17 Oktyabr Füzuli rayonu yenidən qurulur.

17 Oktyabr  Füzuli rayonu yenidən qurulur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub

Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.

27 ildən sonra 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir. Vətən müharibəsi zamanı ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir

İşğaldan azad olmuş bütün ərazilərdə olduğu kimi bu gün Füzuli rayonunda da böyük abadlıq-quruculuq işləri həyata keçirilir, yeni infrastruktur layihələr icra olunur.

Prezident İlham Əliyevin tapşırığına əsasən rayon yenidən qurulur. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il 18 martda “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir.

Dövlət başçısının xüsusi diqqəti nəticəsində rayonda “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, həmçinin Köndələnçay su anbarları kompleksi istifadəyə verilmişdir.

Füzulidə nəqliyyat infrastrukturunun yaradılması istiqamətində nəhəng layihələr reallaşdırılmışdır. Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları istismara verilmişdir. Bununla yanaşı, Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən açılışı edilmiş Füzuli Beynəlxalq Hava Limanı da istismara verilmişdir.

2023-cü il avqustun 18-dən etibarən Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanmışdır və bu proses artan templə davam edir.

İlkin mərhələdə 144 ailə köçürülüb. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində çətin şəraitdə yaşayan ailələrdir.

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı 2024-cü il yanvarın 24-də Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb.

Bu vaxta kimi Füzuliyə 824 ailə (3141 nəfər) köçürülüb. Böyük Qayıdış Proqramının birinci mərhələsində - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə Mirzə Uluqbəy adına orta məktəb inşa olunub. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılıb. Məktəbin ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, nəzarət buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib.

2024-cü il martın 12-də Prezident İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak edib. İşğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması iki xalq arasında dostluğun rəmzidir.

Hazırda qardaş Türkmənistan dövləti tərəfindən Füzulidə məscidin tikintisinə başlanılmışdır. Oktyabrın 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak edən digər dövlət və hökumət başçıları Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməlini qoyublar.

Türkmənistan tərəfindən Füzulidə inşa ediləcək məscid kompleksinin ümumi ərazisi 1 hektardan çox olacaq. Məscid binasında hər biri 40 metr olmaqla 2 minarə inşa ediləcək. Əsas günbəzin hündürlüyü isə 30 metr təşkil edəcək. Burada eyni vaxtda 500 nəfər ibadət edə biləcək.

Kəmalə Abdullayeva,
Bakı şəhər Nizami bələdiyyəsinin əməkdaşı.

Yeni səhifəmiz...

Çox gözəl!
Yaxşı
Normal
Pis deyil
Çox pis!