həm də mehriban qonşuluq siyasəti dayanır.
Nərmin Cəfərova
Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantı
05.11.2022 Prezident İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək.Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir. Oktyabrın 24-də Prezident İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrin mərkəzindədir.
Bu gün Gürcüstanla strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxıb. Bir çox sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur. Həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli formatda daim bir birimizi dəstəkləyirik. Bir çox icra olunan birgə layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır.
Bu ilin 9 ayında Gürcüstanla qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir. O cümlədən Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi bu il 75 faiz artıb. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətini 5 milyon tona çatdırmaq planlaşdırılır. Bu məqsədlə bu il və gələn il bu layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə qoyulacaq. Nəzərə almaq lazımdır ki, dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlıdır, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır. Tranzit ölkə olmaq üçün isə mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır. Buna görə də Azərbaycan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Çünki bizim birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır.
Gürcüstanla həyata keçiriləcək yeni layihən elektrik enerjisi ilə bağlıdır. Azərbaycan çalışır ki, öz elektrik enerjisini dünya bazarlarına ixrac etsin. Azərbaycanın ixrac istiqaməti Gürcüstandan keçir. Təkcə azad edilmiş torpaqlarda 10 giqavatt gücündə bərpaolunan enerji növlərindən istifadə etmək olar. Xəzər dənizində isə bu rəqəm 157 giqavatta çatır. Bu enerjini istehsal etmək və ixrac etmək bizim növbəti illərdəki vəzifəmizdir. Gürcüstanla Azərbaycan digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıq edəcəklər. Digər tərəfdən, Azərbaycan dünya bazarlarına qaz ixracatını artırmaq niyyətindədir. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Planlaşdırılır ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Eyni zamanda, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. Hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcəklər.
Fərmin Quliyev
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi
05.11.2022 Bayraq insanlarda vətənə sevgi və məhəbbət hissləri yaradır. Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən sayılan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşında yüksək vətənpərvərlik duyğuları aşılayır. Bayraq insanlarda vətənə sevgi və məhəbbət hissləri yaradır. Gənc nəsilin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə edilməsi, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmləndirilməsinə xidmət göstərir.
Bu gün müstəqil və suveren Azərbaycanın üzərində əzəmətlə dalğalanan üçrəngli bayrağımız xalqımızın qüruru və varlığımızın təcəssümüdür.

Üçrəngli bayrağın kölgəsində mən,
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq öz yurduma öz hakimliyim!

Bayrağımızın yaranma tarixi XIX əsrin əwəllərinə təsadüf edir. Bu bayraq 1918 -1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış milli dövlətçilik atributlarından biridir. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası hökumətin başçısı Fətəli Xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın üçrəngli milli bayrağının təsdiq olunması haqqında qərar qəbul olundu. Milli bayrağımız ilk dəfə həmin gün Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qaldırıldı.
1919-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı parlamentin binası üzərində dalğalandı. Məhz o zaman da Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadə parlamentin ilk iclasında «Bir kərə yüksələn bayraq, bir daha enməz» məşhur kəlamını söyləmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı və 1920-ci ildə qonşu iri dövlətlərin mənfur planları nəticəsində süqut etdi. 70 il Azərbaycan xalqı doğma və əziz bayrağından zorla ayrı salındı. Lakin bu 70 il ərzində xalqın min bir əziyyətlə əldə etmiş olduğu üçrəngli bayrağına sevgi və məhəbbəti heç vaxt tükənmədi. Əksinə, millətimiz bu bayrağın nə vaxtsa yenə də vətənimizin, doğma Azəribaycanımızın üzərində məğrurluqla dalğalanacağı anı səbirsizliklə gözlədi. Həm də yalnız gözləməklə kifayətlənmədi. Onun uğrunda diktator Sovet hakimiyyətinin kəskin qadağalarına baxmayaraq əzmlə, təmkin və qeyrətlə mübarizə apardı. Əzm və sücaət göstərdi, nəhayət, o gün gəlib çatdı. 1990-cı il noyabrın 7-də üçrəngli bayrağımız ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqləndi. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızın Azərbaycanın dövlət bayrağı kimi təsdiq olunması haqqında Konstitusiya Qanununu qəbul etdi.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
Bu gün müqəddəs üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda, qədim Şuşamızda dalğalanır. Şanlı Zəfərimizin təntənəsi dalğalanan bayrağımızla bizə qürur verir.

Tənzilə Lətifova Nizami Rayon Mədəniyyət Mərkəzinin metodisti