Aksiya iştirakçılarının mövqeyi bütün Azərbaycan xalqının mövqeyidir.
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi nəticəsində Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır.
Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir.
Bütün faydalı qazıntı yataqları, o cümlədən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə işçi qrup yaradılıb.
Cari ilin 3 dekabr tarixindən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar.
Əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu bu iki əraziyə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfərə maneçilik törədilib.
Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları isə tamamilə ağ yalandır. Ermənistan rəhbərliyi hər dəfə olduğu kimi hadisələrin əsil mahiyyətini gizlədərək Qarabağ ermənilərinin sosial vəziyyətini hədsiz dərəcədə qabardaraq siyai oyunlar aparır, dünya ictimaiyyətini aldatmaqla yazıq və məzlum Qarabağ ermənilərinin halına acıyaraq göz yaşları axıtmağa başlayıblar.
Lakin artıq onların göz yaşlarına dünya inanmır, belə çıxışlar isə ancaq vəziyyətin daha da gərginləşməsinə gətirib çıxardacaq. Ən yaxşısı odur ki, Ermənistan rəhbərliyi 3 ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarını yerinə yetirsin.
Əks halda aksiya davam edəcək, qaldırılmış bütün tələblər öz həllini tapacaqdır. Aksiya iştirakçılarının mövqeyi bütün Azərbaycan xalqının mövqeyidir.
Mayıl Əliyev Nizami Rayon Ağsaqqallar Şurasının sədri