Bildiyimiz kimi oktyabr ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılıq etdiyi geniş tərkibli nümayəndə heyətinin dost və qardaş ölkə Qırğızıstana rəsmi-işgüzar səfəri oldu. Şəxsən Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Bişkek şəhərinin “Manas” Beynəlxalq Hava Limanında ölkə rəhbərimizi təmtəraqlı mərasimlə qarşıladı. Məlumat üçün bildirmək istəyirəm ki, bu artıq ölkə rəhbərləri səviyyəsində olan bu ilin ikinci görüşüdür. İlk görüş Qırğızıstan Respublikasının Prezidenti tərəfindən bu ilin aprel ayında Bakıda baş tutan səfərdir.
Qırğızıstan və Azərbaycan illərin sınaqdan çıxmış, ortaq tarixi, mədəniyyəti, ənənələri və eyni kökü olan qardaşlaşmış xalqıdır. İllərlə davam edən və daha da möhkəmlənən bu münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Sevindirici haldır ki, Qırğızıstan-Azərbaycan münasibətləri hərtərəfli inkişaf edir və heç bir siyası fikir ayrılığımız yoxdur. Hər iki ölkə təmsil olunduqları beynəlxalq təşkilatlarda da bir-birini hər zaman dəstəkləyirlər.
Səfər zamanı iqtisadi, mədəni-humanitar və nəqliyyat sahəsində bir çox sənədlər imzalandı. Daha sonra Bişkek şəhərində Nizami Gəncəvinin adına 103 saylı məktəbin açılışı oldu. Belə böyük məktəbə dahi şairimizin adının verilməsi xalqımıza, onun mədəniyyətinə və tarixinə olan hörmətdən xəbər verir. Görüş zamanı hər iki ölkənin başçısı dostluq və qardaşlıq münasibətlərinin rəmzi olan Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılış lentini kəsdilər.
Səfər çərçivəsində ölkə rəhbərlərinin iştirakı ilə ikitərəfli münasibətlərin möhkəmlənməsində xüsusi xidmətləri olmuş Azərbaycanın ümummilli lideri dahi şəxsiyyət Heydər Əliyevin adına 20 saylı Məktəb-Gimnaziya kompleksinin açılışı oldu. Əlbətdə Ulu öndərin əziz xatirəsinə belə yüksək ehtiramla yanaşılması bizim hər birimizi sevindirir.
Mövcud geosiyasi durumda nəqliyyat-tranzit əlaqələrinin önəminin daha da artdığını nəzərə alsaq, ölkə rəhbərinin Qırğızıstana səfərini çox vacib və məhsuldar hesab edirik. Düşünürəm ki, yaxın gələcəkdə səfər zamanı imzalanmış müqavilələr və razılaşdırılmış məsələlər öz müsbət bəhrəsini verəcək.
Eldəniz Zeynalov Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi