Azərbaycan və Türkiyə birlikdə tarix yazır. Azərbaycan-Türkiyə birliyinin dostluq, qardaşlıq və müttəfiqliyin rəmzinə çevrilib. Dünyada dil və etnik baxımdan bir-birinə yaxın ölkələrin çox olması fonunda Azərbaycan-Türkiyə birliyinin nümunəvi xarakter daşıyır. Bu aspektdə Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyip Ərdoğanın dostluğu və liderlik fenomeni də xüsusi vurğulamaq lazımdır. Hər iki lider öz əməli fəaliyyəti ilə milli maraqları hər şeydən üstün tutduqlarını və qətiyyətlə qoruduqlarını nümayiş etdirirlər. Həyata keçirilən müstəqil və qətiyyətli siyasət nəticəsində Türkiyə qlobal güc amilinə çevrilib.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ilə qədər işğal altında olan torpaqlarını azad edən, böyük iqtisadi uğurlara imza atan Azərbaycana da dünyada xüsusi hörmətlə yanaşılır. Ümumiyyətlə, bu gün öz liderlərinin sayəsində Türkiyə və Azərbaycan böyük uğurlar əldə etmiş, bütün dünyada prinsipial, cəsarətli, düşünülmüş siyasət yürüdən ölkələr kimi tanınır və qəbul edilirlər. Şuşa şəhərində imzalanan tarixi Şuşa Bəyannaməsi isə Azərbaycan və Türkiyə əlaqələri rəsmən müttəfiqlik səviyyəsinə qaldırıb. Bu səbəbdən də bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib. Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakı ilə Zəngəzur dəhlizinin təməlinin qoyulması və dövlət başçılarının Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimlərində iştirak etməsi də Azərbaycan-Türkiyə sarsılmaz birliyinin əyani təzahürü və Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın, qardaşlığın regional və dünya miqyasında önəmli amilə çevrilməsinin təzahürüdür.
Prezident İlham Əliyevin 20 oktyabr tarixində Cəbrayıl şəhərində mətbuata verdiyi bəyanatda deyib: “Bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi. Keçən il biz Şuşada Şuşa Bəyannaməsini imzaladıq və Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu. Bütün sahələrdə müttəfiq oldu və bu, həm xalqlarımıza ciddi gözaydınlığıdır, eyni zamanda, bölgəyə və dünyaya ciddi mesajdır. Çünki Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır”.
Azərbaycan-Türkiyə qardaşlıq və dostluq əlaqələri tarixin sınağından keçərək bu günümüzə gəlib çıxıb. Bu əlaqələr indiki kimi heç vaxt belə möhkəm, belə hərtərəfli olmayıb. Məhz bu dostluğun bu səviyyəyə gəlib çatmasında iki qardaş ölkənin liderlərinin müstəna fəaliyyətləri var və bu münasibətlər bundan sonra öz möhtəşəmliyini illər boyu qoruyub saxlayacaqdır.
Kənan Abdullayev Nizami Rayon İcra Hakimiyyəti başçısının 3№-li SİƏD üzrə məsul əməkdaşı