17.09. 2016-cı il tarixində Nizami Rayon İcra Hakimiyyətində ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunlarla görüş keçirilmişdir.
Tədbirdə Milli Məclisin deputatı Sədaqət Vəliyeva, təhsil müəssisələrinin rəhbərləri, məzunlar və onların valideynləri iştirak etmişlər.
Görüşdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatların öz töhfələrini verdiyini, yeni məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazalarının möhkəmləndirilməsi, informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsinin təhsilin keyfiyyətinə müsbət təsir göstərdiyini söyləmişdir.
A.Qasımov Dövlət Proqramına uyğun olaraq 14 məktəbin əsaslı təmir edildiyini, 5 məktəbdə əlavə tədris korpusunun tikildiyini və 328 №-li 640 şagird yerlik yeni məktəbin inşa olunduğunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 06 sentyabr 2016-cı il tarixdə əsaslı təmirdən sonra 229 və 109 №-li məktəblərdə və 14 sentyabr 2016-cı il tarixdə yeni tədris korpusları tikilmiş 12 və 32 nömrəli məktəblərdə yaradılan şəraitlə tanış olduğunu bildirmişdir.
Həmçinin 2015/2016-cı tədris ilində rayonun orta ümumtəhsil məktəblərini 1968 nəfər bitirdiyini, onlardan 1742 nəfərin ali məktəblərə sənəd verdiyini və 1021 nəfərin, yəni 58,6 faiznin tələbə adını qazandığını, o cümlədən 1 nəfərin 700 bal, 121 məzunun 600-dən yuxarı bal topladığını, onlardan da 42 nəfərin 650 baldan yüksək nəticə göstərdiyini, qəbul imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş 8 nəfərin isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə Prezident təqaüdünə layiq görüldüyünü diqqətə çatdırmışdır.
A.Qasımov məzunları əldə etdikləri böyük nailiyyət münasibətilə təbrik edərək, onlara təhsillərində uğurlar arzulamışdır.
Sonra isə ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan məzunlara hədiyyələr təqdim edilmişdir.
Eyni zamanda, 2016-cı ilin iyun ayının 28-dən iyulun 2-dək Qəbələ rayonunda keçirilmiş “Gənc xilasedici və yanğınsöndürən” V Ümumrespublika birinciliyində birinci yerə layiq görülmüş 220 №-li məktəb-liseyin komandası da mükafatlandırılmışdır.