12.10.2022 Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan neft strategiyası Prezident İlham Əliyevin birbaşa rəhbərliyi dinamik inkişaf edərək dövlət siyasətimizin əsas sütünuna çevrildi.
1994-cü il sentyabr ayının 20-də bağlanmış “Əsrin müqaviləsi”ndən başlayaraq ölkəmiz dünya neft aləmində öz nüfuzunu artırmağa başladı. Neft sazişləri imzalandığı vaxtdan Azərbaycan yeni inkişaf erasına qədəm qoydu və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə uğurla irəliləməkdədir. Neft sazişlərinin əhəmiyyətinin ən dolğun mahiyyətini ölkəmizin başçısı İlham Əliyev belə şərh etmişdir: «Bu, bizim üçün həyatda qalmaq layihəsi idi. Bu, bizim üçün dövlətçiliyimizi, iqtisadiyyatımızı gücləndirmək, insanlarımızın daha yaxşı həyatını təmin etmək layihəsi idi. Bunlar hamısı baş verdi. Bizim nümunəmizdə neft lənət deyildi. Neft uğur qazanmaq, güclü ölkə qurmaq, insanlara normal həyat vermək, sabitlik, təhlükəsizlik, qonşularımızla harmoniyada yaşamaq üçün vasitələrdən, ən vacib vasitələrdən biri idi».
Azərbaycanın neft strategiyası haqlı olaraq uzunmüddətli milli inkişaf proqramı kimi dəyərləndirilir. Bu strategiyanın əsas qayəsi ölkənin enerji resurslarının iqtisadi dövriyyəyə cəlb olunması və bunun da əsasında yeni müstəqil dövlətimizin milli təhlükəsizliyini təmin etmək, sosial-iqtisadi inkişafa dayanıqlı xarakter vermək, ölkəmizin üzləşdiyi problemləri çözməklə gələcək nəsillərin firavan yaşaması üçün maddi bazanın formalaşmasıdır.
Prezident İlham Əliyevin uğurlu neft siyasəti ölkəmizə qoyulan xarici investisiyaları nəinki artırdı, hətta Azərbaycan dövləti xarici ölkələrə irihəcmli investisyalar qoymağa nail oldu. Məhz Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində SOCAR-ın maliyyəsi ilə inşa olunan Star Neft Emalı Zavodu buna canlı misaldır. 2018-ci ilin oktyabrın 19-da fəaliyyətə başlayan, ümumi investisiya dəyəri 6,3 milyard ABŞ dolları təşkil edən zavodda ildə 10 milyon ton xam neft emalı edilir.
Prezident İlham Əliyevin neft strategiyasının digər önəmli mərhələsi 2017-ci ilin 14 sentyabr tarixidir. Bu tarixdə Azərbaycan hökuməti və BP başda olmaqla beynəlxalq konsorsium ilə «Azəri-Çıraq-Günəşli» neft-qaz yatağının 2050-ci ilə qədər işlənməsi haqqında yeni, ölkəmiz üçün daha əlverişli şərtlərlə saziş imzalandı.
Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu.
Dünya enerji bazarında. xüsusilə də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın fəal iştirakının təmin olunması Prezident İlham Əliyevin müstəsna xidmətlərindən sayılır. Bu sahədə Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması uzaqgörən siyasətin tərkib hissəsidir.
Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Dəhliz, eyni zamanda, çox sayda müxtəlif maraqlı tərəfləri, o cümlədən 7 hökuməti və 11 şirkəti özündə əhatə edən mürəkkəb layihədir. Bu layihə dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. 2018-ci il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirildi və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vuruldu.
Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi Xəzər regionundakı müəyyən qaz ehtiyatını Avropa bazarına daşımaqla dünyanın enerji xəritəsini dəyişdi.
Cənub Qaz Dəhlizinin reallaşması birbaşa Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində baş verib. Dövlət başçısının qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi ilə bağlı müzakirələr aparılan zaman bu layihənin reallaşacağına çoxu ümid etmirdi. Layihənin xərclər smetası böyük idi, maliyyələşmə məsələləri var idi. Bütün bunlara baxmayaraq, Azərbaycanın dəstəyi hesabına region üçün ən böyük layihə gerçəkləşdi. Ümumiyyətlə, Azərbaycanın dəstəyi və təşəbbüsü olmasaydı, Cənub Qaz Dəhlizinin reallaşması mümkün deyildi.
Layihə çərçivəsində Azərbaycan onunla müttəfiq olan ölkələrlə əlaqələrini daha da gücləndirdi. TANAP və Cənub Qaz Dəhlizi Azərbaycanın həyata keçirdiyi təşəbbüsdür. Region hələ uzun müddət dövlətimizin başçısının siyasi iradəsi nəticəsində reallaşmış bu təşəbbüsdən faydalana biləcək və öz enerji təhlükəsizliyini formalaşdırmış olacaq.

Fərmin Quliyev
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi