Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində 16 sentyabr tarixində Səmərqənddə keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammitində iştirak etmişdir.
Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.
Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.
İlham Əliyev Səmərqənddə keçirilən sammitdə Azərbaycana dost və qardaş, strateji tərəfdaş olan Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində iştirak edirdi. Bu dəvət Azərbaycan-Özbəkistan münasibətlərinin dərin məzmununu, hər iki dövlətin prezidentləri arasındakı dostluq münasibətlərini ifadə etməklə yanaşı, İlham Əliyevin qlobal və regional nüfuzunun əyani təzahürüdür. Elə sammitdəki çıxışından sonra Prezident İlham Əliyevə təşəkkür edən Şavkat Mirziyoyev qeyd edib ki, ilk növbədə nəqliyyat-kommunikasiya və iqtisadi-ticari sahələrdə Azərbaycan ilə regional əməkdaşlığın inkişaf etdirilməsi onlar üçün xüsusi maraq doğurur.
Bütün bunlar onu deməyə əsas verir ki, İlham Əliyevin qlobalmiqyaslı təşəbbüsləri, qlobal layihələri Azərbaycanın dost və strateji tərəfdaş ölkələri ilə münasibətlərinə əsaslı töhfələr verir.
Azərbaycanın ilk dəfə olaraq məhz Özbəkistanın sədrliyi dövründə fəxri qonaq qismində Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Sammitinə dəvət olunması ölkəmizin, Prezident İlham Əliyevin beynəlxalq-siyasi nüfuzunun göstəricisidir. Təşkilatın məqsəd və məramı fonunda bu gün Azərbaycanın hər bir sahədə təcrübəsinin, inkişaf modelinin təqdir edilməsi ölkəmizin hədəflərə öz töhfələrini vermək imkanlarına aydınlıq gətirir.
Vəli Hüseynli Nizami rayonu 61 saylı tam orta məktəbin tarix müəllimi