03.10.2022 Heydər Əliyevin azərbaycançılıq ideologiyası milli birlik və həmrəylik üçün böyük təməldir.

Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu siyasətinin tərkib hissəsidir. Tarixi, adət-ənənələri, milli fəlsəfi məfkurəni, təcrübəni və zəngin mədəniyyətimizin bütün çalarlarını özündə ehtiva edən azərbaycançılıq ideologiyasının müəllifi Heydər Əliyevdir. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrilmişdir.
Ötən əsrin sonlarına doğru çoxəsrlik tarixi mücadilənin yekunu kimi dövlətçiliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması da məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürdü. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi. Məhz Heydər Əliyev dühasının səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı.
Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri, onların Azərbaycana münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, habelə azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiyadır. Azərbaycançılıq millətindən asılı olmayaraq, özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrədir. Bu ideologiyanın pozitiv xarakteri həm də bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur.
Ulu öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq", - deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur.
Fəridə Rzayeva Nizami Rayon İcra Hakimiyyəti başçısının 2№-li SİƏD üzrə məsul işçisi