Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə üçtərəfli Zirvə Görüşü keçirilib.
Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib. Türk Dövlətləri arasında mövcud əlaqələrin daha da gücləndirilməsinə və inkişafına yeni töhvələr verən bu görüşün əhəmiyyətinə diqqət yetirən dövlətimizin başçısı qeyd edib ki, “Hazırda dünyada yeni çağırışlar və təhdidlər var. Bu səbəbdən digər sahələr ilə yanaşı ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır.Bir daha Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatında görüşün önəmini vurğulamaq istərdim. Ümid edirəm ki, belə görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcək.”
Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşünün Birgə Bəyanatı qəbul olunub, həmçinin “Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş”, “2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı”, “Gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair Hökumətlərarası Memorandumu”, “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum” və “Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum” Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri imzalanıb.
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Birinci Üçtərəfli Zirvə Görüşünü yüksək qiymətləndirib: “Bu Zirvə görüşü üç qardaş xalqın bir araya gəlməsi, əlaqələrin möhkəmləndirilməsi və Türk Dünyasının daha parlaq gələcəyə sahib olması üçün səylərə dəstək vermək üçün çox mühüm fürsətdir. Azərbaycan, Türkiyə və Türkmənistan arasında əlaqələrin genişləndirilməsi qardaş dövlətlər arasında onsuz da mövcud olan güclü həmrəyliyin möhkəmlənməsinə xidmət edəcəkdir. Azərbaycan, Türkiyə və Türkmənistan liderləri arasında əldə olunan razılaşmalar və ticarət, mədəniyyət, enerji, nəqliyyat kimi sahələrdə imzalanmış müxtəlif sənədlər, şübhəsiz ki, TDT çərçivəsində hərtərəfli əməkdaşlığımızın möhkəmlənməsinə və qarşılıqlı fəaliyyətin artırılmasına öz töhfəsini verəcəkdir”.
Heydər Rəhimov Nizami Bələdiyyəsi sədrinin I müavini