Azərbaycanla Qırğızıstan arasında yaranan uğurlu dövlətçilik münasibətlərinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və "Manas" eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ilk dəfə Qırğızıstana səfərindən sonra ildən-ilə inkişaf edən münasibətlər hazırda iki ölkə arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Cari il aprelin 20-də Qırğızıstan Prezidenti Sadır Japarov ölkəmizdə rəsmi səfərdə olub. Səfər zamanı "Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə" imzalanıb.
Prezident İlham Əliyev Qırğız Respublikasına 11 oktyabrda dövlət səfəri ikitərəfli münasibətlərin inkişafında xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində dövlətimizin başçısı ikitərəfli danışıqlar aparıb, həmçinin Dövlətlərarası Şuranın I iclasında iştirak edib. Daha sonra Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərəsimi olub. Prezidentlər mətbuata bəyanatlarla çıxışlar ediblər.
Səfər zamanı Prezident İlham Əliyev Qırğız dövlətçiliyinin ən mühüm inkişaf mərhələlərinin tarixi yaddaşının bərpası və qorunub saxlanılmasını özündə əks etdirən "Ata-Beyt" Milli Tarixi-Memorial Kompleksini ziyarət edib, abidənin önünə əklil qoyub. Dövlətimizin başçısı görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun məzarını da ziyarət edib və üzərinə gül dəstəsi qoyub.
Azərbaycan Prezidentinin iştirakı ilə Qırğızıstan-Azərbaycan Dostluq Parkının, habelə Heydər Əliyev və Nizami Gəncəvi adına ümumtəhsil məktəbinin açılışı olub.
Azərbaycan-Qırğızıstan dostluq əlaqələrini yüksək qiymətləndirən Qırğız Respublikasının Prezidenti Sadır Japarov bu əlaqələrin inkişafında və möhkəmləndirilməsində Prezident İlham Əliyevin gərgin əməyini xüsusi qiymətləndirib: "Cari ildə Qırğız Respublikası və Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlər fəallaşıb, strateji tərəfdaşlığının tamamilə yeni mərhələsinə qədəm qoyub. Bu əsasən Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin şəxsi diqqət və dəstəyi sayəsində mümkün olub.
Hörmətli İlham Heydər oğlu, Sizin ölkənin milli maraqlarının təmin edilməsinə və müdafiəsinə, onun dünya ictimaiyyəti arasında beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə istiqamətlənmiş geniş qurucu fəaliyyətinizi xüsusilə qeyd etmək istəyirəm. Sizin şəxsi diqqətiniz və Qırğızıstanla bütün istiqamətlərdə əməkdaşlığı dərinləşdirmək istəyiniz bizim ölkədə hörmət və dəstəklə qarşılanır. Vurğulamaq istəyirəm ki, bizim üçün zamanın sınağından çıxmış qardaş Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin inkişafı mühüm əhəmiyyət kəsb edir".
Öz növbəsində Prezident İlham Əliyev səmimi qonaqpərvərliyə görə Qırğız Respublikasının Prezidenti Sadır Japarova öz minnətdarlığını çatdırıb və bu səfərin iki dost ölkələr arasında münasibətlərin daha da inkişafı və möhkəmləndilməsi istiqamətində çox dəyərli olacağını qeyd edib: “Bizim ortaq tariximiz var, biz bir-birimizi başa düşür, bir-birimizi dəstəkləyirik. Bu gün mən Prezidentlə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üzrə fikir mübadiləsi də apardıq. Orada da əməkdaşlıq səmimidir və qarşılıqlı dəstəyə əsaslanıb. Mən dəvətə və qonaqpərvərliyə görə Prezidentə bir daha təşəkkürümü bildirmək istərdim. Bir daha qardaş Qırğızıstan torpağında olmağımdan şadam. Fürsətdən istifadə edərək, Qırğızıstan xalqına sülh, əmin-amanlıq, uğurlar arzulayıram. Azərbaycan xalqının dərin ehtiramını qardaş Qırğız xalqına çatdırıram”.
Bütün bunlar onu deməyə əsas verir ki, diplomatik əlaqələr yarandığı gündən Qırğızıstan-Azərbaycan ikitərəfli əməkdaşlığı qarşılıqlı faydalı tərəfdaşlıq, dostluq əsasında qurulmuş və bütövlükdə siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəniyyət və digər sahələrdə uğurla inkişaf etmişdir. Görünən odur ki, Azərbaycan digər türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini etibarlı şəkildə davam etdirir. Hər iki ölkənin məqsədi türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə verməkdir. Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri, Prezident Sadır Japarov ilə görüşü, imzalanan sənədlər və liderlərin səsləndirdiyi fikirlər iki qardaş ölkənin münasibətlərində hərtərəfli əməkdaşlığa hesablanan yeni mərhələnin əsasının qoyulduğunu deməyə əsas verir. Bütün bunlar türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin inkişafında nümunəyə çevrilir.
Fəridə Rzayeva Nizami Rayon İcra Hakimiyyəti başçısının 2№-li SİƏD üzrə məsul işçisi