17.11.2022 Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasına səfəri bu əməkdaşlığın daha da inkişafına önəmli təkan verəcəkdir. Qeyd edək ki, bu səfər Prezident İlham Əliyevin Albaniyaya ilk səfəridir.
Azərbaycan-Albaniya münasibətləri yüksələn xətlə inkişaf edir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Qlobal Bakı forumlarına bir qayda olaraq Albaniya Respublikasının Prezidenti, həmçinin Mərkəzin fəaliyyətində fəal iştirak edən keçmiş prezidentləri qatılıblar. Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlər 1993-cü ilin sentyabrın 23-də qurulub. Bu münasibətlərin 30-cu ildönümü ilə əlaqədar gələn il Albaniyada “Azərbaycan Həftə”sinin təşkil olunması planlaşdırılır.
Azərbaycan və Albaniya arasında ticarət əlaqələri də inkişaf etməkdədir. Enerji sahəsində əməkdaşlıq isə iqtisadi əlaqələrimizin əsas istiqamətidir. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin həyata keçirilməsi strateji əhəmiyyət daşıyır və hər iki ölkə bu istiqamətdə uğurla əməkdaşlıq edib. Eyni zamanda, Albaniya Azərbaycan tərəfinin ölkənin enerji infrastrukturunda aktiv iştirakında maraqlıdır. Albaniyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün iclaslarında iştirak edib və layihənin icrasına töhfə veriblər. Albaniya TAP vasitəsilə Cənub Qaz Dəhlizinin (CQD) iştirakçısıdır. TAP layihəsi üzrə Hökumətlərarası Saziş 2013-cü ilin fevral ayında Albaniya, İtaliya və Yunanıstan dövlətləri arasında imzalanmış və 2016-cı ilin mart ayından tikinti işləri başlayıb. 2020-ci ilin dekabrın 31-də TAP boru kəməri vasitəsilə kommersiya qazının nəqlinə başlanılıb. TAP konsorsiumu Albaniyaya 1,5 milyard avro dəyərində sərmayə yatırıb. Layihənin ömrü ərzində (tikintisi və 25 il istismar mərhələsi dövründə) ölkəyə gözlənilən vergi ödənişləri 285 milyon avro olacaq.
2019-cu il noyabrın 26-da Albaniyada baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan tərəfindən humanitar yardım olaraq 500 min avro ayrılıb.
Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatları, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi ölkəmizə olan dəstəyin bariz nümunəsidir.
Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Cənab Prezidentimizin 15 noyabrda Albaniyaya səfəri, keçirdiyi görüşlər və apardığı müzakirələr bu əməkdaşlığın daha da inkişaf etdirilməsinə mühüm töhvələr verəcəkdir.

N.Quliyev

Nizami Bələdiyyəsi

17.11.2022 Beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlıq Azərbaycan-Albaniya əlaqələrini daha da gücləndirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabr ayının 15-də Albaniyada rəsmi dövlət səfərində olub. Səfər çərçivəsində dövlətimizin başçısı Albaniyanın Prezidenti Bayram Beqayla təkbətək və geniş tərkibdə görüşləri olub. Təkbətək görüşdən sonra Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Respublikasının Prezidentinin Albaniyaya səfərə gəlməsini yüksək qiymətləndirən Albaniya Prezidenti Bayram Beqay xüsusilə vurğulayıb ki, bu səfər, keçirələn görüşlər və müzakirə olunan məsələlər Azərbaycan-Albaniya münasibətlərinin inkişafına yeni bir təkan verəcəkdir. “Bu gün mən Azərbaycan Prezidenti cənab İlham Əliyevi burada – Tiranada böyük məmnunluqla qəbul edirəm. Cənab Prezident, bizim dəvətimizi qəbul etdiyinizə, bizimlə apardığınız məhsuldar əməkdaşlığa görə təşəkkürümü bildirmək istəyirəm. Bu, əlaqələrimizin tarixində ilk mühüm dövlət səfəridir. Azərbaycan Prezidenti ölkəmizə səfər edib. Belə yüksək səviyyəli səfər münasibətlərimizin inkişaf etdirilməsində, xalqlarımız arasında əməkdaşlığın genişləndirilməsində qarşılıqlı iradəmizin təzahürüdür.
Ölkələrimiz arasında aparılan dialoqa görə dərin təşəkkürümü bildirirəm. Cənab Prezident, çox yaxşı haldır ki, Siz bu gün ölkəmizdəsiniz. Əslində, bu, qarşılıqlı maraq doğuran əməkdaşlığın yeni sahələrini açır. Albaniya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün qeyd edilməsinə gəldikdə, 2023-cü ildə biz əməkdaşlığımızın daha intensiv mərhələsinə qədəm qoyacağıq. Biz burada Azərbaycan Həftəsini keçirmək niyyətindəyik. Əslində, bu tədbir ölkənizin burada mədəni baxımdan təşviq olunması üçün önəmlidir. Biz, həmçinin burada ölkənizin səfirliyinin açılması ilə əlaqədar iradəsini bildirdiyinə görə Azərbaycan tərəfinə minnətdarıq və həmin addım ölkələrimiz arasında əməkdaşlığın yaxşı təzahürüdür.
Bu gün aparılan müzakirələr xüsusilə vacibdir, çünki biz gələcək üçün yeni istiqamətləri müəyyən edirik, bizim üçün maraqlı olan sahələri təyin edirik. Bununla qeyd etmək istərdik ki, Birgə Komitənin iclası əlaqələrimizi daha da möhkəmləndirə bilər. Beləliklə Albaniya enerji, infrastruktur, turizm, kənd təsərrüfatı və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsində olduqca maraqlıdır. Əlbəttə ki, enerji sahəsində İon–Adriatik boru kəməri Albaniyanı, Monteneqronu, Xorvatiyanı birləşdirərək, ölkələrimizin geosiyasi əhəmiyyətini artırır və regional, o cümlədən Avropa səviyyəsində qaz təchizatının şaxələndirilməsini nümayiş etdirir. Bilirik ki, bu sahədə ölkənizin sərmayə qoyuluşu baxımından təcrübəsi var. Albaniya, həmçinin öz ərazisində tranzit imkanlarından istifadəyə çox açıqdır və hazırdır. Qaz infrastrukturumuzdan bu məqsədlə tam istifadə olunmasını mümkün hesab edirik. Bu sahədə daha böyük nəticələrin əldə olunmasını səmimiyyətlə arzu edirik. Beləliklə, biz əməkdaşlığımızın yeni yollarını açırıq və bu məqsədlə Azərbaycan tərəfinin göstərəcəyi səyləri alqışlayırıq. Fikrimizcə, birgə işləyərək öz imkanlarımızı səfərbər edə biləcəyik və daha da genişləndirəcəyik”- deyə Albaniya dövlət başçısı bildirib.
Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev yüksək qonaqpərvərliyə və səmimi qarşılanmaya görə Albaniya Prezidentinə öz təşəkkürlərini bildirib və çıxışında qeyd edib ki, “Mən gözəl ölkənizə ilk dəfə səfər edirəm və burada olmağımdan çox məmnunam. Əminəm ki, bu səfər Albaniya-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan verəcək. Biz Sizinlə bu gün təkbətək görüşdə bir çox məsələləri müzakirə etdik və əmin olduğumuzu bildirdik ki, gələcək yaxın əməkdaşlıq üçün çox gözəl imkanlar vardır.
Siyasi dialoqa gəldikdə, Albaniya prezidentləri əvvəlki illərdə Azərbaycana dəfələrlə səfər etmişdilər. Bu il keçmiş Prezident Meta Azərbaycanda səfərdə idi. Eyni zamanda, bu ilin aprel ayında Baş nazir Edi Rama da bizim qonağımız idi. Bu gün mənim səfərim onu göstərir ki, siyasi dialoqun çox gözəl təzahürləri var və çox güclü dinamizm var. Yəni, bu sıx siyasi təmaslar, əlbəttə, bizim niyyətimizi, bir-birimizə olan marağı göstərir, eyni zamanda, imkan verir ki, çox önəmli məsələlər müzakirə edilsin.
Beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlığımız da bizim əlaqələrimizi gücləndirir. Siz qeyd etdiniz ki, Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub, biz bunu çox yüksək qiymətləndiririk. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk”.

