
Tariximizin ən şanlı və parlaq səhifəsi 28 May-Müstəqillik Günü!
Bu gün – 28 May tarixində Azərbaycan xalqı öz şanlı tarixinin ən önəmli səhifələrindən birini – Respublika Günü, yəni Müstəqillik Gününü qeyd edir. 1918-ci ilin məhz bu günündə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı və xalqımızın azadlıq idealları rəsmi dövlətçilik formasına çevrildi.
Müstəqilliyin əsası özünəməxsusluqdur. Müstəqil dövləti olmaq, müstəqil dövlətdə yaşamaq səadətdir. Qüdrətli və möhkəm dövlət olmadan müstəqilliyi də əldə saxlamaq mümkün deyil. Xalqımızın tarixi azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə zəngindir. Ötən əsrdə dövlət müstəqilliyini iki dəfə elan edən dövlətimiz üçün bu tarixdə bir mücadilə olub: nə olursa-olsun, müstəqil dövlət olmaq!
Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlamentli respublika kimi tarixə düşdü və cəmi 23 aylıq fəaliyyəti ilə müstəqil dövlət quruculuğunun əsasını qoydu. Cümhuriyyətin irsini bu gün müstəqil Azərbaycan dövləti uğurla davam etdirir.
Nizami Bələdiyyəsi adından xalqımızı bu əlamətdar gün münasibətilə təbrik edir, dövlətçiliyimizin əbədi və sarsılmaz olmasını arzulayırıq.
Qoy bayrağımız daim ucalarda dalğalansın, istiqlalımız əbədi olsun!
Nizami bələdiyyə üzvü,
Bakı Şəhəri Tibbi Bədən Tərbiyəsi Dispanserinin baş həkimi Məmmədova Aysel.