Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Tədbirdə bələdiyyə sədri Vüqar Quliyev, NRİH Başısı Aparatının ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Bəhmən Hüseynov, YAP Nizami Rayon Təşkilatının məsləhətçisi Aytac Məhərrəmova, Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyinin sədri Xəqani Səfərov, Nizami rayon 24 saylı DSK-nın sədri Fəridə Rzayeva, 29 yanvar 2025-ci il bələdiyyə seçkilərində qalibiyyət qazanmış gənc bələdiyyə üzvləri və fəal bələdiyyə qulluqçuları iştirak etmişdir.
Tədbirin açılışında çıxış edən Nizami Bələdiyyəsinin sədri ölkəmizdə gənclər siyasətinin dövlət səviyyəsində uğurla həyata keçirildiyini qeyd etmiş, gənclərin sosial-iqtisadi inkişafda, ictimai-siyasi həyatda və yerli özünüidarəetmədə rolunun getdikcə artdığını vurğulamışdır.
Daha sonra çıxış edən digər natiqlər Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərimizə geniş və açıq müzakirə tribunası verən ilk Gənclər Forumunun keçirildiyi günün 1997-ci ildən etibarən ölkəmizdə Gənclər Günü kimi qeyd olunmasının mühüm ictimai-siyasi əhəmiyyət daşıdığını vurğulamışlar. Qeyd edilmişdir ki, bu ənənə gənclər siyasətinin dövlətimizin sosialyönümlü siyasətinin və insan kapitalının məqsədyönlü inkişafının əsas istiqamətlərindən biri olduğunu bir daha təsdiq edir.
Eyni zamanda çıxışlarda Azərbaycan gənclərinin dövlətə və Vətənə bağlılıq ruhunda tərbiyə olunmasının vacibliyi şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu və göstərdikləri qəhrəmanlıq nümunələri fonunda xüsusi qeyd edilmiş, şəhidlərimizin şanlı yolunun bugünkü və gələcək nəsillər üçün möhkəm mənəvi dayaq olduğu vurğulanmışdır.
Əminik ki, Azərbaycan gəncləri dövlətimizin göstərdiyi etimadı doğruldacaq, milli-mənəvi dəyərlərimizə sadiq qalaraq ölkəmizin tərəqqisi və daha parlaq gələcəyi naminə bundan sonra da səylə çalışacaqdır.
Sonda yerli özünüidarəetmə işində fəal iştiraklarına görə, yeni bələdiyyə üzvü seçilmiş gənc bələdiyyə üzvləri və gənc bələdiyyə qulluqçuları fəxri fərman və təşəkkürnamələrlə təltif olunmuşlar.