N.Quliyev

Nizami Bələdiyyəsi

15.11.2022 Azərbaycançılıq konsepsiyası bu gün cəmiyyətin inkişafının ideya təməlini təşkil edir.YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında Partiyanın 5 fəsildən ibarət yeni Proqramı təsdiq edilmişdir. Proqramda Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub. Bu istiqamətlərindən biri Azərbaycançılıqdır. Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın istiqlalını və bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır.
Azərbaycançılıq milli dövlət ideologiyası kimi, Azərbaycan Respublikasının Konstitusiya əsaslarına söykənən, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir.
Azərbaycançılıq ideologiyası XIX əsrin sonu XX əsrin əvvəllərində təşəkkül taparaq formalaşmış və bir əsr ərzində davamlı təkamül yolu keçmişdir. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Heydər Əliyev hələ sovet dövründə Azərbaycan Respublikasına rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı.
Azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, onun demokratik inkişafını təmin etməklə bərabər, millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanır. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir.
Ümummilli lider Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya azərbaycanlılarının I qurultayında dövlətin siyasətini səciyyələndirərkən onun prioritet istiqamətini nəzərə çatdırmışdır: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".
Azərbaycançılıq konsepsiyası bu gün cəmiyyətin inkişafının ideya təməlini təşkil edir. Prezident İlham Əliyev azərbaycançılıq məfkurəsini dövlətçiliyimizin ideoloji əsası kimi xarakterizə edərək demişdir: “Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır”.

N.Quliyev

Nizami Bələdiyyəsi

15.11.2022  Yeni Azərbaycan Partiyası cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilmiş ümumxalq partiyasıdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır.
Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.
Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.
Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.
Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir.

N.Quliyev

Nizami Bələdiyyəsi

15.11.2022  “Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.” Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. 1988-ci ildən başlayaraq Azərbaycanda siyasi qurumların formalaşması prosesi ilə başlanan xalq hərəkatı gedişində 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə «91-lər»in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.
Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular.
Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
Yeni Azərbaycan Partiyasının 2005-ci ilin mart ayının 26-da keçirilən III Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP Sədrinin birinci müavini İlham Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir. Qurultayda partiyanın rəhbər orqanlarına keçirilən seçkilərdə 102 nəfər Siyasi Şura üzvü və onların içərisindən isə 25 nəfər İdarə Heyətinə seçilmişdir. MNTK-ya 17 nəfər üzv seçilmişdir.

2021-ci il mart ayının 5-də Yeni Azərbaycan Partiyasının VII Qurultayı keçirilmişdir. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, Əli Əhmədov partiya sədrinin müavini təyin edilmişdir. Qurultayda İdarə Heyətinin, Təftiş Komissiyasının yeni tərkibi, habelə yeni yaradılan Veteranlar Şurasının sədri, müavini və üzvləri seçilmişdir.
“Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.” – Prezident İlham Əliyevin YAP-ın VII qurultayında çıxışında demişdir.
5 mart 2021-ci il tarixində keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Hazırda YAP-ın 773 770 üzvü var.

