24.11.2022 Tarixi Qələbədən sonra Kəlbəcər rayonunun yeni inkişaf dövrü başlayıb.

24.11.2022 Tarixi Qələbədən sonra Kəlbəcər rayonunun yeni inkişaf dövrü başlayıb.1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.
İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir.
10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verilmişdir. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25- də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib.
Tarixi Qələbədən sonra Kəlbəcər rayonunun yeni inkişaf dövrü başlayıb.
Hazırda müxtəlif sahələri əhatə edən infrastruktur layihələrin icrası həyata keçirilir. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunel regionun böyük logistik layihəsidir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və 1900 metr yüksəklikdən Murovdağ zirvəsinədək, 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11.6 kilometrlik tunelin tikintisi nəzərdə tutulub. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. İcra olunan layihələr, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdirlər. Kəlbəcərin elektrik və su təchizatı, habelə evlərin tikilməsi ilə bağlı işlərinə start verilib. Cari ilin 26 iyun tarixində Prezident İlham Əliyevin iştirakı ilə Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimi də təşkil olunmuşdur.Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir. İlin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcərdə mütləq aşıq mərkəzi və digər tikililər inşa ediləcək.
Ən çətin relyefə malik olan Kəlbəcər dağlarından qısa vaxt ərzində elektrik xətləri çəkildi. “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyası inşa olunur, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası isə artıq istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydışa dair I Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirlər Kəlbəcərdə də uğurla həyata keçirilir və rayonun sakinləri tezliklə öz doğma ata-baba yurdlarına qayıdacaqlar.

N.Quliyev

Nizami Bələdiyyəsi