09.12.2022 Heydər Əliyev və Azərbaycan neft strategiyası

09.12.2022 Heydər Əliyev və Azərbaycan neft strategiyası Ümummmilli Lider Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda hökm sürən total iqtisadi böhrandan çıxmaq üçün bir sıra islahatlar işləyib həyata keçirməyə başladı. Belə bir çətin vəziyyətdə Heydər Əliyev neft amilindən istifadə edilməsini həmin dövr üçün yeganə çıxış yolu kimi dəyərləndirirdi. Bu məqsədlə ölkəmizin neft strategiyası işlənilib hazırlandı
‎ Neft strategiyası ölkənin enerji ehtiyatlarının iri xarici neft şirkətləri ilə qarşılıqlı faydalılıq prinsipinə söykənərək, əməkdaşlıq əsasında iqtisadi dövriyyəyə cəlb edilməsini nəzərdə tutan uzunmüddətli milli inkişaf proqramıdır. Həmin strategiya işlənilib hazırlanarkən həm indiki, həm də gələcək nəsillərin maraqlarının nəzərə alınması əsas şərt kimi qoyulub. Bu prinsip Heydər Əliyev sözləri ilə belə ifadə edilib: "Neft - Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur."
Azərbaycanın neft strategiyası çərçivəsində imzalanan ilk saziş Xəzərin ‎Azərbaycan sektorundakı "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının xarici neft şirkətləri ilə birgə işlənilməsini nəzərdə tuturdu. Həmin müqavilənin hazırlanması üzrə danışıqlar Bakı, İstanbul və Hyüston şəhərlərində bir ildən çox ‎davam etdirildi və müqavilə 1994-cü ilin ‎sentyabrında imzalanmağa hazır vəziyyətə çatdırıldı. Hasilatın pay bölgüsü (PSA) prinsipinə əsaslanan bu müqavilə 30 il müddətinə adı çəkilən yataqlardakı enerji ehtiyatlarının dünyanın 8 ölkəsini təmsil edən 11 iri neft şirkəti ilə birgə işlənilməsini nəzərdə tutur. Sonralar həmin saziş "Əsrin ‎müqaviləsi" adı ilə tarixə düşdü. Bu müqavilə ilə Azərbaycanın yeni neft ‎strategiyasının və bu günkü sürətli inkişafının əsası qoyuldu. Müqavilənin imzalanmasından bir neçə gün əvvəl bəyanat verən Azərbaycan Prezidenti Heydər Əliyev onu ölkəmizin suverenliyinin qorunması və milli ‎iqtisadiyyatın sürətli inkişafına nail olmaq üçün həlledici vasitələrdən ‎biri kimi qiymətləndirərək deyib: "Təqdim edilən layihə Azərbaycan Respublikasının, Azərbaycan xalqının iqtisadi mənafelərini bu gün də, gələcəkdə də təmin edir və ona görə də mən bu müqavilənin imzalanması haqqında qərar vermişəm".
Həmin müqavilə 20 sentyabr 1994-cü ildə Bakıda Azərbaycanın Dövlət Neft Şirkəti ilə 6 ölkənin 10 şirkəti arasında bağlanmışdır.
Onun yenidən milli istiqlalını qazanan Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında, ‎möhkəmləndirilməsində, beynəlxalq nüfuzunun genişlənməsində və bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf edən milli iqtisadiyyatın formalaşmasında müstəsna əhəmiyyəti oldu. Hazırda 20 sentyabr hər il Azərbaycanda “Neftçilər günü” kimi qeyd edilir. “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. Həmin müqavilə daha sonra 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmışdır. Ulu Öndər Heydər Əliyev demişdi: “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.”
Ölkənin mənfəət neftindən əldə edilən vəsaitlər 1999-cu ilin dekabrında Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə yaradılan Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) toplanır. Fondun yaradılmasında əsas məqsəd neft gəlirlərindən milli iqtisadiyyatın sürətli inkişafını təmin etmək üçün ehtiyat, sosial-iqtisadi və investisiya yönümlü layihələrin maliyyələşdirilməsini təşkil etməkdən ibarətdir. ARDNF özündə sabitləşdirici və toplayıcı funksiyaları birləşdirir. Eyni zamanda ARDNF-nin nizamnamə sənədləri ondan insan inkişafı və qeyri-neft sektorunun inkişafına yardım məqsədilə istifadə edilməsini nəzərdə tutur. Neft gəlirlərinə ictimai nəzarəti və şəffaflığı təmin etmək məqsədilə ARDNF-nin Müşahidə Şurası yaradılıb.