N.Quliyev

Nizami Bələdiyyəsi

14.11.2022 Qarabağ münaqişəsi tarixdə qaldı. "Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır".- bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı söyləyib.
Azərbaycan dövlətinin xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirdiyini vurğulayan Prezident İlham Əliyev bildirib:"Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməmələri üçün səylərimizi davam etdirəcəyik".
Prezidenti İlham Əliyev bildirib ki, bu həftə Azərbaycan xalqı Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasının ikinci ildönümünü böyük qürur hissi ilə qeyd etdi: "İki il əvvəl biz Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyduq, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik. Bununla Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi".
Dövlətimizin başçısı deyib ki, otuz illik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır."Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu "Qafqazın Xirosiması" adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir", - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Ermənistan işğal zamanı ərazilərimizdə bir milyondan çox mina basdırdığını xatırladan dövlətimizin başçısı bildirib ki, Vətən müharibəsindən ötən iki il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb:
"Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün "Böyük Qayıdış" proqramının icrasına başlamışıq. Bu prosesdə Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər".
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın azad olunmuş torpaqlara üç dəfə səfər etdiyini, Şuşada, Füzulidə, Zəngilanda və Cəbrayılda olduğunu vurğulayan Prezident İlham Əliyev bildirib: "Mən digər türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura dəvət edirəm. Fürsətdən istifadə edərək, mən işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikiləcək məktəbə və Qazaxıstan tərəfindən inşa olunacaq yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığımı bildirirəm. Bunlar Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın təzahürüdür".
Prezident İlham Əliyev qeyd edib ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistan sərhəddə hərbi təxribatlarını davam etdirir. Son olaraq sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-hücum əməliyyatına başlamağa məcbur oldu.
Dövlətimizin başçısı bildirib ki, Ermənistan dünya ictimai rəyini çaşdırmaq üçün əsassız olaraq Azərbaycanı hərbi təcavüzdə günahlandırmağa çalışır. Bu əsassız iddiaları qəti şəkildə rədd edirik. "Biz öz torpaqlarımızda vuruşmuşuq və Ermənistan ordusunu məğlub edərək onları əzəli torpaqlarımızdan qovmuşuq. Biz, bu gün də Azərbaycan-Ermənistan sərhədi istiqamətində öz doğma torpaqlarımızdayıq", - deyə Azərbaycan Prezidenti qeyd edib.
Oktyabr ayında Praqada və Soçidə qəbul edilmiş birgə bəyanatlarda Azərbaycanın və Ermənistanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdıqlarını vurğulayan dövlətimizin başçısı bildirib: "Bu, bir daha onu göstərir ki, Qarabağ münaqişəsi tarixdə qaldı".


Heydər Rəhimov

Qarabağ veteranı, ehtiyatda olan zabit

14.11.2022 Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü – qardaşlıq və dostluq münasibətlərinin inkişafında  yeni mərhələ. Noyabrın 11-də Özbəkistan keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün yekunlarına dair Səmərqənd Bəyannaməsi imzalanıb.
Bəyannamədə Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları Türk xalqlarının ortaq tarixi, dili, mədəniyyəti, ənənələri və dəyərlərinə əsaslanan Türk Dövlətləri Təşkilatının çoxtərəfli çərçivəsində əməkdaşlığı daha da dərinləşdirmək və genişləndirmək əzmində olduqlarını təkrarlayıb, Azərbaycanın münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyə hazırlıqlarını bir daha təsdiqləyiblər.
Tərəflər ümumi maraq kəsb edən təhlükəsizlik məsələləri üzrə sıx əlaqələndirmə və əməkdaşlığı təmin etmək üçün Türk Dövlətləri Təşkilatı çərçivəsində üzv dövlətlərin hökumətləri və dövlət qurumları arasında müntəzəm olaraq təhlükəsizlik məsləhətləşmələrinin davam etdirilməsi barədə tapşırıq verib, müdafiə sənayesi və hərbi sahədə daha sıx əməkdaşlığa çağırış ediblər.
Sənəddə rəqəmsal iqtisadiyyat və Dördüncü Sənaye İnqilabı sahələrində üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.
Üzv dövlətlərin aidiyyəti qurumları müvafiq orqanlar, o cümlədən dövlət qurumları, qeyri-hökumət təşkilatları, media qurumları, elm adamları, qərar qəbul edən və rəy verən şəxslər arasında əlaqələri və koordinasiyanı gücləndirmək üçün əsasən ictimai diplomatiya, kommunikasiya və media sahələrində bir-biri ilə əməkdaşlıq etmək, eləcə də beynəlxalq sferada dezinformasiya ilə uğurla mübarizə aparmaq və geniş ictimaiyyəti dəqiq məlumatlandırmaq məqsədilə əməkdaşlıq üçün yeni imkanlar yaratmaq barədə təlimatlandırılıb.
Bəyannamədə yeni yaradılmış xüsusi işçi qrupu vasitəsilə TDT çərçivəsində “e-imza” pilot layihəsinin həyata keçirilməsi, eləcə də ictimai xidmətlərin transformasiyası üzrə əməkdaşlığın davam etdirilməsi, e-xidmətlər üçün rəqəmsal platformaların yaradılması ilə bağlı üzv dövlətlərin IT üzrə məsul nazirliklərini təlimatlandırır, üzv dövlətlər arasında əməkdaşlığı genişləndirəcək Rəqəmsal İpək Yolu çərçivəsində Trans-Xəzər fiberoptik infrastrukturun, sözügedən layihənin həyata keçirilməsində IT infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı fəaliyyətlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Dövlət və hökumət başçıları, həmçinin Zəngəzur dəhlizinin tezliklə açılması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin artırılması, Avropa və Asiya arasında daha yaxşı nəqliyyat bağlantılarının genişləndirilməsi və nəqliyyat əlaqələrinin şaxələndirilməsinə töhfə verən “Özbəkistan-Qırğızıstan-Çin” və “Termiz-Məzar-i-Şərif-Kabil-Pişəvər” dəmir yolu xətlərinin tikintisi üçün üzv dövlətlərin səylərini dəstəkləyiblər.
Eyni zamanda, Şamaxı şəhərinin 2023-cü il üçün “Türk dünyası turizm paytaxtı” elan edilməsi yüksək qiymətləndirilib.
Sənəddə, habelə Türkiyə Respublikasının Bursa şəhərinin 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi alqışlanıb, şəhərdə təşkil olunan fəaliyyətlərdən məmnunluq bildirilib, eləcə də Şuşanın “2023-cü il Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi yüksək qiymətləndirilib, TMİF tərəfindən 2022-ci ildə Bursada və 2023-cü ildə TÜRKSOY tərəfindən Şuşada təşkil olunacaq mədəniyyət günləri daxil olmaqla, fəaliyyətlərə dəstək ifadə edilib.
Təşkilatın IX Zirvə Görüşünün iştirakçıları Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və Türkmənistan Parlamentinin Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovu Türk dünyasının Ali Ordeni ilə təltif olunmaları münasibətilə təbrik ediblər.
Daha sonra “Türk Dünyasına Baxış-2040” sənədinin həyata keçirilməsi üçün “2022-2026-cı illər üzrə Türk Dövlətləri Təşkilatı Strategiyası”, həmçinin “Türk Dünyasına Baxış-2040” sənədinin həyata keçirilməsi üçün “2022-2026-cı illər üzrə Türk Dövlətləri Təşkilatı Strategiyası” təsdiqlənib, TDT Ticarətin asanlaşdırılması strategiyası haqqında və Səmərqənd şəhərinin Türk sivilizasiyası paytaxtı elan olunması haqqında qərarlar qəbul edilib. Eyni zamanda, gömrük dəhlizlərinin yaradılmasının asanlaşdırılması ilə bağlı saziş imzalanıb. Bundan əlavə, nəqliyyat sahəsində əməkdaşlığın inkişafını nəzərdə tutan qərar da qəbul olunub.

