Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Nizami rayon sektoru və Bakı şəhər Nizami Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Gənclərin yerli özünüidarəetmədə rolu” mövzusunda tədbir keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Nizami rayon sektoru üzrə baş məsləhətçisi Valeh Əmrahov, Nizami Bələdiyyəsinin sədr müavinləri Yeganə Abbasova və Heydər Rəhimov, şəhid Zakir Cəfərovun anası Kəmalə Abdullayeva və digər iştirakçılar gənclərin dövlət siyasətindəki rolundan, onların cəmiyyətin inkişafında və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində iştirakının əhəmiyyətindən bəhs ediblər.Gənclərə yaradılan imkanlar, onların təşəbbüslərinə göstərilən dəstək və qərarvermə prosesində fəal iştirakı güclü cəmiyyətin və davamlı inkişafın əsas təminatıdır.
Çıxışlarda, həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin göstərdiyi misilsiz qəhrəmanlıq, vətənpərvərlik və fədakarlıq nümunələri xüsusi vurğulanıb. Qeyd olunub ki, bu gün gənclərin üzərinə düşən əsas vəzifələrdən biri qazanılmış tarixi Zəfərin dəyərlərini qorumaq, dövlətçiliyimizə sədaqətlə xidmət etmək və ölkəmizin gələcək inkişafına öz töhfələrini verməkdir.
Tədbirin sonunda gənc bələdiyyə üzvlərinə və bələdiyyə qulluqçularına fəal iştiraklarına görə sertifikatlar, tədbirin təşkilinə göstərdikləri dəstəyə görə rəhbərlik heyətinin nümayəndələrinə isə təşəkkürnamələr təqdim olunub.
Tədbir xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.