Neft strategiyası sayəsində milli iqtisadiyyatın əsasını təşkil edən neft-kimya, neft emalı sənayesi və bunlarla bağlı alt sahələrin müasir standartlara cavab verən infrastrukturu quruldu. Neft emalı və neftayırma sahəsində əldə edilən böyük təcrübə və mütəxəssis kontingenti sayəsində Azərbaycan hökuməti xarici ölkələrin adı çəkilən sahələrinə irihəcmli investisiya qoyuluşları etməyə başlayıb. Bu gün Gürcüstanda nəhəng neft terminalı, Türkiyədə neft emalı zavodu Azərbaycan hökumətini təmsil edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsusdur. Azərbaycanın neftçi və mühəndisləri isə Moldovada neft yataqlarının kəşfiyyat və hasilatını öz üzərlərinə götürüb.
“Əsrin müqaviləsi” imzalandıqdan dərhal sonra Heydər Əliyev tərəfindən Bakıda beynəlxalq nüfuza malik “Xəzərneftqaz” sərgi-konfransının təşkil edilməsi ənənəsinin əsası qoyuldu. Bu sərgi-konfransı Bakıda hər il təşkil etməkdə əsas məqsəd Xəzər regionunun neft və qaz potensialını dünyanın işgüzar dairələrinin nəzər-diqqətinə çatdırmaqdan, neft və qazın hasilatı, istehsalı, daşınması, adı çəkilən sahədə ən yeni texnologiyaların tətbiqi üzrə ixtisaslaşmış şirkətlərin bir-biri ilə yeni işgüzar əlaqələrinin yaranmasına təkan verməkdən ibarət idi.
"Əsrin müqaviləsi" Azərbaycanı bir daha bütün dünyaya neft ölkəsi kimi tanıtdı, 1999-cu ilin iyununda Xəzərin Azərbaycan sektorunda yerləşən nəhəng "Şahdəniz" qaz-kondensat yatağından ilkin nəticələrin əldə olunması isə Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac etmək qabiliyyətinə malik olan bir ölkə kimi təqdim etdi.
Beləliklə də Azərbaycanın yeni neft strategiyasının həm milli, həm regional və həm də qlobal fayda gətirən əlverişli inkişaf proqramı olduğu təsdiq edilir. Bütün bu deyilənləri əvvəlcədən görən Azərbaycan Prezidenti Heydər Əliyev ‎"Əsrin müqaviləsi"nin imzalanması mərasimində söylədiyi tarixi nitqində deyib: "Mən bu müqavilənin hazırlanmasında, imzalanmasında iştirak etdiyimə görə özümü çox ‎xoşbəxt hesab edirəm. Üzərimə götürdüyüm məsuliyyəti dərk edirəm və ümidvaram ki, gələcək nəsillər bu gün burada baş verən ‎tarixi hadisəni layiqincə qiymətləndirəcəklər".‎
"Əsrin müqaviləsi" ilə başlanan Azərbaycanın neft strategiyasının gerçəkləşdirilməsi ilə ‎Azərbaycan dünyada özünə daha etibarlı siyasi və iqtisadi tərəfdaşlar və müttəfiqlər tapdı. Ölkənin digər sahələrinə də xarici investisiyaların sürətli axını başlandı və hazırkı inkişafın əsası təmin edildi. Azərbaycan neft strategiyasının banisi Heydər Əliyev verdiyi müsahibələrin birində "Əsrin müqaviləsi" haqqında danışarkən onun "dar və təhlükəli cığırla" keçərək ərsəyə gəldiyini bildirib. Bu gün həmin cığır Azərbaycanın böyük inkişaf yoluna çevrilib. Ümummilli liderimiz Heydər Əliyevin neft strategiyasının perspektivinə qiymət verərkən dediyi bu fikir yerinə düşür: "Azərbaycan dövlətinin neft strategiyası artıq öz müsbət nəticələrini verib, dünyada tanınıb və XXI əsrdə Azərbaycanın müstəqil, azad inkişaf etməsinin əsasını təşkil edən amillərdən biridir."

Fərmin Quliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi