
Tarixin ağrısından dirçəlişə gedən yol!
Həm hüzn,həm də qürurun adı olan Xocalı!
Azərbaycan xalqının yaddaşına qanla yazılmış ən ağır faciələrdən biri Xocalı soyqırımıdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq törədilmuşdir. Bu hadisə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı edilmiş ağır cinayət kimi tarixə düşmüşdür.Dövlətimiz Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərir. “Xocalıya ədalət” kampaniyası çərçivəsində bir çox ölkələr və beynəlxalq qurumlar bu faciəni tanımış və pisləmiş,bu soyqrım qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Bu vaxtadək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımı bu günə qədər ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.
Hər il 26 fevral ölkəmizdə Xocalı qurbanlarının anım günü kimi qeyd olunur. Məqsəd yalnız matəm saxlamaq deyil, həm də tarixi unutdurmamaq, ədalətin bərqərar olunmasına nail olmaqdır.
Xocalı şəhəri 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçı qüvvələrdən tamamilə təmizlənmişdir. Bununla da illərlə işğal və dağıntılar altında qalan Xocalı üzərində Azərbaycanın suverenliyi tam bərpa olundu.2023-cü il oktyabrın 15-də möhtərəm prezident Cənab İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu hadisə yalnız siyasi və hərbi qələbə olmadı, həm də tarixi ədalətin təntənəsi kimi yadda qaldı. Xocalıda üçrəngli bayrağımızın dalğalanması xalqımızın iradəsinin, şəhidlərimizin qanı bahasına qazanılmış zəfərin rəmzinə çevrildi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı yeni inkişaf mərhələsinə qədəm qoyub. Şəhərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, infrastruktur layihələri icra olunur, yaşayış binaları, sosial obyektlər tikilir, yollar və kommunikasiya xətləri yenilənir. “Böyük Qayıdış” proqramı çərçivəsində xocalılı ailələr mərhələli şəkildə öz doğma torpaqlarına qayıdır, uzun illər həsrətində olduqları yurd yerlərində yenidən həyat qururlar.Artıq Xocalı yalnız keçmişin acı xatirələri ilə deyil, dirçəlişin nəfəsi, quruculuğun səsi və doğma yurda qovuşmanın sevinc göz yaşları ilə anılır. Uzun illərin həsrətindən sonra həmin torpaqlarda yenidən həyat canlanır, ocaqlar alovlanır, uşaqların səsi eşidilir.Xocalıya qayıdan hər bir ailə təkcə evinə deyil, həm də ləyaqətinə və tarixi haqqına və ədalətin bərpasına qovuşur. Bu dönüş Azərbaycan dövlətinin gücünün, xalqın birliyinin və sarsılmaz iradəsinin təcəssümüdür.
Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayır, onların bizə əmanət etdiyi torpaqlarda bu gün üçrəngli bayrağımız dalğalanır, həyat yenidən canlanır. Xocalı – ağrıdan gücə, faciədən zəfərə, ayrılıqdan qayıdışa gedən yolun adı oldu. Bu gün o şəhər gələcəyə inamla baxır və hər birimizin qəlbində sonsuz qürur hissi oyadır. Xocalı faciədən güc alan xalqın iradəsinin, birliyinin və sarsılmaz əzminin rəmzinə çevrildi. Artıq qayıdışın hər addımı, tikilən hər bina, ucaldılan hər bayraq dirçəliş tariximizin yeni səhifəsinə çevrilib.
Vətən bu gün Xocalıda şəhid olanların ruhu qarşısında baş əyir. Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün dövlətimiz tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.
XX əsrin ən dəhşətli soyqırımı kimi Azərbaycan xalqının qan yaddaşına yazılan Xocalı faciəsini
unutmadıq,unutmarıq! Xocalı artıq kədərin deyil, qürurun və gələcəyə qətiyyətli inamın şəhəridir.????????
Yeganə Abbasova,
Bakı şəhər Nizami bələdiyyəsinin sədr müavini.