Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq Azərbaycanın xarici siyasət doktrinasında mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir. Rəsmi Bakı Avropa İttifaqı ilə bir sıra hüquqi sazişlər imzalamaqla azad bazar iqtisadiyyatının tam bərqərar olması, insan hüquqlarına və milli azlıqların hüquqlarına riayət edilməsi məsələlərinə dair təşkilata nəzarət -- yoxlama səlahiyyətləri vermiş, əvəzində qurumdan ölkəmizə qarşı hər hansı diskriminasiya xarakterli qərarın qəbul olunmayacağına təminat almışdır.
Azərbaycanın Avropa İttifaqı ilə çoxtərəfli əməkdaşlığa və tərəfdaşlığa böyük önəm verməsi getdikcə bu qurumla münasibətləri daha da möhkəmləndirir.
Azərbaycan “Avropa qonşuluq siyasətinə” qoşulduqdan bir neçə il sonra ölkəmizlə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanmış, 2008-ci ildə isə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına qoşulmaqla siyasi, iqtisadi əməkdaşlığı daha da genişləndirmiş və qarşılıqlı əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında ticarət əlaqələri daha da gücləndirilir, texnologiyalar sahəsində yeni uğurlara imza atılır və informasiya əməkdaşlığı daha da inkişaf etdirilir. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda Avropa İttifaqının əsas tərəfdaşlarından biridir. Çünki Avropa İttifaqı ölkələrinin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsində Azərbaycan əsas yer tutur.
Respublikamızın Avropa İttifaqı ilə əlaqələrinin daha da möhkəmləndirilməsi xarici siyasətimizin prioritetlərindəndir. Avropa İttifaqının qəbul etdiyi bir sıra sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunur. Avropa Komissiyası ilə Azərbaycan arasında qəbul olunan çox mühüm sənəd hesab olunan “Tərəfdaşlıq prioritetləri”ndə bu məsələlər öz əksini tapıb.
Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu sahədə ölkəmiz Avropa İttifaqının etibarlı tərəfdaşıdır. Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var.
Oktyabrın 6-da Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti keçirdiyi görüşlərin, imzalanmış sənədlər və qarşıda duran əsas məsələlərlə bağlı Azərbaycan televizisiyasına verdiyi müsahibədə Azərbaycan Avropa əlaqələrinin dinamik inkişaf etdiyini, ölkəmizin Avropa üçün artan əhəmiyyətini bir daha vurğulayıb: “Bir sıra istiqamətlər üzrə çox fəal əməkdaşlıq aparılır, əlbəttə ki, ilk növbədə, enerji sahəsində. Buna misal olaraq bu ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumunu qeyd edə bilərəm. Bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var.
Avropa İttifaqı bizim üçün çox önəmli tərəfdaşdır və yeni saziş üzərində iş aparılır. Sazişin böyük əksəriyyəti artıq razılaşdırılmışdır və qalan məsələlər o qədər də böyük prinsipial xarakter daşımır. Nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradılıb. Çünki Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa üçün də çox önəmlidir. Həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərini nəzərdə tuturam. Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Azərbaycanın geosiyasi məkanda artan rolu, əlbəttə, iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir. Yəni, bir çox sahələr üzrə - əlbəttə ki, təhsil, humanitar sahə çox önəmlidir. Mən deyə bilərəm ki, son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı kəskin artıb, eyni zamanda, mahiyyət də yeni müstəviyə çıxıb və qarşılıqlı etimad artıb. Mən bunu çox yüksək qiymətləndirirəm”.
Nurlan Hüseynov Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi