Azərbaycanın Cənubi Qafqazda ən möhkəm siyasi, iqtisadi, mədəni əlaqələr qurduğu ölkə Gürcüstandır. Yaxın qonşuluq, dostluq münasibətləri qurulmuş ölkələr arasında əlaqələr hazırda strateji əməkdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Tarix boyu Cənubi Qafqaz regionunda cərəyan edən mürəkkəb proseslərə baxmayaraq, hər iki dövlət səmimi və qardaş münasibətlərini qoruyub saxlaya bilmişdir.
Gürcüstan ilə Azərbaycan təkcə enerji sahəsində deyil, digər sahələrdə də uğurla əməkdaşlıq edirlər. Artıq heç kəs şübhə etmir ki, Cənubi Qafqazın gələcəyi region ölkələri arasında daha genişmiqyaslı əməkdaşlıqdan asılıdır. Bu gün Azərbaycanla Gürcüstan arasında qarşılıqlı – faydalı əməkdaşlıq münasibətləri mövcuddur və əlaqələr əsl regional əməkdaşlıq nümunəsidir. Onu da qeyd etmək lazımdır ki, ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətləri mütəmadi surətdə yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Ümumilikdə, Gürcüstanla Azərbaycan arasında bir çox sahəni ehtiva edən çoxşaxəli rasional münasibətlər mövcuddur. Belə ki, Tbilisi ilə Bakı regional təhlükəsizliyin təmin olunması, iqtisadi maraqların uzlaşdırılması, siyasi münasibətlər sisteminin daha da təkmilləşdirilməsi kimi istiqamətlərdə sıx təmaslara malikdir. Qeyd etmək yerinə düşər ki, ikitərəfli münasibətlərin inkişafında və regional əməkdaşlığın genişləndirilməsində həmişə ən əsas amil Azərbaycanın enerji potensialı olmuşdur. XIX əsrdən bəri Azərbaycan neftinin ixrac marşrutu ənənəvi olaraq Gürcüstanın Qara dəniz limanlarından keçmişdir və həmin ixrac marşrutunun yenidən bərpası hər iki ölkə üçün mühüm məsələyə çevrilmişdir.
Hər iki ölkə əlaqələrin inkişafında maraqlı olduqlarını nümayiş etdirirlər. Gürcüstan Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı beynəlxalq iqtisadi layihələrin fəal iştirakçısıdır və özünü etibarlı tərəfdaş kimi göstərir. Hər iki dövlət arasında siyasi, iqtisadi münasibətlərin indiki səviyyəyə gəlib çatmasında mövcud olan mehriban qonşuluq əlaqələri mühüm baza rolunu oynayır. Son illərdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi hər iki respublikanın parlaq gələcəyinin təmin olunması üçün möhkəm əsas yaradır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin oktyabrın 24-də Gürcüstana növbəti səfərinin iki ölkə arasında münasibətlərin daha inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə keçirilən təkbətək görüş, aparılan danışıqlar Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək, bir sıra layihələrin reallaşdırılması baxımından çox faydalı olacaqdır.
Rəcəb Baxşıyev
Azərbaycan Vətən müharibəsi veteranları ictimai birliyinin Nizami rayon şöbəsinin sədri