Qardaş Türkiyə Cümhuriyyətində fevralın 6-da baş vermiş zəlzələlər nəticəsində minlərlə insan həyatını itirmiş, on minlərlə insan ağır xəsarət almışdır. Faciə qurbanlarının və yaralıların sayı anbaan artmaqdadır. Zəlzələ baş verən gündən Azərbaycan xalqı üzüntülü və hüznlü günlər yaşayır. Böyükdən-kiçiyə hamı bu faciənin baş verməsinə ürəkdən acıyır, insanlarımız Türkiyənin Bakıdakı səfirliyinə gedib başsağlığı verir, bu faciəli günlərdə qardaş Türkiyə xalqı ilə bir yerdə olduqlarını bildirir, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir, yaralılara tezliklə sağalmalarını arzulayırlar. Ölkəmizin bütün bölgələrində insanlar Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsini dərin hüzn və qardaşlıq ehtiramı ilə yad edir, yaralıların tezliklə sağalmaları üçün dualar edirlər.
Azərbaycan qardaş Türkiyəyə yardım edən ilk ölkə olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev zəlzələ zamanı həlak olanlarla bağlı Prezident Rəcəb Tayyib Ərdoğana, ailəsinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı vermiş, yaralananların tezliklə sağalıb sağlam həyata qayıtmasını diləmişdir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da paylaşım edərək Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə dərin kədər hissi ilə qarşılaşdığını bildirmişdir.
Qeyd edək ki, faciə baş verəndən az sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunun bir qrup hərbi tibb işçisi Türkiyəyə yola düşüb və vəzifə borclarını böyük fədakarlıqla yerinə yetirirlər. Ölkə rəhbərinin tapşırığına uyğun olaraq respublika Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri də zəlzələ bölgəsində əllərindən gələn köməyi edirlər.
Türkiyədə baş vermiş zəlzələ nəticəsində yardıma ehtiyacı olan əhaliyə kömək məqsədilə ölkəmizdə kütləvi yardım kampaniyasına başlanılıb.
Kampaniya başlayandan qısa müddət ərzində xalqımız kütləvi şəkildə qardaş Türkiyəyə yardım üçün səfərbər olub.
Azərbaycan Prezidentinin tapşırığı ilə qardaş Türkiyənin zəlzələ bölgəsinə lazım olan humanitar yardım və kömək göstərilir. Faciədən zərər çəkmişlərə Heydər Əliyev Fondu tərəfindən xüsusi təyyarə vasitəsilə müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla, tibbi ləvazimatlar, eləcə də isti geyimlər çatdırılmışdır. Humanitar yardım davam etməkdədir.
Azərbaycan və Türkiyə iki dövlət, bir millət olaraq həmişə bir-birinin yanındadır.
Mayıl Əliyev Nizami Rayon Ağsaqqallar Şurasının sədri