“Ordu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır.”
Ulu Öndər Heydər Əliyev
Azərbaycan Ordusunu müasir müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev formalaşdırmışdır
Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Ümummilli liderin təşəbbüsü ilə 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi.
Sonralar Ulu Öndər deyirdi: "Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, C.Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam".
1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı, 1994-cü il mayın 12-də atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı.
Ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlandı. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəldildi. Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.
1999-cu il fevralın 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyası yaradıldı, 20 avqust 2001-ci ildə respublikamızda fəaliyyət göstərən hərbi məktəblərin statusu artırıldı, 17 avqust 2002-ci ildə Silahlı Qüvvələrə Yardım Fondunun yaradıldı. Eyni zamanda “Silahlı Qüvvələr haqqında”, “Hərbi xidmət haqqında”, “Müdafiə haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlar qəbul edildi.
Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələrinin qurulması və genişlənməsi də məhz ümummilli liderimizin adı ilə bağlıdır. Bu əlaqələrin əsası 1994-cü ildə qoyulmuşdur. Belə ki, həmin il may ayının 4-də Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşulmuş, 1996-cı ilin aprel ayında isə Azərbaycan Prezidenti NATO-nun Baş katibinə Azərbaycanın prezentasiya sənədlərini təqdim etmişdir. Silahlı qüvvələrimizin NATO standartlarına uyğunlaşdırılması, mərkəzləşdirilmiş maddi-texniki bazasının yaradılması, hərbi təhsil sisteminin yeni prinsiplər əsasında qurulmasına əsaslı zəmin yaratmışdır. Ardıcıl həyata keçirilən tədbirlər sayəsində ordu ilə xalqın vəhdəti, orduda mərkəzləşdirilmiş komandanlıq prinsipi tam təmin edildi. Silahlı qüvvələrin maddi-texniki təminatı möhkəmləndirildi, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırıldı.
Ulu Öndər tərəfindən əsası qoyulmuş ordu quruculuğu cənab Prezidentimiz İlham Əliyev tərəfindən çox uğurla davam etdirildi. Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən güclü qüvvəsinə çevrildi.
Heydər Rəhimov Qarabağ veteranı, ehtiyatda olan zabit