12.10.2022 Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevi siyasətinin şah əsəridir.

Ulu Öndər Heydər Əliyevin təhlükəsizlik siyasəti və strategiyası, ordu quruculuğu ilə bağlı başladığı işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı Prezident İlham Əliyev bununla bağlı deyib: "Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.
Ötən 19 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan modernləşmə islahatları və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri dövlət başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir. Dövlət başçısı təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən orqan və qurumlar içərisində, ilk növbədə, ölkəmizin hərbi təhlükəsizliyinin qarantı olan ordu quruculuğu və Silahlı Qüvvələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi istiqamətində çox gərgin, səmərəli və məqsədyönlü iş apardı. Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşıda dayanan əsas vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin daim artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsidir. Bundan irəli gələrək Azərbaycanın maliyyə imkanlarının artması nəticəsində ötən illərdə ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi üçün bu sahədə qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirilib. İstər quru qoşunlarının, istər hərbi hava qüvvələrinin, istərsə də hava hücumundan müdafiə sistemlərinin döyüş imkanları ən müasir tələblər səviyyəsinə çatdırılıb. Bu mənada inkişafın Azərbaycan nümunəsinin əsas göstəricilərindən biri də ordumuzun qüdrətlənməsi, döyüş qabiliyyətini artırmasıdır. Bu gün Azərbaycan ordusu Cənubi Qafqazın ən qüdrətli ordusuna malikdir və dünyanın ən güclü 50 ordusu sırasında yer alır.
2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.
Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir.
Heydər Rəhimov
Qarabağ veteranı, ehtiyatda olan zabit