Prezident İlham Əliyev oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı son günlərdə Fransa Prezidentinin verdiyi bəyanatlarına münasibətini bildirib, iştirakçı dövlətlərin rəhbərlərinə Azərbaycanın mövqeyini bəyan edib.
Emmanuel Makron Fransa televiziyasına verdiyi müsahibəsində "Moskva gərginliyi Azərbaycanın xeyrinə qızışdırmaqla məşğuldur. Son iki ildə sərhəddə nə baş verir... 5000 Rusiya əsgəri guya sərhəddə təhlükəsizlik təmin etmək üçün orada yerləşir, lakin ruslar bu, bir neçə yüz illik münaqişədən istifadə edib, Türkiyənin də iştirakı ilə Azərbaycanla oyuna qatılıb və nə vaxtsa yaxın olduqları bir ölkə olan Ermənistanı zəiflətmək üçün geri dönüb" fikirlərini səsləndirib. Fransa Prezidentinin bu bəyanatı Britaniya, ABŞ və Rusiyanın qəzəbinə səbəb olub. Azərbaycan Prezidenti isə Emmanuel Makronun sözlərini "təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli" adlandırıb.
İlham Əliyev deyib: Daha sonra bəyan edildi ki, Fransa heç vaxt Ermənistanı atmayacaq. Ancaq, necə deyərlər, bu, ikitərəfli münasibətlər məsələsidir. Həmçinin Rusiya Federasiyasının ünvanına “Rusiya Azərbaycan oyununu oynadı” kimi qərəzli bəyanatlar səsləndirildi. Böyük ölkənin Prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy, Fransa ictimaiyyəti müəyyən etsin. Biz isə öz tərəfimizdən belə bəyanatları qəti surətdə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük.
Azərbaycan Prezidenti Makronun çıxışını Azərbaycanla bağlı faktların manipulyasiyası adlandırıb. Cənab Əliyev deyib: “Həmin bəyanat Fransa və dünya ictimaiyyətini çaşdırmağa cəhddir. Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlarda o, Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik.
Bundan başqa, Fransanın xarici işlər naziri Azərbaycanın əleyhinə yalan bəyanatlar verib, Fransa Senatı və aşağı palata İkinci Qarabağ müharibəsi dövründə qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul ediblər. Baxmayaraq ki, hətta Ermənistan özü onu tanımayıb. Bizə məlumdur ki, noyabrın ortalarına Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə hazırlanır. Beləliklə, təəssüf ki, Fransanın indiki rəhbərliyi əvvəlkilərdən fərqli olaraq, - mənim isə Prezident Şirakla da, Prezident Sarkozi ilə də, Prezident Ollandla da kifayət qədər sıx ünsiyyət qurmaq imkanım var idi və münasibətlər kifayət qədər ölçülüb-biçilmiş, kifayət qədər mehriban idi və Fransada müəyyən erməni diasporu amilinə baxmayaraq, biz həmişə Fransanın əvvəlki prezidentlərinin fəaliyyətini balanslaşdırılmış qəbul edirdik, - mahiyyət etibarilə bütün bunların üstündən xətt çəkdi. Buna görə də istərdim ki, həmkarlarımı bu vəziyyət barədə məlumatlandırım.
Azərbaycanın Parisdəki səfirliyinə iki dəfə basqın edildi. Özü də birinci hücumdan sonra Fransa Prezidenti vəd vermişdir ki, bunun təkrarlanmaması məqsədilə tədbir görüləcək. Lakin bu doğru olmadı. Birinci vandalizm aktından və səfirliyin binasına soxulmaq cəhdindən sonra Azərbaycan səfirliyinin qarşısında qoyulmuş mühafizə götürüldü. Mühafizə götürülən kimi ikinci basqın cəhdi oldu, təhqiramiz yazılar oldu, Azərbaycan səfirliyinə hücum edən özündən çıxmış radikalların izdihamı oldu. Bu, qətiyyən yolverilməzdir və bütün diplomatik konvensiyaların pozulması deməkdir”.
Erməni havadarlarının başında duran Fransanın növbəti hədyan bəyanatlarının qarşısı cənab Prezidentimizin diplomatik bacarığı ilə elə yerindəcə alındı. Azərbaycanın haqq işi bir daha Astanadan dünyaya bəyan olundu.
Heydər Rəhimov Nizami Bələdiyyəsi sədrinin I müavini, Qarabağ veteranı