N.Quliyev

Nizami Bələdiyyəsi

14.11.2022 Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxmışdır. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistana gedib. Prezidenti İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın qardaş Özbəkistanda böyük sevinc və rəğbət hissləri ilə qarşılanması xalqımıza olan böyük sevgidən xəbər verir. Onu da qeyd edək ki, Prezident İlham Əliyev son 7 ayda üç dəfə Özbəkistana səfər edib. Səfərlər zamanı aparılan müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxmışdır. Ermənistanın otuz ilə yaxın davam edən işğalına son qoyaraq ərazilərini azad edən Azərbaycanın tarixi zəfərinə sevinənlər arasında qardaş özbək xalqının xüsusi yeri var. Səmərqənddə noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşündə o xoş, qürurverici tarixdən də söz açıldı. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev danışıqlara başlamazdan əvvəl dövlətimizin başçısını böyük qələbə - 8 noyabr günü münasibətilə təbrik etdi: "Sizin yaxın dostlarınız kimi biz də bu zəfəri bayram etmişik. Bu münasibətlə sizi bir daha təbrik edirəm. 12 Noyabr Konstitusiya Gününüzü təbrik edirəm. Sabah sizdə Milli Olimpiya Komitəsinin 30 illiyidir, bu münasibətlə də təbrik edirəm, - siz bu təşkilata rəhbərlik edirsiniz. Bunlar elə hadisələrdir ki, yaxşı dostlar onları heç vaxt unutmamalıdırlar".
Azərbaycanla Özbəkistan arasında münasibətlər strateji əhəmiyyət daşıyır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkələrimiz arasında əlaqələrin sistemli olduğunu və ən başlıcası, konkret nəticələr verdiyini vurğuladı.
Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın Vətən müharibəsində qələbəsi münasibətilə təbrikinə görə Özbəkistan Prezidentinə təşəkkürünü bildirdi. Qardaş özbək xalqının, şəxsən Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin Azərbaycanın ədaləti bərpa etməsinə münasibətini məmnunluqla qeyd edən Prezident İlham Əliyev nəzərə çatdırdı ki, biz bu dəstəyi müharibə dövründə də, sonra da hiss edirik: "Əlbəttə, işğaldan azad edilmiş Füzuli şəhərində məktəb tikmək təşəbbüsünüzə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bu, ərazilərin bərpası işinə ilk xarici töhfə olacaq və biz bunu çox yüksək qiymətləndiririk. İndicə sizinlə informasiya mübadiləsi etdiyimiz kimi, məktəbin tikintisi artıq başlanıb. Bu məktəb bizim xalqlarımızın qardaşlığının rəmzi olacaq".
Son vaxtlar iki dövlət arasında münasibətlərin daha da yaxınlaşdığını vurğulayan Azərbaycan Prezidenti dedi: "Fikrimcə, bu da bizim əcdadlarımızın iradəsidir və xalqlarımız arasında tarixi qardaşlıq əlaqələri məcrasında baş verir. Yeddi ay ərzində üçüncü dəfədir ki, Özbəkistana səfər edirəm. Hər dəfə şəxsən sizə və qardaş özbək xalqına böyük məhəbbətlə, böyük hörmətlə gəlirəm və burada olandan sonra sizin rəhbərliyinizlə Özbəkistanın qazandığı böyük nailiyyətlər haqqında danışıram. Daşkəndi, Xivəni, Səmərqəndi ziyarət etmək kifayətdir. Mən artıq Özbəkistanla kifayət qədər yaxşı tanışam və deməliyəm, birmənalı şəkildə qeyd etmək olar ki, Səmərqənd mühüm beynəlxalq siyasi mərkəzə çevrilib. Ona görə ki, burada dünya liderlərinin iştirakı ilə dünya səviyyəli müxtəlif beynəlxalq tədbirlər keçirilir. Bu münasibətlə də sizi təbrik edirəm".
Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsi məsələləri barədə də fikir mübadiləsi aparıldı. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində əldə olunmuş razılaşmaların icrası istiqamətində görülən işlərə toxunuldu, bu baxımdan hökumətlərarası komissiyanın fəaliyyəti qeyd olundu.
İki ölkə arasında uğurlu əməkdaşlıqlar bir sıra istiqamətdə davam edir. Söhbət zamanı maşınqayırma sahəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsində müsbət nəticələr vurğulandı. Həmçinin əczaçılıq, energetika, eləcə də ipəkçilik sahəsində nailiyyətlərin olduğu bildirildi. Qeyd olundu ki, iki ölkənin regionları arasında əməkdaşlığın təşviqi məqsədilə bu ilin sonunda regionlararası forum keçiriləcək. Tədbir çərçivəsində iki ölkənin bir sıra şəhərləri arasında qardaşlıq münasibətlərinin qurulması barədə anlaşmaların imzalanacağı müsbət hal kimi dəyərləndirildi. Vurğulandı ki, bu tədbirlər Azərbaycanla Özbəkistanın qardaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verəcək.
Dövlət başçıları iki ölkə arasında humanitar-mədəni sahədə əməkdaşlığın inkişafının əhəmiyyətini də qeyd etdilər, mədəniyyət qruplarının intensiv qastrol səfərlərinin təşkilinin vacibliyini diqqətə çatdırdılar.
Söhbət zamanı Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün Səmərqənd şəhərində keçirilməsinin böyük tarixi və rəmzi məna daşıdığı deyildi. Xüsusən təşkilatın adının dəyişdirilməsindən sonra ilk Zirvə görüşünün bu tarixi şəhərdə keçirilməsinin önəmi vurğulandı.

