İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir.
Yanvar ayının 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edib. Ötən ili Azərbaycan idmanı üçün uğurlu il hesab edən Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, idman sahəsində də qarşıya qoyulmuş bütün vəzifələrin çox uğurla icra edildiyini qeyd edib: “Çünki keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu. İdman da həyatımızın tərkib hissəsi olduğu üçün əlbəttə ki, ümumi tendensiya çərçivəsində inkişaf etmişdir. Bunu həm idmançılarımızın qələbələri göstərir, eyni zamanda, ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Bütövlükdə son illərdə aparılan siyasət bu gün öz gözəl nəticələrini verməkdədir.”
Azərbaycan idmançılarının müxtəlif beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətləri qeyd edən dövlətimizin başçısı xüsusi olaraq vurğulayıb ki, “İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Doğrudan da böyük nailiyyətdir. Çünki dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil.”
V İslam Həmrəyliyi Oyunlarında 56 ölkə arasında idmançılarımızın 99 medalla 4-cü yerə layiq görüldüyünü böyük tarixi qələbə adlandıran İlham Əliyev “Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Bu, bir daha Azərbaycanın idman sahəsindəki uğurlarını təsdiqləyir. Çünki İslam Həmrəyliyi Oyunlarında rəqabət çox böyük idi, demək olar ki, bütün komandalar əsas heyətlə təmsil olunurdu. Gərgin mübarizə zamanı 4-cü yeri tutmaq əlbəttə ki, böyük qələbədir, böyük nailiyyətimizdir”, -deyə bildirib.
Çıxışında cənab Prezident çox sevindirici bir xəbəri də paylaşıb. Belə ki, dövlətimizin başçısı iştirakçılara bəyan edib ki, “Sevindirici hal ondan ibarətdir ki, bu gün idmanla məşğul olmaq üçün bütün imkanlar var. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır, bu proses davam etdirilir. Eyni zamanda, biz Bakı şəhərində ən mötəbər idman yarışlarını qəbul etmişik və yeni yarışları qəbul edəcəyik. Ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək, Olimpiya Oyunlarının təsnifat turnirləri də əvvəllər keçirilmişdir, gələcəkdə də bu, istisna deyil. Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindəyik. 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır. Ona görə bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri, əlbəttə, əsas istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləsin.”
“İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir.”- söyləyən Prezident İlham Əliyev bunu eyni zamanda sağlam həyat tərzinin təbliğ edilməsi üçün böyük önəm daşıdığını vurğulayıb.
Valeh Əmrahov Nizami Rayon Gənclər və İdman İdarəsinin məsul işçisi