Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşü olub.
Görüşdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev üçtərəfli Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Prezident Sərdar Berdiməhəmmədova təşəkkürünü bildirib və qeyd edib ki, “Türkmənistanın sabit və dinamik inkişaf yolu ilə irəliləməsinin şahidi olmaq, onun nailiyyətlərini görmək bizi sevindirir.”
Dövlətimizin başçısı çıxışında deyib: ”Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Biz haqlı olaraq xalqlarımızın zəngin tarixi-mədəni irsi və bəşər sivilizasiyasına verdiyi böyük töhfələri ilə qürur duyuruq.
Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır.
Ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir.
Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır.”
Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atıldığını bildirən İlham Əliyev bu sahədə həyata keçirilən bir çox layihələr öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açdığını qeyd etmişdir.
İlham Əliyev xüsusilə vurğulamışdır: “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir. 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdır.”
Zəngəzur dəhlizi ilə bağlı görülmüş işlər barədə məlumat verən dövlətimizin başçısı artıq bu sahədə dəhlizin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunduğunu bildirib və bütün işlərin 2024-cü ildə tamamlanacağını və nəticədə yeni nəqliyyat dəhlizi yaranacağını bildirib.
İlham Əliyev çıxışında xüsusi olaraq vurğulayıb ki, “2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi. Qarabağ münaqişəsi həll edildi və bu Qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı.
Hazırda dünyada yeni çağırışlar və təhdidlər var. Bu səbəbdən digər sahələr ilə yanaşı ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır.
Bir daha Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatında görüşün önəmini vurğulamaq istərdim. Ümid edirəm ki, belə görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcək.”
Dilqəm Əlirzayev Nizami rayon 70 saylı məktəb-liseyin direktor müavini, Qarabağ veteranı