Zəngilan rayonunun ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür

Zəngilan rayonunun ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür

Oktyabrın 20-si Zəngilan şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin beşinci ildönümüdür.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 20 oktyabr Zəngilan şəhəri günü kimi qeyd edilir.

Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon olmuşdu. Qonşu Qubadlı və Cəbrayılın işğalı nəticəsində mühasirəyə düşən rayon əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə gördü. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı.

Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub. İşğaldan öncə rayon ərazisində onlarla milli və dini-tarixi abidə olub. İşğal dövründə bütün abidələr, o cümlədən rayonun bütün infrastrukturu erməni vandalları tərəfindən məhv edilib. Erməni vandalları Zəngilanda təbiətə qarşı da terror törədib, meşələri məhv edib, o cümlədən rayon ərazisində olan qızıl yatağı, qara mərmər yatağı və digər təbii sərvətləri mənimsəmişlər.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı və 44 gün davam edən əks-hücum əməliyyatlarının 24-cü günü, oktyabrın 20-də Zəngilan şəhəri erməni işğalından azad edildi.

Prezident İlham Əliyev 20 oktyabr 2020-ci il tarixində xalqa etdiyi müraciətində Zəngilan rayonunun Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhərinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmasını elan etdi.

Zəngilanın işğaldan azad edilməsi Vətən mühaibəsinin gedişində ən uğurlu əməliyyatlardan biri oldu. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edildi və işğal altında qalmış 132 kilometr sərhəd azad edildi.

Bu gün cənab Prezidentimizin şəxsi nəzarəti və rəhbərliyi altında Zəngilanda böyük quruculuq işləri aparılır. Böyük qayıdış prosesinə məhz Zəngilanda start verildi. Birinci pilot layihə Zəngilanda Ağalı kəndində icra edildi, 200 evdən ibarət gözəl kənd salınıb. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 175 ailənin, yəni 871 nəfərin məskunlaşması təmin olunub. Həmçinin Zəngilanda inşa edilmiş Beynəlxalq Hava Limanı isə regionun gələcək inkişafında müstəsna əhəmiyyət daşıyan ən böyük infrastruktur layihələrindən biridir.

Zəngilan rayonunun ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür. Zəngilanda görülən bu işlər gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafına mühüm töhfə verəcəkdir.

Heydər Rəhimov
Bakı şəhər Nizami bələdiyyəsinin sədr müavini.

Yeni səhifəmiz...

Çox gözəl!
Yaxşı
Normal
Pis deyil
Çox pis!