20.01.2026 Regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. Prezident İlham Əliyev 20 yanvar 2026-cı ildə Davosda “Euronews” televiziyasına müsahibə verib.
Dövlət başçısı müsahibəsində beynəlxalq hüquq normalarının dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmədiyini bildirib və beynəlxalq münasibətlərin bu gün yeni eraya qədəm qoyduğunu söyləyib.
Ölkə daxilində potensial risklərin mövcud olmadığını bildirən İlham Əliyev "Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir” fikrini söyləyib, eyni zamanda qeyd edib ki, regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. İşğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur. “Hər bir ölkə regional sabitliyə və təhlükəsizliyə öz töhfəsini verəcəyi” ümidini bildirən cənab Prezident "Bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur. Beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə, Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq.” fikirlərini səsləndirib.
Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və digər ölkələrə neft və qaz ixrac edən yeganə ölkədir.
Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə enerji əməkdaşlığımız artmaqdadır. Artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir.
Avropa Parlamenti ilə münasibətlərə toxunan ölkə başçısı bildirib: “Avropa Parlamentinin daimi tənqidinə Azərbaycan artıq reaksiya vermir. Bəli, reaksiya verməyi dayandırmışıq. Keçmişdə reaksiya verirdik. Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Artıq uzun illərdir ki, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik. Düşünürəm ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə” olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır.Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər.”
Müsahibəsində həmçinin möhtərəm Prezidentimiz Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərərəfindən 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunmasını yüksək qiymətləndirib: "Zayed İnsan Qardaşlığı Mükafatı” kimi nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir. Bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm.”

Heydər Rəhimov Nizami Bələdiyyəsinin sədr müavini
20.01.2026 Xalq azadlığı üçün ölməyi də, yaşamağı da bacarır! 20 Yanvar… Bu tarix Azərbaycan xalqının qəlbində heç vaxt silinməyən bir yara, eyni zamanda başıuca tutulacaq bir qürur səhifəsidir. O gecə Bakının küçələrinə axan qan təkcə insanların qanı deyildi,o qan xalqımızın azadlıq arzusunun, müstəqillik istəyinin rəmzi idi. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyası öz əsl simasını göstərdi. Sovet İttifaqı rəhbərliyinin birbaşa göstərişi ilə Bakıya və respublikanın bir sıra digər bölgələrinə qoşun hissələri yeridildi. Azadlıq istəyən, haqq səsini ucaldan dinc insanlara qarşı tanklar yeridildi, silahlar tuşlandı. Qaranlıq gecədə şəhərin üzərinə ölüm çökdü. Qadın, uşaq, yaşlı demədən günahsız insanlar gülləbaran edildi. Küçələrdə fəryad səsləri, anaların ah-naləsi, yaralıların iniltisi eşidilirdi. Yaşayış evləri və mülki infrastruktura ciddi ziyan vuruldu.

“Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər. Tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdir. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilmişdir. Fövqəladə vəziyyətin tətbiqindən öncə hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar.

Lakin düşmən bilmədi ki, güllə ilə azadlıq arzularını susdurmaq olmaz. O gecə şəhid olanlar qorxu içində deyil, Vətən sevgisi ilə şəhadətə yüksəldilər. Onlar öz canlarını qurban verərək Azərbaycan xalqına müstəqillik yolunu açdılar. 20 Yanvar şəhidlərinin qanı torpağa düşdü, amma o torpaq azadlıq toxumu verdi.Bu faciə xalqımızın iradəsini sındırmadı, əksinə daha da möhkəmləndirdi. İnsanlar əllərində bayraqlar, sinələrində qürurla şəhidlərini son mənzilə yola saldılar. Bütün dünya gördü ki, Azərbaycan xalqını qorxutmaq mümkün deyil.

Yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar faciəsinin hüquqi siyasi müstəvidə əsl mahiyyəti açıqlandı və bu qanlı hadisəyə obyektiv qiymət verildi.

1994-cü il yanvarın 12-də keçirilən müşavirədə Ulu Öndər Heydər Əliyev bu məsələyə toxunaraq demişdir:
“Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər.”

Bu tarixi çıxış 20 Yanvar hadisələrinin ört basdır edilməsinə son qoymuş, günahkarların müəyyənləşdirilməsi və faciəyə siyasi-hüquqi qiymət verilməsi istiqamətində mühüm dönüş nöqtəsi olmuşdur.

Xalq azadlığı üçün ölməyi də, yaşamağı da bacarır.

Bu gün Şəhidlər Xiyabanına qalxan hər addım keçmişə ehtiram, gələcəyə anddır. O məzarların hər biri bizə səssizcə deyir: “Vətəni qoruyun, azadlığı yaşadın.” 20 Yanvar hüzn günüdür, amma eyni zamanda milli oyanışın, birlik və qeyrətin günüdür. 20 Yanvar şəhidləri ölmədi onlar Azərbaycan xalqının qəlbində əbədi yaşamağa başladı. Bu qanlı gecə bizim yaddaşımızdan silinməyəcək. Çünki bu tarix azadlığın qiymətini qanı ilə ödəyənlərin tarixidir. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. Əminliklə deyə bilərik ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş bütün şəhidlərin ruhları bu gün şaddır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi 2020-ci ildə Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoydu, torpaqlarımızı erməni işğalından azad etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam bərpa olundu. İndi bütün ərazilərimizdə Azərbaycanın üçrəngli Bayrağı dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri sürətlə davam edir, Böyük Qayıdış Proqramı uğurla icra olunur.

