Bələdiyyələr tərəfindən yerli əhəmiyyətli məsələlərin həllində ötən beş il ərzində görülmüş işlərin müzakirə olunması və qarşıda duran vəzifələrin müəyyən edilməsi məqsədilə 2015-ci ilin aprel ayının 21-də Yevlax şəhərində Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının növbəti Ümumi Yığıncağı keçirilmişdir.
Yığıncaqda Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nəzarət-təftiş komissiyasının hesabatları dinlənilmiş, Assosiasiyanın rəhbər orqanları seçilmiş, 2015-ci il üçün Assosiasiyanın büdcəsi təsdiq edilmiş, bir sıra bələdiyyələrin sədrləri çıxışlar etmişlər.
İşgüzar şəraitdə keçən yığıncaqda görülmüş işlərlə yanaşı 2014-cü ilin iyun ayında keçirilmiş bələdiyyə sədrlərinin III Ümumrespublika Toplantısında vəzifələrin yerinə yetirilməsi vəziyyəti, o cümlədən əhalini narahat edən problemlərin həllinə yönəldilən sosial yönümlü layihələrin həyata keçirilməsi, vətəndaşların yerli özünüidarəetmə proseslərində bilavasitə iştirakı, əhali qarşısında hesabatlılıq və şəffaflığın artırılması, vətəndaş-bələdiyyə münasibətlərinin gücləndirilməsi, bələdiyyələrin iqtisadi və maliyyə potensialının gücləndirilməsi, yeni seçilmiş bələdiyyə üzvlərinin maarifləndirilməsi, bələdiyyə qulluqçularının düzgün seçilib yerləşdirilməsi və tədrisi və s. məsələlər müzakirə olunmuşdur.
Bələdiyyələrin iqtisadi və maliyyə potensialının gücləndirilməsi, vergitutma obyektlərinin və vergi ödəyicilərinin dürüst uçotunun aparılması işinin təşkilində bələdiyyələrə köməklik göstərilməsi məqsədilə “Bələdiyyələrdə vergitutma obyektlərinin və vergi ödəyicilərinin uçotu proqramı”nın təqdimatı keçirilmişdir.
Ümumi Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Milli Məclisin, Ədliyyə Nazirliyinin, Azərbaycan Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.