N.Quliyev

Nizami Bələdiyyəsi

11.11.2022 İlk milli Konstitusiyamızın qəbulu ölkədə humanitar inkişafın prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi.İlk milli Konstitusiyamızın qəbulu ölkədə humanitar inkişafın prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi.


Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu İlk milli Konstitusiyamızın qəbul edilməsindən 27 il keçir. On iki fəsil, 158 maddədən ibarət olan bu Əsas Qanunun tam 48 maddəsi insan hüquqlarına və onun gerçəkləşməsi təminatlarına həsr edilmişdir. Konstitusiya ilə insan və vətəndaş hüquq və azadlıqlarını dövlətin ali məqsədi kimi təsbit etməklə uzun sürən totalitar sistemdə doğulub böyümüş ölkə vətəndaşlarına bütün növ insan hüquqlarından – əmək, istirahət, sosial təminat, təhlükəsiz yaşamaq, təhsil, fikir və söz azadlığı, cəmiyyətin və dövlətin siyasi həyatında, dövlətin idarə edilməsində iştirak hüquqları və sairədən yararlanmaq imkanı verilmişdir.

Hər bir dövlət yalnız vətəndaşlarının təhlükəsizliyini, onların hüquqlarının və qanuni maraqlarının qorunmasını, müdafiəsini və bunun səmərəli bərpasını təmin etdikdə, mahiyyətcə hüquqi dövlət kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci (dövlətin ali məqsədi), 24-cü (insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi), 25-ci (bərabərlik hüququ), 26-cı (insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi), 60-cı (hüquq və azadlıqların məhkəmə təminatı), 61-ci (hüquqi yardım almaq hüququ), 71-ci (insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı) maddələrində müstəqil, suveren milli respublikamızda insan hüquq və azadlıqlarına ali dəyər verilməsi, onların tanınması və müdafiəsində dövlətin vəzifəsi və s. məsələlər hüquqi həllini tapmışdır.

Eyni zamanda, bu maddələrin məzmununa əsasən, dövlət yalnız birbaşa Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş hüquq və azadlıqları deyil, həmçinin onlardan irəli gələn və qanun əsasında əldə edilən digər hüquqları da qorumağa və müdafiə etməyə borcludur. İlk milli Konstitusiyamızın qəbulu, sadəcə, yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyil, ölkədə humanitar inkişafın prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi. Bu mərhələ isə ilk növbədə siyasi sistemin mərkəzində insanın və vətəndaşın, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə səciyyəvidir.

Azərbaycan ilk milli Konstitusiyası ilə qanunçuluğu ideya və dəyərlər sistemi kimi təsbit etmişdir. Beləliklə, dövlətin və cəmiyyətin hüquqla sıx bağlılığı, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması vasitəsilə xalqın hakimiyyət funksiyalarının həyata keçirilməsində iştirakı, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, siyasi sistemdə plüralizmə təminat verilməsi, sosial ədalətə nail olunması, ümumbəşəri dəyərlərə sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması və s. proseslərə geniş yol açılmış, ictimai, siyasi və iqtisadi həyatın hüquqi bazası müəyyənləşmişdir.

N.Quliyev

Nizami Bələdiyyəsi

11.11.2022 Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı.12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 27 il ötür.
Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.
1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.
Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Ümummilli lider Heydər Əliyev bu barədə danışarkən deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.
Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

N.Quliyev

Nizami Bələdiyyəsi