13 oktyabr tarixində Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev plenar iclasda iştirak edib. Dövlətimizin başçısı iclasda çıxış edib.
AQEM-in çağırılması haqqında təşəbbüs ilk dəfə 5 oktyabr 1992-ci ildə Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayev tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı irəli sürülmüşdür. Bu təşəbbüsün irəli sürülməsində əsas məqsəd Asiyada sülh və təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal təşkilat təsis etmək olmuşdur.
Hazırda 28 üzvü olan AQEM-in fəaliyyətini tənzimləyən əsas sənədlər 1999-cu ildə qəbul edilmiş “AQEM üzv dövlətləri arasında münasibətlərin rəhbəredici prinsipləri haqqında Bəyannamə” və 2002-ci ildə qəbul edilmiş Almatı Aktıdır. Müşavirənin inzibati orqanı Nur-Sultan şəhərində yerləşən Katiblikdir. AQEM-in əsas qərar qəbul etmə orqanları Dövlət və Hökumət Başçılarının Görüşü (dörd ildən bir keçirilir), Xarici İşlər Nazirlərinin Görüşü (prosedur qaydalarına uyğun olaraq iki ildən bir keçirilir) və Yüksək Vəzifəli Şəxslər Komitəsidir (azı ildə bir dəfə toplanır).
Azərbaycan Nursultan Nazarbayevin AQEM-in çağırılması ilə bağlı təşəbbüsünü dəstəkləyən ilk dövlətlərdən biri olmuşdur və hazırda da AQEM çərçivəsində əməkdaşlıqda fəal iştirak edir. Ölkəmiz “Təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi” sahəsində etimad-quruculuğu tədbirinin əlaqələndiricisi funksiyalarını yerinə yetirməkdədir. Bu xüsusda, Azərbaycan tərəfi 20-21 aprel 2011-ci il tarixlərində Bakıda sözügedən etimad-quruculuğu sahəsində ekspertlərin görüşünə ev sahibliyi etmişdir. 23 sentyabr 2021-ci il tarixində isə “Nəqliyyat və logistika əməliyyatlarında rəqəmsallaşmanın gücləndirilməsi istiqamətində əməkdaşlığın təşviqi” mövzusunda ekspertlərin növbəti görüşü virtual formatda Azərbaycan tərəfindən təşkil edilmişdir. 2018-ci ilin 13-14 aprel tarixlərində Bakıda “Sülh, təhlükəsizlik və davamlılıq kontekstində beynəlxalq gənclər əməkdaşlığı” mövzusunda AQEM-in Gənclər Şurasının üçüncü konfransı da təşkil edilmişdir.
AQEM-in Zirvə görüşlərinin yekun bəyannamələrində, eləcə də Nazirlər iclaslarının sənədlərində davamlı olaraq separatizm dövlətlərin sabitliyi, suverenliyi və ərazi bütövlüklərinə olan təhdid kimi pislənilmiş və üzv-dövlətlər arasındakı münasibətlərin bir-birinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında qurulmalı olduğu qeyd edilmişdir.
Bu gün beynəlxalq münasibətlər sistemində müəyyən gərginliklər müşahidə olunmaqdadır, dünyada gedən müxtəlif xoşagəlməz proseslər də narahatlıq yaradır. Əlbəttə ki, silahlı münaqişələr, terrorizm, irqçilik, radikalizm, dözümsüzlük və kiber təhlükələr beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi risklər doğurur. Beynəlxalq və regional təhlükəsizlik isə bir-birilə sıx bağlıdır. Dünyanın hər hansı bir bölgəsində sülh və sabitliyin pozulması digər regionlarda da təhlükəsizlik üçün təhdidlərə yol açır. Bu təhdidlər isə region ölkələri arasında əməkdaşlığın daha da gücləndirilməsini zəruri edir.
Asiya regionunda sülhün və təhlükəsizliyin təmin edilməsi bu gün ümumi məqsədə çevrilib və bu mənada bütün sahələrdə birgə əməkdaşlığa önəm verilməli, regionda mövcud olan tolerantlığın qorunması üçün birgə əməkdaşlığın inkişafına maneə törədən qüvvələrə, təhdidlərə qarşı birlikdə mübarizə aparılmalıdır.
Lalə Müseyibova Nizami rayonu 210 saylı məktəbin direktor müavini