Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistana gedib. Prezidenti İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın qardaş Özbəkistanda böyük sevinc və rəğbət hissləri ilə qarşılanması xalqımıza olan böyük sevgidən xəbər verir. Onu da qeyd edək ki, Prezident İlham Əliyev son 7 ayda üç dəfə Özbəkistana səfər edib. Səfərlər zamanı aparılan müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxmışdır. Ermənistanın otuz ilə yaxın davam edən işğalına son qoyaraq ərazilərini azad edən Azərbaycanın tarixi zəfərinə sevinənlər arasında qardaş özbək xalqının xüsusi yeri var. Səmərqənddə noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşündə o xoş, qürurverici tarixdən də söz açıldı. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev danışıqlara başlamazdan əvvəl dövlətimizin başçısını böyük qələbə - 8 noyabr günü münasibətilə təbrik etdi: "Sizin yaxın dostlarınız kimi biz də bu zəfəri bayram etmişik. Bu münasibətlə sizi bir daha təbrik edirəm. 12 Noyabr Konstitusiya Gününüzü təbrik edirəm. Sabah sizdə Milli Olimpiya Komitəsinin 30 illiyidir, bu münasibətlə də təbrik edirəm, - siz bu təşkilata rəhbərlik edirsiniz. Bunlar elə hadisələrdir ki, yaxşı dostlar onları heç vaxt unutmamalıdırlar".
Azərbaycanla Özbəkistan arasında münasibətlər strateji əhəmiyyət daşıyır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkələrimiz arasında əlaqələrin sistemli olduğunu və ən başlıcası, konkret nəticələr verdiyini vurğuladı.
Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın Vətən müharibəsində qələbəsi münasibətilə təbrikinə görə Özbəkistan Prezidentinə təşəkkürünü bildirdi. Qardaş özbək xalqının, şəxsən Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin Azərbaycanın ədaləti bərpa etməsinə münasibətini məmnunluqla qeyd edən Prezident İlham Əliyev nəzərə çatdırdı ki, biz bu dəstəyi müharibə dövründə də, sonra da hiss edirik: "Əlbəttə, işğaldan azad edilmiş Füzuli şəhərində məktəb tikmək təşəbbüsünüzə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bu, ərazilərin bərpası işinə ilk xarici töhfə olacaq və biz bunu çox yüksək qiymətləndiririk. İndicə sizinlə informasiya mübadiləsi etdiyimiz kimi, məktəbin tikintisi artıq başlanıb. Bu məktəb bizim xalqlarımızın qardaşlığının rəmzi olacaq".
Son vaxtlar iki dövlət arasında münasibətlərin daha da yaxınlaşdığını vurğulayan Azərbaycan Prezidenti dedi: "Fikrimcə, bu da bizim əcdadlarımızın iradəsidir və xalqlarımız arasında tarixi qardaşlıq əlaqələri məcrasında baş verir. Yeddi ay ərzində üçüncü dəfədir ki, Özbəkistana səfər edirəm. Hər dəfə şəxsən sizə və qardaş özbək xalqına böyük məhəbbətlə, böyük hörmətlə gəlirəm və burada olandan sonra sizin rəhbərliyinizlə Özbəkistanın qazandığı böyük nailiyyətlər haqqında danışıram. Daşkəndi, Xivəni, Səmərqəndi ziyarət etmək kifayətdir. Mən artıq Özbəkistanla kifayət qədər yaxşı tanışam və deməliyəm, birmənalı şəkildə qeyd etmək olar ki, Səmərqənd mühüm beynəlxalq siyasi mərkəzə çevrilib. Ona görə ki, burada dünya liderlərinin iştirakı ilə dünya səviyyəli müxtəlif beynəlxalq tədbirlər keçirilir. Bu münasibətlə də sizi təbrik edirəm".
Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsi məsələləri barədə də fikir mübadiləsi aparıldı. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində əldə olunmuş razılaşmaların icrası istiqamətində görülən işlərə toxunuldu, bu baxımdan hökumətlərarası komissiyanın fəaliyyəti qeyd olundu.
İki ölkə arasında uğurlu əməkdaşlıqlar bir sıra istiqamətdə davam edir. Söhbət zamanı maşınqayırma sahəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsində müsbət nəticələr vurğulandı. Həmçinin əczaçılıq, energetika, eləcə də ipəkçilik sahəsində nailiyyətlərin olduğu bildirildi. Qeyd olundu ki, iki ölkənin regionları arasında əməkdaşlığın təşviqi məqsədilə bu ilin sonunda regionlararası forum keçiriləcək. Tədbir çərçivəsində iki ölkənin bir sıra şəhərləri arasında qardaşlıq münasibətlərinin qurulması barədə anlaşmaların imzalanacağı müsbət hal kimi dəyərləndirildi. Vurğulandı ki, bu tədbirlər Azərbaycanla Özbəkistanın qardaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verəcək.
Dövlət başçıları iki ölkə arasında humanitar-mədəni sahədə əməkdaşlığın inkişafının əhəmiyyətini də qeyd etdilər, mədəniyyət qruplarının intensiv qastrol səfərlərinin təşkilinin vacibliyini diqqətə çatdırdılar.
Söhbət zamanı Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün Səmərqənd şəhərində keçirilməsinin böyük tarixi və rəmzi məna daşıdığı deyildi. Xüsusən təşkilatın adının dəyişdirilməsindən sonra ilk Zirvə görüşünün bu tarixi şəhərdə keçirilməsinin önəmi vurğulandı.
N.Quliyev Nizami Bələdiyyəsi