Böyük Zəfərdən sonra ölkəmizin düşmənlə diplomatik müstəvidə də savaşı bütün parametlərlə tam üstünlüyü ilə davam edir. Bununla bağlı keçirilən bütün görüşlərdə, müzakirəyə çıxarılan məsələlərdə, qəbul edilmiş bəyanatlarda Azərbaycan tarixi qələbənin təntənəsini qoruya bilir. 31 oktyabrda Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın növbəti görüşündə də Azərbaycanın maraq və mənafelərinin qətiyyətlə təmin olunması baxımından yadda qaldı.
Hələ bu görüşədək Ermənistan baş nazirinin təxribatçı bəyanatları, Rusiyaya qarşı dəyişkən mövqe nümayişi, üzərinə götürdüyü öhdəliklərin yerinə yetilməməsinin məlum olmayan səbəbləri və digər məsələlər görüşün çox gərgin keçəcəyindən xəbər verirdi. Son dövrlər Qərbin Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasındakı fəallığı da məsələnin mürəkkəbliyinə yeni bir çalar verirdi.
Lakin həmişə olduğu kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin təmkini, qətiyyəti və ölkəmizin maraqlarının hər şeydən üstün tutması sayəsində Söçi görüşü diplomatiyamızın tarixi qələbəsi ilə yekunlaşdı. Dövlətimizin başçısı bir daha diplomatiya dərsi keçərək sübut etdi ki, siyasət populizm deyil, hadisələrə düzgün qiymət vermək bacarığıdır.
Soçidə üçtərəfli görüşdən öncə Azərbaycan və Rusiya prezidentlərinin görüşündə İlham Əliyevin "Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib" mesajı erməni liderinin neçə günlük təbliğatını alt-üst etdi.
Soçi görüşünün nəticəsi olaraq dövlət başçıları 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların həyata keçirilməsinin gedişatının müzakirəsi fonunda birgə bəyanat imzaladılar.
Soçi görüşü Ermənistanın kapitulyasiyasının növbəti təzahürü oldu, Azərbaycanın sülh, əməkdaşlıq çağırışlarına hərbi təxribatlarla cavab vermək siyasətinin üstündən xətt çəkdi. Bu, Ermənistanın şovinist siyasətinin iflası kimi qiymətləndirilməlidir. Soçi görüşü eyni zamanda həm Ermənistan tərəfinin, həm də öz havadarlarından daim dəstək alan radikal müxalifətin iddialarını da alt-üst etdi. Qəbul olunmuş sənəddə hər hansı bir "Dağlıq Qarabağ münaqişəsi" ifadəsinə rast gəlinməməsi onların arzularının üstündən birdəfəlik qara xətt çəkdi.
Həmçinin sənəddə ATƏT-in Minsk qrupuna dair heç bir bənd olmadı. Yəni bəyanatda ATƏT-in Minsk qrupunun adının çəkilməməsi diqqəti sülh danışıqlarının daha çox ikitərəfli formatına yönəldir. Bununla da xortladılmağa çalışılan status məsələsinin də artıq Azərbaycan, Rusiya və Ermənistanın gündəliyindən çıxarıldığı sübut olundu. hər hansı bir şərt qoyulmadan Azərbaycan Prezidentinin mövqeyi sənəddə öz əksini tapdı, Azərbaycan dövlətinin qətiyyətli mövqeyi bir daha nümayiş etdirildi.
Heydər Rəhimov Qarabağ veteranı, ehtiyatda olan zabit