10 dekabr 2020-ci il tarixində Bakıda keçirilən Qələbə paradı erməni faşizmi üzərində qələbəmizin dünyaya nümayişi idi. Bu parad eyni zamanda gücümüzü, qüdrətimizi göstərdi. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin təntənəsi qələbə paradının möhtəşəmliyini daha artırırdı. Zəfər paradı Azərbaycan xalqının 30 illik torpaq, yurd sevgisi uğrunda mübarizəsinin göstəricisi idi. Paradda müasir texnika və yüksək döyüş bacarığına malik canlı qüvvənin nümayişi ordumuzun dünyanın ən güclü ordularından biri olduğunun əyani sübutu idi. Paradda diqqət çəkən məqamlardan biri isə dünyaya bir mesaj kimi ünvanlanan qardaş Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın və türk hərbçilərinin iştirakı idi. Sevindirici haldır ki, Türkiyənin dəstəyini təkcə ölkə rəhbərindən, müdafiə naziri və xarici işlər naziri tərəfindən deyil, digər vəzifəli şəxslər və ümumilikdə bütün türk xalqının hər bir nümayəndəsindən gördük. Bu isə bütün dünyaya haqq savaşında Azərbaycanın tək olmaması barədə verilən siqnal idi.
Zəfər paradı zamanı düşmənin atıb qaçdığı və döyüş meydanında məhv edilən yüzlərlə texnikasının nümayişi erməni xalqının tarixində bir rəzalət, utanc kimi yadda qaldı. Paradda çıxış edən cənab Prezident, Ali Baş Komandan İlham Əliyev böyük fəxarətlə demişdir: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.
Zəfər paradı göstərdi ki, torpaq , Vətən sevgisi, Dövlət- Xalq və Xalq-Ordu birliyi, bütövlüyü qarşısında bütün cılız qüvvələr, işğalçı cinayətkarlar yalnız ölümə və məğlubiyyətə məhkumdurlar. Məhz xalqımızın öz Prezidenti ətrafında sıx birləşməsi, ordumuza olan güvənci və inamı sayəsində 30 illik işğala son qoyuldu, əzəli torpaqlarımız yağı düşmənlərin tapdağından birdəfəlik xilas edildi.
Qələbə paradı eyni zamanda “məğlubedilməz erməni ordusu”nun boş xülya və sabun köpüyü olmasını bir daha dünyaya sübut etdi. Bu parad sübut etdi ki, vətənsevər Azərbaycan oğul və qızları ölümün gözünə dik baxaraq yurd həsrətinə son qoymaq üçün canından, qanından keçməyə hər an hazır idilər.
Torpaqlarımızın işğalı Əsrin faciəsi idisə, azad edilməsi Əsrin Qələbəsi kimi tarixə yazıldı. Əsrin faciəsindən Əsrin qələbəsinə gedən yol bizi daha da mətin etdi. Bir xalq kimi birləşməyə, həmrəyliyə səslədi. Vətən müharibəsində Ali Baş Komandanın ətrafında xalqın həmrəyliyi, birləşməsi bütün dünyaya bir nümunə oldu. Bundan sonra bizləri daha gözəl, firavan günlər, inkişaf mərhələsi gözləyir.
Haqq savaşımızın qalibiyyətinə həsr olunan Zəfər paradı böyük Qələbəmizin nidasıdır. Bu, müzəffər Ali Baş Komandanımızın “Qarabağ Azərbaycandır!” əminliyinin məntiqi nəticəsidir.
Sevil Əliyeva Nizami Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru