Oktyabrın 12-də Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov açılış mərasimində iştirak ediblər.
Heydər Əliyev adına 20 nömrəli Məktəb-Gimnaziya Kompleksində tədris iki növbəlidir. məktəb binasında sinif otaqları, zəngin fonda malik kitabxana, 2 akt zalı, yeməkxana, idman zalları, basketbol, voleybol, futbol meydançaları, xoreoqrafiya zalları, tibb məntəqələri, estetik studiyalar var.
Qırğızıstanda bu məktəbin açılışı ikitərəfli münasibətlərdə əlamətdar hadisədir və bizim xalqların möhkəm dostluğuna, ölkələrimiz arasında əsası beynəlxalq miqyaslı tarixi şəxsiyyət, Azərbaycanın Ümummilli Lideri, hörmətli Heydər Əlirza oğlu Əliyev tərəfindən qoyulmuş strateji əməkdaşlığa dəlalət edir.
Dövlət başçıları açılış mərasimində çıxış ediblər. Qırğız Respublikasının Prezidenti çıxışında qeyd edib ki, məktəbə Heydər Əliyevin adının verilməsi bizim üçün böyük şərəfdir, çünki bu böyük şəxsiyyətdə təkcə Azərbaycan xalqının ümidləri və istəkləri cəmlənməyib. Tutduğu vəzifədən asılı olmayaraq – respublika Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi vəzifəsində işləyərkən, yaxud da özünün kiçik Vətəni – Naxçıvanda olarkən Heydər Əliyev öz dövrünün görkəmli nümayəndəsi, incə və dərin düşünən mütəfəkkiri, böyükürəkli insanı olub.
Həmçinin Prezidenti Sadır Japarov bildirib ki, “Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olanda, SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini işləyəndə Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən vacib sahələrinə rəhbərlik edib. Onun olduqca zəngin siyasi və dövlətçilik təcrübəsi, xalqın mənafeyinin müdafiəsində qətiyyəti və prinsipiallığı, müdrikliyi və yüksək insani keyfiyyətləri haqlı olaraq ona Azərbaycanın hüdudlarından kənarda da hörmət qazandırıb. Mən ümidvar olduğumu bildirirəm ki, gələcəkdə bu məktəbdən Heydər Əliyev kimi şəxsiyyətlər çıxacaq. Heç bir şübhə yoxdur ki, bizim gənc soydaşlarımız qardaş xalqlarımız və ölkələrimiz arasında dostluq və əməkdaşlığın möhkəm körpüsünə çevriləcəklər. Gənclərə gözəl təhsil, tərbiyə almağı, tələbedilən olmağı, Qırğızıstan və Azərbaycan arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsi işinə öz töhfələrini verməyi arzulayıram”.
Dövlətimizin başçısı öz çıxışında Qırğızıstan Prezidentinə bu məktəbə Azərbaycanın görkəmli oğlu Heydər Əliyevin adının verilməsi qərarına görə təşəkkürünü bildirib və vurğulayıb ki, “ Bu, Bişkekin ən böyük məktəblərindən biridir. Biz bunu xalqlarımız arasında dostluğun, qardaşlığın rəmzi, Heydər Əliyevin xatirəsinə ehtiram kimi dəyərləndiririk.
Qırğızıstan Prezidentinin vurğuladığı kimi, Heydər Əliyev tarixdə dərin iz buraxan görkəmli şəxsiyyətdir. O, iş yerindən və ictimai-siyasi quruluş formasından asılı olmayaraq, həmişə – istər Sovet dövründə Azərbaycanın rəhbəri olaraq, Azərbaycan Respublikasını sosial-iqtisadi inkişaf üzrə son yerlərdən keçmiş SSRİ-nin qabaqcıl respublikaları sırasına çıxaranda, istər SSRİ-nin iqtisadiyyat, sənaye potensialının nəhəng istiqamətlərinə rəhbərlik edəndə, istər hökumət sədrinin birinci müavini olduğu vaxtlarda, istərsə də xalqın tələbi ilə gənc Azərbaycan Respublikasını iflasa uğramaqdan xilas etməyə çağırıldığı vaxt, gənc Azərbaycan dövləti üçün ən çətin dövrdə ona rəhbərlik edəndə Azərbaycanın maraqlarını müdafiə edib.
Mən Heydər Əliyevin xatirəsinə bu cür ehtirama görə Qırğızıstan Prezidentinə, qardaş Qırğız xalqına bir daha təşəkkür etmək istərdim. Bütün Azərbaycan xalqına bugünkü belə gözəl hədiyyənizə görə təşəkkür edirəm. Qardaş Qırğızıstan xalqına sülh, firavanlıq arzulayıram”.
Qəhrəman Qasımov Əməkdar müəllim, Qarabağ veteranı