Prezident İlham Əliyev Praqa görüşündə Ermənistan baş naziri Nikol Paşinyanın bütün hədəflərini bloklamaqla və onu Azərbaycanın ərazi bütövlüyünü tanıdığını etiraf edən sənədi imzalamağa məcbur etməklə, olduqca ciddi siyasi-diplomatik qələbə qazandı. Azərbaycanın ərazi bütüövlüyü və sərhədlərinin toxunulmazlığı BMT Nizamnaməsinə istinadla qarantiya altına alındı.
Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmauel Makron və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin 6 oktyabr 2022-ci il tarixdə Praqada keçirdikləri dördtərəfli görüşdə müəyyən irəliləyişlər əldə olunub. Bu, görüşdən sonra iştirakçı tərəflərin yaydığı bəyanatda yer alan bəzi məqamlarda da özünü qabarıq şəkildə göstərir. Yaxın gələcəkdə imzalanacaq Azərbaycan-Ermənistan yekun sülh sazişində bu məqamların həlledici təsiri ola bilər.
Həmin dördtərəfli bəyanata görə, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə, eləcə də 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını bir daha təsdiq ediblər. Alma-Ata Bəyannaməsinə əsasən, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır. Bu da gələcək sülh sazişinin imzalanması istiqamətində olduqca önəmli addım sayıla bilər.
İştirakçı tərəflər təsdiqləyiblər ki, bu sənəd delimitasiya komissiyalarının işi üçün əsas olacaq və komissiyaların növbəti iclası oktyabrın sonunadək məhz Brüsseldə keçiriləcək. Eyni zamanda, Ermənistan Avropa İttifaqının Azərbaycanla sərhəddə mülki missiyasını təşviq etməyə razılaşıb. Rəsmi Bakı isə həmin mülki missiya ilə Azərbaycana aid olacaq dərəcədə əməkdaşlığa razılıq verib.
Praqada imzalanmış sənədlə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü artıq tanımış oldu. 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsinə sadiqliyin vurğulanması məhz bunu ifadə edir. Çünki, həmin sənəddə Azərbaycanın milli maraqlarına zidd hər hansı ciddi məqam yoxdur. Bu sənəd yalnız Azərbaycan və Ermənistan arasında deyil, MDB-yə üzv olan bütün ölkələr tərəfindən imzalanıb və MDB-yə üzv olan bütün ölkələr həmin sənədi imzalamaqla, bir-birinin ərazi bütövlüyünü tanıyıblar.
Praqa Bəyanatında Azərbaycan və Ermənistanın BMT-nin Nizamnaməsinə sadiq olduqlarını vurğulamaları bu məsələdə iki qat qarantiya rolunu oynayır. Böyük ehtimalla BMT-nin Nizamnaməsinə sadiqlik məhz Azərbaycan Prezidenti İlham Əliyevin tələbi ilə sənədə qeyd olunub. Bu özlüyündə Azərbaycan üçün olduqca ciddi hüquqi müdafiə təminatı verir. Çünki BMT Nizamnaməsində üzv dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı ilə bağlı heç vaxt dəyişdirilməyəcək hökm mövcuddur və indi BMT Nizamnaməsi Azərbaycanın ərazi bütövlüyünün hüquqi qarantıdır.
Ermənistan BMT Nizamnaməsinə sadiqliyini vurğulamaqla, Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını bir daha qəbul etmiş olur. Yəni, rəsmi İrəvan “Dağlıq Qarabağı” Azərbaycan ərazisi kimi tanıyır və bundan sonra heç bir halda, ərazi iddiaları irəli sürə bilməz. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin Praqada Ermənistan və Fransa rəhbərləri üzərində qazandığı böyük siyasi-diplomatik qələbəsidir.
Həqiqət Gülalıyeva Nizami rayonu 210 saylı məktəbin direktoru, tarixçi