03.10.2022 Xudafərin körpüsü Azərbaycan xalqının milli sərvətidir.
Xudafərin körpüsü Azərbaycan xalqının milli sərvətidir.
Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.
1993-cü ildə Cəbrayıl rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Xudafərin körpüləri də erməni vandallarının dağıntılarına məruz qaldı. 27 il erməni tapdağı altında olan Xudafərin ötən il rəşadətli Azərbaycan ordusu tərəfindən 18 oktyabrda - Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günündə azadlığa qovuşdu, Xudafərin körpülərinin üzərində 27 ildən sonra yenidən Azərbaycan Respublikasının üçgəngli bayrağı ucaldıldı. Həmin gün xalqımız bir gündə iki bayramın sevincini yaşadı. Prezident İlham Əliyev şanlı ordumuzun Xudafərin zəfəri barədə deyib: "Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünə çıxdı və Xudafərin körpüsü üzərində Azərbaycan bayrağını qaldırdı. Xudafərin körpüsü Azərbaycan xalqının milli sərvətidir, Azərbaycan xalqının istedadının sübutudur. Biz Azərbaycan xalqına məxsus olan bu möhtəşəm memarlıq əsəri ilə haqlı olaraq fəxr edirik".
Azərbaycanın şimalı ilə cənubunu birləşdirən Xudafərin körpüsü həm də simvolik abidə hesab olunur. Xudafərin körpüsü, eyni zamanda iqtisadi, siyasi və mədəni əhəmiyyətinə görə Azərbaycan tarixində mühüm iz buraxıb. Sovetlər dönəmində Xudafərin körpüsü üzərində sərhəd xidmətinin yerləşməsi, eləcə də körpünün yaxınlığında su elektrik stansiyasının tikilməsi onun müstəsna strateji əhəmiyyət daşıdığını göstərir. Hələ, 2016-cı ilin fevralında Tehranda imzalanmış və həmin ilin iyununda Milli Məclisdə ratifikasiya olunmuş Xudafərin körpüsü üzərində hidroqovşaqların inşasına dair Saziş Azərbaycanla İran arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisini nəzərdə tuturdu. O zaman bəzi siyasi qüvvələr iddia edirdilər ki, saziş nəticəsində Araz çayı üzərində inşa olunan körpülər işğalçı Ermənistanla İran arasında kommunikasiyanı gücləndirəcək. Bu razılaşmanın mahiyyətini və strateji əhəmiyyətini dərk etməyənlər o zaman bunu az qala “İran-Ermənistan əməkdaşlığı”na şərait yaradılması kimi qələmə verir, hakimiyyətə qarşı ittihamlar irəli sürürdülər. Əslində, imzalanmış saziş Azərbaycanın ərazi bütövlüyünə əsaslanan beynəlxalq sənəd idi.
Xudafərinin işğaldan azad olunması Prezident İlham Əliyevin nə qədər uzaqgörən siyasi xadim olduğunu bir daha göstərdi. 2016-cı ildə imzalanan saziş işğalçı Ermənistanın Araz çayı üzərindəki qanunsuz fəaliyyətinin qarşısını aldı. Məsələyə bu günün reallığından, yəni, həmin ərazilərin işğaldan azad olunması prizmasından baxdıqda, aydın görmək olur ki, bu addımla həm də qarşıdan gələn dövrdə həmin bölgənin sosial-iqtisadi inkişafına böyük təkan verəcək mühüm bir layihə həyata keçirilib. Xudafərin körpüsü üzərində məlum layihələrin icra edilməsi işğaldan azad olunmuş ərazilərimizin bərpasında, sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq. Azərbaycan bu layihələrdən istifadə etməklə iqtisadi potensialını gücləndirəcək. Bu elektrik stansiyaları, hidroqovşaqlar vasitəsilə Azərbaycan işğaldan azad edilən ərazilərinin su və enerji təchizatı problemləri həll olunacaq, bölgənin qısa müddətdə bərpasına və inkişafına şərait yaranacaq. Bu, həm də Azərbaycan enerjisinin ixracı baxımından yeni imkanlar deməkdir.
Rəşad Ədilzadə Bakı Texniki Kollecin tələbəsi