
Azərbaycan gəncliyi milli dəyərlərə sadiqliyi, yüksək intellekti və güclü iradəsi ilə ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayır. Tarixin bütün mərhələlərində gənclərimiz Vətənə bağlılıq, mübarizlik və fədakarlıq nümunəsi göstərərək xalqımızın inkişaf yoluna öz töhfələrini vermişlər.
Müstəqil Azərbaycanın bu günü və sabahı məhz sağlam düşüncəli, bilikli və təşəbbüskar gənclərin fəaliyyəti ilə formalaşır. Dövlət gənclər siyasətinin əsas məqsədi də gənclərin potensialının üzə çıxarılması, onların təhsil, elm, mədəniyyət və ictimai həyatın bütün sahələrində fəal iştirakının təmin edilməsidir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü proqramlar gənclərin öz bilik və bacarıqlarını reallaşdırmasına geniş imkanlar yaradır.
Azərbaycan gəncliyi milli-mənəvi dəyərləri qorumaqla yanaşı, müasir çağırışlara da açıqdır. Onlar qloballaşan dünyada milli kimliyini itirmədən, müasir düşüncə tərzi ilə ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edirlər. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı gənclərimizin göstərdiyi şücaət və qəhrəmanlıq Azərbaycan gəncliyinin vətənpərvər ruhunun bariz nümunəsidir.
Bu gün gənclər yalnız ölkənin gələcəyi deyil, eyni zamanda onun bu gününü formalaşdıran aparıcı qüvvədir. Onların fəallığı, ideyaları və təşəbbüsləri Azərbaycanın davamlı inkişafının əsas dayaqlarından biridir. Milli maraqlara sədaqət, dövlətçiliyə bağlılıq və güclü iradə Azərbaycan gəncliyini fərqləndirən başlıca keyfiyyətlərdir.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərimizə geniş və açıq müzakirə tribunası vermiş ilk forumun keçirildiyi günün ölkəmizdə 1997-ci ildən etibarən Gənclər Günü kimi qeyd olunması ənənəsi bir daha təsdiq edir ki, gənclər siyasəti dövlətimizin sosialyönümlü siyasətinin və insan kapitalının məqsədyönlü inkişafının əsas istiqamətlərindəndir.
Bu gün və sabah Azərbaycan gəncliyi tarixi ənənələrə söykənərək müasir inkişaf yolunda inamla irəliləyir. Bu gənclik ölkəmizin qüdrətinin, milli birliyinin və parlaq gələcəyinin əsas təminatçısıdır.
Əziz Gənclər! Sizə uğurlar, parlaq gələcək və Vətən naminə yeni nailiyyətlər arzulayıram.
2 fevral Gənclər Gününüz mübarək!
Tərəfimdən ötən 2022-2024 cü illər ərzində praktika rəhbəri olduğum müddətdə Nizami bələdiyyəsində tələbələrin istehsalat təcrübəsi zamanı gənclərin cəmiyyətə inteqrasiyası, ictimai fəallığının artırılması və vətənpərvərlik ruhunun yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edən lahiyələr həyata keçirilmişdir. Bu cür təşəbbüslər tələbələrin həm peşəkar, həm də mənəvi baxımdan inkişafı üçün önəmlidir,gələcəkdə dövlətinə və xalqına bağlı, məsuliyyətli gənc nəslin formalaşmasına xidmət edir.
Yeganə Abbasova
Bakı şəhər Nizami bələdiyyəsinin sədr müavini.