
Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir.
Rayonun sahəsi 802 kvadrat kilometrdir. Səthi əsasən dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir.
Rayon 1993-cü il avqustun 31-də rayon ermənilər tərəfindən tamamilə işğal olunmuşdur.
İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.
Qubadlı şəhəri 2020-ci il oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələrinin şücayəti nəticəsində erməni işğalından azad olunub.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 oktyabr - Qubadlı şəhəri günü kimi müəyyən olub. Artıq xalqımız 3-cü ildir ki, bu əlamətdar tarixi böyük qürur və fəxarət hissləri ilə qeyd edir.
Bu gün işğaldan azad olmuş bütün ərazilərimizdə olduğu kimi Qubadlıda da böyük abadlıq, quruculuq işləri aparılır, yeni infrastruktur layihələr icra olunur. Qubadlının yeni inkişaf tarixi başlanıb.
Xalqımız tam əmindir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin şəxsi nəzarəti və göstərişləri sayəsində qısa zaman kəsiyində Qubadlı rayonu yenidən Azərbaycanın dilbər guşəsinə çevriləcəkdir.
Yeganə Abbasova,
Nizami bələdiyyəsinin sədr müavini.