20 Yanvar hadisələri Azərbaycan tarixində həm faciə, həm də milli qürur səhifəsi kimi əbədi yerini tutmuşdur.Qəhrəmanlıq,rəşadət və vətənpərvərlik nümunəsi olan 20 Yanvar Şəhidlərimizin göstərdiyi fədakarlıq gələcək nəsillər üçün örnək olaraq qalacaqdır.

Bu müqəddəs tarix hər il ehtiramla yad edilir və şəhidlərin ruhuna olan hörmət Azərbaycan xalqının mənəvi dayaqlarından biri olaraq yaşayır.

Yeganə Abbasova,
Bakı şəhər Nizami bələdiyyəsinin sədr müavini.
20.01.2026  20 Yanvar hadisələri Azərbaycana qarşı törədilmiş hərbi və siyasi cinayətdir. 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir. Bakıda gecəyarı fövqəladə vəziyyət tətbiq edilmiş, əhali xəbərdar edilməmişdir. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.
20 Yanvar faciəsi dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Faciədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi, ölkənin müstəqilliyi ideyası ümummilli amala çevrildi, dünya azərbaycanlıları yeni siyasi tariximizdə ilk dəfə olaraq milli faciəmizin tanıdılması və nəticələrinin aradan qaldırılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.
20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal rolu oldu. 20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıq süqutu yaxınlaşan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi.
20 Yanvar hadisəsi milli məfkurənin inkişafına təkan vermiş hadisədir. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
20 Yanvar cinayəti Azərbaycan xalqının iradəsini və bütövlüyünü qıra bilmədi. Xalqın Sovet İttifaqı Kommunist Partiyasına və mövcud rejimə qarşı nifrəti son həddə çatmış, Kommunist Partiyasının üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarını tərk etmişlər.
20 Yanvar hadisələri Azərbaycana qarşı törədilmiş hərbi və siyasi cinayətdir. 20 Yanvar hadisələri beynəlxalq hüquqi riyakarlığın təzahürüdür.
Azərbaycan xalqını dəhşət və müsibətə düçar etmiş 20 yanvar faciəsi bütün dünyada əks-səda doğurmuş, mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb olmuşdur. Bir çox ölkələrin radiostansiyaları da yanvar faciəsi haqqında hərtərəfli informasiya verir və imperiya qüvvələrini lənətləyirdi. Sivil dövlətlərin təcrübəsindən fərqli olaraq Azərbaycanın siyasi rəhbərliyi nəinki istefaya getməmiş, hətta belə bir məqamda susmağı daha üstün tutmuşdur. Xalqının şəhidlər verdiyi faciəli günlərdə, o bu faciəyə rəsmi bəyanatla münasibətini bildirməmiş, xalqın qəzəbindən qorxaraq şəhidlərin dəfn mərasimində iştirak etməmiş, yas içində olan xalqına başsağlığı belə verməmişdir.

20 Yanvar hadisələri eyni zamanda Azərbaycan xalqına qarşı törədilmiş siyasi terror kimi də qiymətləndirilməlidir. İşğalçılıq siyasəti ilə Azərbaycanın suverenliyinə qəsd etmiş, xalq hərəkatını boğmaq üçün bədnam kommunist ideologiyası libasında köhnə imperiya iddialarını həyata keçirmək məqsədilə 20 Yanvar faciəsini təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası, Sovet dövləti və hökuməti rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi danılmaz faktdır.
Ulu Öndərin mərdliyi və siyasi iradəsi sayəsində 20 Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini almışdır. Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli lider Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi.
20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi.
20 Yanvar hadisələrinə siyasi qiymət ilk dəfə Ulu öndər Heydər Əliyev tərəfindən verildi. Ulu öndər Heydər Əliyev dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu. Məhz Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.
Azərbaycan dövləti və xalqı öz şəhidlərini unutmur. 20 Yanvar hadisələrin nəticəsində şəhid olmuş ailələrin sosial vəziyyəti daim dövlətin diqqət mərkəzindədir. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Prezidenti İlham Əliyevin dediyi kimi, “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə "20 Yanvar Şəhidi" fəxri adı təsis edilib. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşıb.
Azərbaycan xalqı və dövləti 20 Yanvar şəhidlərin xatirəsini daim uca tutur. Ulu öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur.

20 Yanvar şəhidlərin ailələrinə qayğı daim dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün də mühüm işlər görmüşdür. Dövlətimizin başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə aylıq təqaüd verilir.
Heydər Rəhimov,
Nizami Bələdiyyəsinin sədr müavini, Qarabağ veteranı

Yeni səhifəmiz...

Çox gözəl!
Yaxşı
Normal
Pis deyil
Çox pis!