03.10.2022 "Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir
Ulu Öndər Heydər Əliyevin neft strategiyasının ana xəttini təşkil edən "Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış "Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır.
"Əsrin müqaviləsi" bütövlükdə dövlətin və xalqın gələcək taleyində həlledici rol oynamaqla sabit və tarazlı inkişafa ciddi zəmin yaradan taleyüklü bir hadisə idi. "Əsrin müqaviləsi" eyni zamanda Azərbaycanın yüksək siyasi iradəsini, milli maraqlarını sonadək müdafiə etmək, təbii sərvətlərinə sahib çıxmaq əzminin təntənəsinin təcəssümü idi.
İllər keçdikcə, ölkə vətəndaşları müstəqil Azərbaycan dövlətçiliyinin memarı, dünya şöhrətli şəxsiyyət Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində əfsanədən gerçəkliyə çevrilən bu hadisənin əhəmiyyətini, bugünkü uğurların əsasında yeni neft strategiyasının dayandığını daha aydın şəkildə dərk edirlər. Məhz uğurlu neft strategiyası ölkəmizin beynəlxalq arenada nüfuz və mövqelərini möhkəmləndirməsi, milli mənafeyini yüksək səviyyədə təmin etməsi, Avratlantik məkanın enerji təhlükəsizliyinə mühüm töhfə verməsi baxımından müstəsna rol oynamışdır.
Heydər Əliyevin nümayiş etdirdiyi yüksək prinsipiallıq və qətiyyət bəhrəsini vermiş, 1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın inkişaf etmiş ölkələrinin tanınmış neft şirkətləri arasında "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və neft hasilatının pay bölgüsü haqqında" müqavilə imzalanmışdır. Beynəlxalq aləmdə yüksək qiymətləndirilərək "Əsrin müqaviləsi" adını almış həmin kontraktda 8 ölkənin 13 ən məşhur neft şirkəti iştirak etmiş, bununla da Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət olmuşdur. Belə bir müqavilənin ərsəyə gəlməsi təkcə respublikamız üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu üçün də strateji əhəmiyyət daşımışdır. Xüsusi vurğulamaq lazımdır ki, "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının həcminə, həm də qoyulan sərmayələrin məbləğinə görə dünyada bağlanan ən böyük sazişlər siyahısına daxil edilmişdir.
Yalnız "Əsrin müqaviləsi" çərçivəsində Qərb şirkətlərinin respublikamıza 20 milyard dollardan artıq investisiya yatırması Azərbaycana ən müasir innovasiya və informasiya texnologiyalarını gətirməklə yanaşı, demokratik proseslərin, hüquqi-siyasi islahatların sürətlənməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına, habelə Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq xəttinin güclənməsinə ciddi təkan vermişdir. Yeni texnologiyaların, müasir avadanlığın, maşın-mexanizmlərin istehsalatda tətbiqi, yeni idarəetmə metodlarının mənimsənilməsi, ən əsası Dövlət Neft Şirkətinin fəaliyyətinin beynəlxalq standartlar səviyyəsində qurulması da "Əsrin müqaviləsi"nin gətirdiyi dividendlər sırasında xüsusi vurğulana bilər.
"Əsrin müqaviləsi"nin imzalanmasından sonra hasil olunacaq milyonlarla ton xam neftin tamamilə təhlükəsiz, siyasi və iqtisadi cəhətdən məqbul variantlarla dünya bazarlarına çıxarılması da kifayət qədər mübahisəli və çətin məsələlərdən olmuşdur. Amma ulu öndər Heydər Əliyevin prinsipial və qətiyyətli mövqeyi, habelə o zaman ARDNŞ-in birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin nümayiş etdirdiyi diplomatik məharət, tərəfdaşı inandırmaq bacarığı sayəsində Azərbaycan neftinin nəqli marşrutları barədə optimal qərarlar qəbul edilmişdir. 1996-cı ilin yanvar ayında "Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəql edilməsi haqqında" Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hökumətlərarası saziş imzalanmış, 1997-ci ilin oktyabr ayında həmin xətt istifadəyə verilmişdir.
1997-ci ildə isə Azərbaycan və Gürcüstan hökumətləri arasında neftin Qara dənizə çıxarılması üçün Bakı-Tbilisi-Supsa marşrutu ilə nəqli nəzərdə tutan saziş imzalanmışdır. 1999-cu il aprelin 17-də ölkə tarixində daha bir əlamətdar hadisə baş vermiş, Azərbaycan, Gürcüstan və Ukrayna prezidentlərinin iştirakı ilə uzunluğu 850 km, illik buraxılış qabiliyyəti isə 5 milyon ton olan Bakı-Supsa neft kəməri, habelə Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilmişdir.
Əsas ixrac neft boru kəmərinin hansı ölkələrin ərazisindən keçəcəyi də "Əsrin müqaviləsi"ndə payı olan dövlətlər üçün strateji əhəmiyyətli məsələlərdən olmuşdur. Ulu öndər Heydər Əliyev bununla bağlı müdrik və uzaqgörən qərarını hələ ötən əsrin 90-cı illərinin ortalarında vermiş, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ideyasını ilk dəfə olaraq gündəmə gətirmişdir. BTC-nin üzərində israr edən Heydər Əliyev bunun siyasi və iqtisadi baxımdan ən optimal qərar olduğunu sübuta yetirmişdir.
1999-cu ilin noyabrında ATƏT-in İstanbul Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin çəkilməsi haqqında dövlətlərarası müqavilə imzalanmışdır. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında ümummilli lider Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyulmuş və tikintisinə başlanmışdır. Yeddi il sonra - 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir.
"Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın siyasi müstəqilliyini möhkəmləndirməklə yanaşı, respublikanın iqtisadi inkişafını təmin etmiş, ölkəyə xarici investisiya axınını gücləndirmiş, eyni zamanda maliyyə sabitliyinin təmin olunması iqtisadi modernləşmə istiqamətində effektiv tədbirlər həyata keçirilməsinə imkan vermişdir.
Nərmin Cəfərova Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantı