1 may 2026-cı il tarixində Nizami Kino Mərkəzində “Şəhid Analarına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə şəhid Zakir Cəfərovun anadan olmasının 30 illiyinə həsr edilmiş “Zakirin essesi” sənədli filminin təqdimat mərasimi keçirilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Heydər Əliyev adına Hərbi İnstitutun kursantları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılmasında bu kimi tədbirlərin əhəmiyyəti vurğulanıb, şəhidlərin xatirəsinin yaşadılmasının milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsində mühüm rol oynadığı qeyd olunub.
Şəhid Zakir Cəfərovun anası Kəmalə Abdullayeva tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Filmin ssenari müəllifi və rejissoru Etibar Məmmədov ekran işi barədə iştirakçılara məlumat verib.
Tədbirin bədii hissəsində əməkdar artist Cabir Abdullayev “Şuşanın dağları” xalq mahnısını, hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı isə “Cənab Leytenant” mahnısını səsləndirib.
Daha sonra “Zakirin essesi” filmi nümayiş olunub. 35 dəqiqəlik sənədli ekran işində şəhid Zakir Cəfərovun uşaqlıq və məktəb illəri, müəllim və dostlarının xatirələri, onun hərbi xidmətə marağı, Vətənə bağlılığı, mərdliyi və arzuları əks olunub.
Qeyd edək ki, 2017-ci il fevralın 24-dən 25-nə keçən gecə əsgər Zakir Cəfərov və bir qrup kəşfiyyatçı Xocavənd istiqamətində döyüş tapşırığını yerinə yetirdikdən sonra geri qayıdarkən düşmən pusqusuna məruz qalıb, son gülləyədək döyüşərək qəhrəmancasına şəhid olublar.


