21 dekabr tarixində Prezident İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü olub. Görüşdən sonra mətbuata bəyanat verib. Çıxışında dövlətimizin başçısı bildirib ki, “Azərbaycan və Serbiya öz resurslarına arxalanan, müstəqil siyasət aparan ölkələrdir. Prezident Vuçiçin uzaqgörən siyasəti nəticəsində Serbiya şəhərsalma sahəsində, eyni zamanda, iqtisadi və sənaye inkişafı, kənd təsərrüfatı sahələrində hərtərəfli inkişaf edir. Bu bizim gələcək əməkdaşlığımız üçün yeni imkanlar yaradır. Çünki həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan ölkələrdir, müstəqil siyasət aparan və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir».
“Energetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə ixrac edilir",- deyən Prezident İlham Əliyev onu da bildirdi ki, həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılıb: "Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əminəm ki, əməli addımlar atılacaqdır".
Azərbaycan Prezidenti həmçinin, Vuçiçin dəvəti ilə bir ay əvvəl Serbiyada rəsmi səfərdə olduğunu və səfər təəssüratlarını bölüşərək bildiridi ki, bundan sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf etsin və qəbul edilmiş qərarlar vaxt itirmədən icra olunsun: «Şadam ki, əziz dostum mənim dəvətimi qəbul edib və bir ay keçmədən Bakıya səfər edib. Bu onu göstərir ki, əlaqələrimizin dinamikası doğrudan da çox müsbətdir. Biz keçən ay Belqradda qəbul etdiyimiz qərarların tezliklə yerinə yetirilməsini arzulayırıq. Nəinki arzulayırıq və eyni zamanda, hökumət üzvlərinə bu qərarların icra edilməsi ilə əlaqədar müvafiq göstərişlər verildi. Bilirəm ki, bu ay ərzində bizim müvafiq strukturların rəhbərləri bir-biri ilə təmasda olmuşlar və bu gün bu təmaslar davam edir. Bir sözlə, biz istəyirik ki, bundan sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf etsin və qəbul edilmiş qərarlar vaxt itirmədən icra olunsun”.
Prezident İlham Əliyev həmçinin söyləyib ki, Serbiya və Azərbaycan hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyib və dəstəkləyir. Bu siyasət dəyişməz olaraq qalacaq.
Kənan Abdullayev Nizami Rayon İcra Hakimiyyəti başçısının 3№-li SİƏD üzrə məsul işçi