19.12.2022 “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası böyük sürətlə yerinə yetirilir.

19.12.2022 “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası böyük sürətlə yerinə yetirilir.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir.
Dövlət Proqramının əsas məqsədlərindən birincisi işğaldan azad edilmiş ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, ən önəmlisi isə ərazilərin yenidən qurulması, bərpası, infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı təyinatlı torpaqların, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsi və sonrakı mərhələlərdə dayanıqlı inkişafa nail olunmasıdır. Bunun üçün də ərazilər minalardan təmizləndikdən sonra ardınca bərpa-quruculuq işləri sürətlə və keyfiyyətlə aparılır. Bütün bu işlər Azərbaycanın daxili imkanları hesabına həyata keçirilir. Beynəlxalq standartlara cavab verən avtomobil yolları, dəmir yolları salınır, iki hava limanı istifadəyə verilib, tarixi-dini abidələr bərpa edilir, bir sözlə, doğma torpaqlara qayıdış üçün hər cür şərait yaradılır. Qeyd edək ki, Böyük Qayıdışa dair birinci Dövlət Proqramının yerinə yetirilməsi üçün bütün qurumların səfərbər edilməsi dövlətimizin gücünü və qəti mövqeyini göstərir.
Dövlət Proqramının əsas istiqamətlərindən biri də işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili və həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası və dayanıqlı məskunlaşmanın təmin edilməsidir. 2020-ci ilin noyabr ayından etibarən işğaldan azad edilmiş ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə başlanılmış, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələrini ölkənin digər şəhər və rayonlarını birləşdirən nəqliyyat infrastrukturu yaradılır. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində də sistemli tədbirlər həyata keçirilir.
2026-cı ilədək həyata keçirilməsi planlaşdırılan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulub ki, bu müddət ərzində azad edilən ərazilərdə 34 500 mənzil və fərdi yaşayış evi inşa ediləcək. Tədbirlər planına əsasən, bu evlər Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında inşa ediləcək. Bundan başqa, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramında Şuşa rayonunda 7, Ağdam rayonunda 29, Füzuli rayonunda 23, Zəngilan rayonunda 21, Kəlbəcər rayonunda 30, Laçın rayonunda 21, Qubadlı rayonunda 16, Cəbrayıl rayonunda 25, Xocavənd rayonunda 20, Tərtər rayonunda (Suqovuşan və Talış kəndləri daxil olmaqla) 5 məktəbəqədər və ümumtəhsil müəssisəsinin tikintisi və bərpası nəzərdə tutulur.


Böyük Qayıdışla bağlı Dövlət Proqramının əsas məqsədi işğaldan azad edilən ərazilərdə əhalinin dayanıqlı məskunlaşması, təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirməkdən ibarətdir. Həmçinin rayonlarda və kəndlərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək, əhalinin məşğulluq imkanlarını artırmaq, sosial xidmətlərin əhatə dairəsini genişləndirmək və əlçatanlığını təmin etmək Dövlət Proqramının əsas istiqamətlərindən birini təşkil edir. Turizmin perspektiv inkişaf imkanlarından effektiv istifadəyə nail olmaq, ətraf mühitin etibarlı mühafizəsini və ekoloji təhlükəsizliyi təmin etmək, təbii resurslardan səmərəli və effektiv istifadə diqqət mərkəzində saxlanılıb.
Bu gün işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri həyat keçirilir, yeni infrastruktur layihələr icra olunur.
Prezident İlham Əliyevin dediyi kimi, “Bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır. Əlbəttə ki, bizim əsas vəzifəmiz keçmiş məcburi köçkünləri tezliklə bu doğma diyara qaytarmaqdır. Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq.”
Qəhrəman Qasımov Qarabağ veteranı, Əməkdar müəllim