23.12.2025 Prezident İlham Əliyev “Qərbi Azərbaycan” mövzusunu dövlət siyasəti ilə yanaşı, həm də regionumuzda formalaşan yeni reallığın ayrılmaz parçasına çevirmişdir.Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, yaradıcısı olduğu Qərbi Azərbaycan İcmasının fəaliyyətində, müəllifi olduğu Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçirilməsində uğurlu nəticələr müşahidə olunmaqdadır.

Qərbi Azərbaycana Qayıdış Konsepsiyası Prezident İlham Əliyevin təşəbbüsü ilə 26 yanvar 2023-cü il tarixində qəbul olunub. Konsepsiyanın ana xətti indiki Ermənistan ərazisindən zorla köçürülmüş bütün azərbaycanlıların və onların varislərinin həm fərdi, həm də kollektiv şəkildə öz doğma yurdlarına təhlükəsiz, ləyaqətli və könüllü qaytarılma hüququnun reallaşdırılmasıdır. Bunun üçün hüquqi mexanizmlər, beynəlxalq razılaşma, beynəlxalq monitorinq, təhlükəsizlik təminatı, humanitar, sosial və iqtisadi yardım, həmçinin mədəni irsin bərpası və reinteqrasiya tədbirləri nəzərdə tutulur.

Konsepsiya həm milli, yəni Qərbi Azərbaycan İcmasının hədəfləri, həm də beynəlxalq hüquq əsaslarına söykənir. Beləliklə, Qayıdış sadəcə simvolik deyil, hüquqi və praktik çərçivəsi olan planlaşdırılmış strateji siyasətdir.

Prezident İlham Əliyevin hələ 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə icmanın qarşısında duran vəzifələrdən danışarkən "Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsi hamımız üçün - həm Qərbi Azərbaycandan olan insanlar üçün, həm də bütün Azərbaycan xalqı üçün çox önəmlidir" deməsi reallıqda öz təsdiqini tapmışdır.

Azərbaycan xalqının tarixi Qələbəsinin regionda formalaşmaqda olan yeni reallığın əsas səbəblərindən biri olduğunu dəfələrlə açıq şəkildə səsləndirən Prezident İlham Əliyev “Qərbi Azərbaycan” mövzusunu dövlət siyasəti ilə yanaşı, həm də regionumuzda formalaşan yeni reallığın ayrılmaz parçasına çevirmişdir. Təkcə 2025-ci il ərzində Qərbi Azərbaycan məsələsi Prezident İlham Əliyev tərəfindən beynəlxalq və yerli platformalardakı çıxış, müsahibə və görüşlərdə 9 dəfə, ümumiyyətlə isə 67 dəfə ən ali səviyyədə səsləndirmişdir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2022-ci ildə Qərbi Azərbaycan İcmasının yaradılması və fəaliyyəti son bir neçə il ərzində ölkəmizin ictimai-siyasi həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri olmuşdur. Ölkəmizdə ali icra hakimiyyəti orqanı səviyyəsində Qərbi Azərbaycan məsələsi ilə bağlı qəbul edilən siyasi qərarlar, məhkəmə hakimiyyəti orqanı olan Baş Prokurorluq tərəfindən deportasiya və soyqırımı ilə bağlı başladılan cinayət işləri, eləcə də ilk dəfə Milli Məclisdə yaradılmış Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu məsələnin miqyasını daha da genişləndirmişdir.

Qərbi Azərbaycana sülhsevər qayıdışın konseptual əsaslarının yaradılmasına dair Prezidentin verdiyi tapşırığa uyğun hazırlanmış “İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə Qayıdış Konsepsiyası” soydaşlarımızın öz doğma torpaqlarına qayıdışı ilə bağlı fəaliyyətin əsasını təşkil etmişdir.

Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsində Asiya Parlament Assambleyasının, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, TürkPA-nın, İslam Əməkdaşlıq Təşkilatının rəsmi sənəd və qətnamələrinə Qərbi Azərbaycan məsələsi daxil edilmiş, məsələ BMT-nin Təhlükəsizlik Şurası, Baş Assambleya və İqtisadi və Sosial Şuranın 11 sənədində öz əksini tapmışdır.

Azərbaycanda, Türkiyədə, Belçikada, İordaniyada, Mərakeşdə Qərbi Azərbaycan məsələsi ilə bağlı beynəlxalq konfranslar keçirilmiş, Bakı və Ankara konfranslarının iştirakçılarına Prezident İlham Əliyev tərəfindən müraciətlər ünvanlamışdır.

Qərbi Azərbaycan məsələsi diplomatlarımız tərəfindən keçirilən görüşlərdə, UNESCO, ATƏT, Qoşulmama Hərəkatı, BMT-nin İnsan Hüquqları Şurasının sessiyalarında müzakirə mövzusu olmuş, Türkiyə, Belçika, Pakistan, Meksika, Əlcəzair, Rusiya, Özbəkistan, Xorvatiya, Ukrayna, İspaniya, Polşa, Avstriya, Macarıstan, Rumıniya, Çex Respublikası, Gürcüstan, Misir, Qazaxıstan, Koreya, Bolqarıstan, İordaniya, Tacikistan, Estoniya, Serbiya, Braziliya, Küveyt və Latviyadakı səfirliklərimiz, BMT və ATƏT yanında daimi nümayəndəliklərimiz Qərbi Azərbaycan məsələsini fəaliyyət göstərdikləri ölkələrdə tanıtmış, Pakistan, Gürcüstan, İtaliya, Xorvatiya, Braziliya, İspaniya, Bolqarıstan, Polşa, Küveyt, Misir, Tacikistanın radio, sayt və qəzetlərində Qərbi Azərbaycan məsələsi işıqlandırılmışdır.

İcma tərəfindən Ermənistanın və beynəlxalq təşkilatların həqiqətləri təhrif edən qərəzli hesabatları və qətnamələri ilə bağlı 339 bəyanat yaymışdır.

Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin vacib tərkib hissəsi olan Qərbi Azərbaycan məsələsinin beynəlxalq müstəviyə çıxarılması Ermənistanın Qarabağla bağlı absurd iddialarının dəf edilməsində vacib rol oynamış, Qərbi Azərbaycan məsələsində ədalətin bərqərar olunmasına təkan vermiş, Ermənistanla münasibətlərin normallaşması prosesində insan hüquqları müstəvisində Azərbaycanın mövqeyini daha da gücləndirmişdir.

Dekabr ayının 24-ü Möhtərəm Prezidentimiz İlham Əliyevin doğum günüdür. Bu gün xalqımız üçün əsil bayramdır. Qərbi Azərbaycandan olan bir vətəndaş kimi mən cənab Prezidentimizi ad günü münasibətilə təbrik edir, ona müstəqil və daha güclü Azərbaycan naminə tarixi fəaliyyətində böyük uğurlar arzulayıram.

Yeganə Abbasova,
Nizami bələdiyyəsinin sədr müavini
23.12.2025 Tarixi missiyanı şərəflə yerinə yetirən qətiyyətli Sərkərdə, Müzəffər Ali Baş Komandan! “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik” - Prezident İlham Əliyev.

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir.

2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunmuşdur. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb.

Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı.

Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan 19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror əməliyyatına başlamışdır. Antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər.

21 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. 15 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırdı.

Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında 2020-ci il 3 dekabr tarixində Sərəncam imzalamış, 2021-ci ildə Hərbi Qənimətlər Parkının və 2024-cü ildə Zəfər Parkının açılışında iştirak etmişdir.

Heydər Rəhimov Nizami bələdiyyəsinin sədr müavini, Qarabağ veteranı

Yeni səhifəmiz...

Çox gözəl!
Yaxşı
Normal
Pis deyil
Çox pis!