21 noyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev çıxş edib. Çıxışında cənab Prezident partiyanın yaranma tarixindən, onun keçdiyi şərəfli yoldan, həyat keçirilən islahatlardan, eləcə də bir sıra aktual məsələlərdən söhbət açıb. YAP-ın yaranmasını tarixi hadisə adlandıran İlham Əliyev qeyd edib ki, “O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı.”
Partiyanın yaranma dövrünü xarakterizə edən dövlətimizn başçısı vurğulayıb ki, “Ölkə qarşısında çox ciddi, böyük problemlər var idi. Məhz Heydər Əliyevin cəsarəti, zəkası, təcrübəsi, xalqın ona olan inamı və əlbəttə, Yeni Azərbaycan Partiyasının üzvlərinin fəaliyyəti, ictimai fəalların fəaliyyəti birlikdə bizə imkan verdi ki, bu çətin vəziyyətdən şərəflə çıxaq. Məhz Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atılmışdır. İlk növbədə, Konstitusiya qəbul edilmişdir. Təsəvvür edin ki, Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan artıq müstəqil dövlət idi, amma bizim Konstitusiyamız yox idi. Konstitusiyanın qəbul edilməsi çox önəmli tarixi hadisədir. Dövlətçiliyin əsasları qoyulmuşdur, dövlət təsisatları düzgün zəmində formalaşmışdır. Biz beynəlxalq aləmdə bizə qarşı olan əsassız mövqeyə düzəlişlər edə bildik, tam aradan qaldırmadıq, çünki beynəlxalq müstəvidə bizə qarşı çox ciddi qüvvələr fəaliyyət göstərirdi. Amma hər halda biz beynəlxalq təcridi, o cümlədən informasiya blokadasını yara bildik, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıra bildik.”
“1993-2003-cü illərdə dövlətçiliyimizin çox möhkəm əsasları qoyulduğunu və bu illəri sabitlik və inkişaf illəri kimi” göstərən İlham Əliyev bildirib ki, “Əsas məsələ odur ki, bu siyasət davam etdirilməli idi. Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək, məhz Ulu Öndərin şəxsiyyətinə olan hörməti ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi. Mən 2003-cü ildə xalqa söz vermişdim ki, bu yoldan dönməyəcəyəm. Son 19 ilin hadisələri onu göstərir ki, belə də oldu, Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi. O, öz siyasi vəsiyyətində demişdir ki, bir çox işlər görüldü, ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu. Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir. Biz iqtisadi islahatları dərinləşdirdik və son 19 ildə bu sahədə görülən işlər göz qabağındadır. Təkcə onu demək kifayətdir ki, 2003-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bu il iqtisadiyyatımız rekord həddə çatacaq. İlin sonuna qədər gözlənilən proqnoz onu deyir ki, iqtisadiyyatımız 130 milyard manata çatacaq. Bu, rekord göstəricidir.”
Çıxışında mövcud problemlərə toxunan ölkə rəhbəri həmçinin qarşıda duran və həlli vacib məsələlərə toxunub: “Əlbəttə ki, bu gün hələ də görüləsi işlər çoxdur. İqtisadiyyatımızın şəffaflaşdırılması, xoşagəlməz hallara qarşı mübarizə, kölgə iqtisadiyyatının həcminin əhəmiyyətli dərəcədə azaldılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə - bütün bunlar gündəlikdə duran məsələlərdir. O cümlədən dövlət şirkətlərində korporativ idarəetmə üsulunun tətbiq edilməsi bu günün reallıqlarını əks etdirir. Əminəm ki, bu gün aparılan iqtisadi islahatlar - strateji xətt üzrə aparılan bu islahatlar yaxın gələcəkdə də bizə əlavə imkanlar verəcək. O cümlədən Qarabağı və Şərqi Zəngəzuru öz hesabımıza yenidən qurmaq və bütün məqsədlərə çatmaq üçün bizə mütləq güclü iqtisadiyyat bundan sonra da lazım olacaq. Çünki bu, əsasdır. O ölkələr ki, iqtisadi cəhətdən digər ölkələrdən, yaxud da ki, beynəlxalq maliyyə qurumlarından asılıdır, o ölkələr faktiki olaraq müstəqil siyasət aparmaqda çətinlik çəkirlər. Biz isə hər zaman istəyirdik ki, bizim siyasətimiz ancaq xalqımızın iradəsini əks etdirsin. Biz istəyirdik ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməsin və belə bir imkan olmasın. Ona görə iqtisadi güc, iqtisadi müstəqillik bütün başqa sahələrdəki fəaliyyətin təməlidir. Ulu Öndərin yolu ilə gedərək biz, əlbəttə, bu gün dünyada baş verən dəyişikliklərə də çox diqqətlə yanaşırıq, ən mütərəqqi təcrübəni Azərbaycanda tətbiq edirik. Əminəm ki, növbəti illərdə bu sahədə istədiyimizə nail olacağıq.”
Ulu Öndərin həyatını və fəaliyyətini bir fədakarlıq nümunəsi adlandıran İlham Əliyev “Bu gün Yeni Azərbaycan Partiyasının yubileyini qeyd edərkən hər birimiz, şübhəsiz, hər birimiz yenə də Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik. Çünki illər keçdikcə və dünya dəyişdikcə həmişə hər birimiz çox gözəl bilirik ki, əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz çox böyük fəlakətlə, daha böyük fəlakətlə üzləşə bilərdi.
Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi. O, hətta özü üçün ən çətin dövrlərdə, artıq son illərdə fiziki sağlamlığı əvvəlki kimi olmadığı dövrdə də hər zaman hər birimizə nümunə göstərirdi. Hər birimiz, o cümlədən mən onun sağlığında da və yoxluğunda da onun kriteriyalarına uyğun hərəkət etməyə çalışırıq. Bu gün bizi qabağa aparan məhz budur - onun xatirəsinə hədsiz hörmət və onun mirasına olan münasibət. Onun mirası da bu gün müstəqil Azərbaycandır.”-deyə öz çıxışında bildirib.
44 günlük Vətən müharibəsində qazanılmış Zəfər qələbəsini tariximizin ən şanlı səhifəsi kimi qeyd edən cənab Prezident bu işğaldan azad olunmuş ərazilərdə aparılan böyük quruculuq işlərini diqqətə çatdırıb və xüsusi olaraq vurğulayıb ki, “İndi isə qurub-yaradırıq, Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda, ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq. Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Bizim üzümüz ağdır, alnımız açıqdır. Biz müzəffər xalqıq, qalib dövlətik və bu, əbədi olacaq!”
N.Quliyev Nizami Bələdiyyəsi