07.10.2022 Bizim hər hansı vasitəçiliyə ehtiyacımız yoxdur.
Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə baxmayaraq, məsələnin həllində qətiyyətsizlik nümayiş etdirdiklərini, bununla bağlı Ermənistana hər hansı bir təzyiqin göstərilmədiyini və nəticədə münaqişənin belə uzun müddətə uzanmasına səbəb olduğunu bildirmişdir. Dövlətimizin başcısı qeyd etmişdir ki, “Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə müəyyən mənada göz yummağa qərar verdi. Ən çox təəssüf doğuran odur ki, ATƏT-dən mandatı olan Minsk qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar.Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə müəyyən mənada göz yummağa qərar verdi. Ən çox təəssüf doğuran odur ki, ATƏT-dən mandatı olan Minsk qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar. İyirmi səkkiz illik belə dırnaqarası fəaliyyətləri dövründə onlar tərəfindən Ermənistanı qınamaq üçün bir söz belə deyilməyib. İndi biz bu Minsk qrupunu yenidən canlandırmaq istiqamətində bəzi səyləri görəndə, əlbəttə ki, bunu dəstəkləyə bilmərik, çünki onlar öz mandatlarını həyata keçirmək üçün heç nə etmədilər, onların gördüyü yeganə iş faktiki surətdə ondan ibarət olub ki, müəyyən mənada erməni təcavüzünü legitimləşdirməyə çalışıblar. Onlar təcavüzkar və təcavüz qurbanı arasında balans yaratmağa çalışıblar. Ona görə də bu gün Azərbaycan özü beynəlxalq hüququ bərpa edib, BMT qətnamələrini icra edib, BMT-nin Nizamnaməsini, xüsusilə də onun özünümüdafiə ilə bağlı müddəasından istifadə edərək bizim milli ləyaqətimizi bərpa edib. Bizim hər hansı vasitəçiliyə ehtiyacımız yoxdur”.
ATƏT-in Minsk Qrupu 30 ilə yaxın bir dövrü əhatə edən vasitəçilik missiyası uğursuzluğa düçar oldu. Azərbaycan dövlət başçısı və digər rəsmi şəxslər Minsk qrupunun yarıtmaz fəaliyyəti barədə dəfələrlə iradlarını bildirib və hətta həmsədrlərin dəyişdirilməsi məsələsini gündəmə gətirsələr də bu təkliflər nəticəsiz qaldı. Minsk qrupu münaqişənin həllində heç bir rol oynamadı və Ermənistanı Azərbaycan ərazilərindən çıxmağa vadar edə bilmədi. Minsk qrupunun illərdir etməli olduğu reallığı isə ordumuz 44 gün ərzində həyata keçirdi. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan, eləcə də bəzi beynəlxalq güclər zaman keçdikcə millətin bu işğalla barışacağını düşünür, fəaliyyətsiz mövqe sərgiləyirdilər. Vətən müharibəsi təsəvvürlərin tamamilə yanlış olduğunu bütün dünyaya göstərdi. Azərbaycan dövləti və milləti öz iradəsinin, torpaqlarını işğaldan azad etmək niyyətinin nə qədər ciddi olduğunu təsdiqlədi. 44 günlük müharibə göstərdi ki, Minsk Qrupuna ehtiyac yoxdur, biz özümüz onların fəaliyyətini reallığa çeviririk. Maraqlıdır ki, 30 ilə yaxındır münaqişənin tənzimlənməsi, haqq-ədalətin bərpa olunması üçün heç bir iş görməyən həmsədrlər müharibədən sonra aktivləşməyə başladılar, açıq-aşkar şəkildə ermənipərəst mövqelərini nümayiş etdirdilər. Minsk Qrupu tərəfsizliyin üstündən xətt çəkərək Ermənistanın yanında yer aldı.
Tarixi ədaləti, beynəlxalq hüququ öz gücümüzə bərpa etdiyimiz bir vaxtda yenidən Minsk Qrupunu dirçəltmək istəyirlər. Artıq münaqişə həllini tapıb, Ali Baş Komandan məsələni cəbhədə həll edib, indi də diplomatik masada həll edir. Ona görə Minsk Qrupuna heç bir ehtiyac hiss olunmur. Ancaq buna baxmayaraq həmsədrlər yenə də Dağlıq Qarabağın statusunun həll olunması ilə bağlı təkliflər irəli sürür və bu məsələni Minsk qrupunun gündəmində saxlayırlar. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlənməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. 2020-ci il 10 noyabr bəyanatında da Dağlıq Qarabağın statusu ilə bağlı heç bir ifadə işlədilməyib və belə bir mövzunun müzakirəyə çıxarılmayacağı bəyan olunub. 30 ilə yaxındır sülhə xidmət etməyən Minsk qrupu tərəflər arasında anlaşma yaratmaq yerinə, reallığa zidd bir tələblə gündəmə gəlməklə ermənipərəst siyasətini açıq şəkildə biruzə verir.
Əgər Minsk Qrupu yenidən danışıqlar prosesinə cəlb olunmaq istəyirsə qərəzsiz mövqe sərgiləməlidir. Təxribatçı bəyanatlarla heç bir danışıqdan söhbət gedə bilməz. Minsk Qrupu öz fəaliyyətini yeni reallıqlara uyğun qurmalı, sülh müqaviləsinin imzalanması, Ermənistanın normal qonşuluq siyasətinə məcbur edilməsi ilə məşğul olmalı, Azərbaycanla Ermənistan arasında qarşılıqlı etimad mühitinin formalaşmasını nəzərdə tutan təşəbbüslərlə çıxış etməlidir.
Dilqəm Əlirzayev Nizami rayon 70 saylı məktəb-liseyin direktor müavini, Qarabağ veteranı