Füzuli şəhəri və rayonun böyük hissəsi 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Sonradan Prezident Heydər Əliyevin rəhbərliyi ilə aparılmış hərbi əməliyyatlarla Azərbaycan Silahlı Qüvvələri rayonun 22 yaşayış məntəqəsini işğaldan azad etmişdi. Həmin vaxt işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50 faizə qədəri yaşayır. Füzulinin azad olunması Ordumuzun Zəfər yürüşünə yol açdı və ona əlavə mənəvi güc verdi.
Zəngin infrastruktura və tarixi abidələrə malik olmuş Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd var idi. Füzuli rayonu tarixi-dini abidələrlə də zəngin idi. Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərindən biri idi. Uğurlu Füzuli əməliyyatı ilə, həmçinin Cəbrayıl və Xocavənd rayonunun da bir sıra yaşayış məntəqələri Ordumuz tərəfindən azad edildi. Əlbəttə ki, Füzulinin azad edilməsi hərbçilərimizin böyük peşəkarlığı, məharəti və fədakarlığı sayəsində mümkün oldu. 30 il ərzində düşmənin təmas xəttində möhkəm istehkamlar qurmasına və hətta ən tanınmış hərbi mütəxəssislərin belə, Füzulini işğaldan azad etmək üçün aylarla vaxt lazım olacağı barədə proqnozlarına baxmayaraq, qəhrəman Azərbaycan Ordusu mümkünsüzü mümkünə çevirdi. Vətən müharibəsinin gedişində strateji əhəmiyyət kəsb edən Füzuli əməliyyatı ilə qədim yaşayış məskənimiz işğaldan azad olundu. Azərbaycan Ordusu döyüş meydanında xalqımızın qisasını aldı və həlak olanların qanı yerdə qalmadı.
17 oktyabr- nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaq. Müharibənin hər günü 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımız üçün demək olar ki, bir ilə bərabər idi. Böyükdən kiçiyə hamı ön cəbhədə gedən döyüşləri izləyir, Qələbə xəbərlərini gözləyirdi. Bu gün füzulilər, ümumilikdə xalqımız sevinclidir. Torpaqlarımızın xilaskarı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə fəxr edir və hədsiz qürur duyurlar. Bəli, bu gün işğaldan azad edilən bütün ərazilər, o cümlədən Füzuli öz tarixinin ən parlaq və qürurverici günlərinə şahidlik edir.
Hər bir azərbaycanlı Vətənimizin bütövlüyü uğrunda canını fəda edən qəhrəman şəhidlərimizi rəhmət və ehtiram, qazilərimizi böyük minnətdarlıqla yad edir və edəcəkdir. Çünki Vətən fədailərimiz torpaqlarımızın işğal günlərini öz qanları ilə yuyub, yaddaşlarda Qələbə-Zəfər tarixlərini yazdılar.
Fəridə Rzayeva Nizami Rayon İcra Hakimiyyəti başçısının 2№-li SİƏD üzrə məsul əməkdaş