06.12.2022 Hərbi Qənimətlər Parkı erməni hərbi cinayətlərinin əyani sübutudur.Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olub.
Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
Bu gün Hərbi Qənimətlər Parkını ziyarət edən hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görür, Azərbaycan xalqının iradəsinin şahidi olur. Hər kəs görür ki, bu Qələbəni əldə etmək nə qədər çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni məğlub etdilər. Hələ müharibədən bir müddət əvvəl Ermənistanın keçmiş müdafiə naziri D.Tonoyan Azərbaycanı işğalla hədələyirdi. Düşmən təbliğatı müharibə başlayacağı təqdirdə erməni tanklarının Bakıya gələcəyindən dəm vururdu. Bəli, erməni tankları Bakıya gəldilər, amma məğlub kimi, rəşadətli Azərbaycan Ordusunun hərbi qəniməti kimi gəldilər. Paradda qənimət götürülmüş Ermənistanın hərbi texnikasının nümayişi müharibədən sonra düşmənə vurulan növbəti zərbə oldu. Bu gün də düşmənin hərbi texnikasının müəyyən bir hissəsi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Qeyd etmək lazımdır ki, bu Parkın yaradılması həm də milli birliyimizin daha da möhkəmləndirilməsi işinə ən böyük töhfədir. Artıq bütün dünya bilir ki, 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında ordumuzun qarşısında duruş gətirə bilməyən düşmən insanlıq əleyhinə və müharibə cinayətləri törədib, o cümlədən döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirib, dinc sakinləri qətlə yetirib. Həmin faktları xronoloji ardıcıllıqla özündə əks etdirən lövhə Parkın giriş hissəsində yerləşdirilib. Burada Şuşaya atılmış “İskəndər M” raketinin qalıqları da var. Bu raketin qalıqları bizim necə bir azğın, vəhşiləşmiş düşmənlə döyüşdüyümüzün ən bariz sübutlarından biridir. Möhtərəm Prezidentimizin dediyi kimi, Şuşanı, bizim qədim şəhərimizi Ermənistan “İsgəndər-M” raketləri ilə məhv etməyə çalışırdı. Bu, erməni vəhşiliyinin, hərbi cinayətin növbəti əyani sübutudur. Lakin onlar məqsədlərinə nail ola bilmədilər. Cənab Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu Şuşanı düşməndən geri aldığı kimi, onu qorumağı da bilir. Buna görə də Hərbi Qənimətlər Parkı həm də bizim milli qürurumuzun mənəvi qida aldığı bir məkandır.

Əminə Kərimova Nizami rayonu 229 saylı məktəbin direktor müavini, şəhid ailəsi
28.11.2022 Laçın Hava limanı bölgənin sosial-iqtisadi inkişafına böyük təkan verəcək.Laçın rayonunun işğaldan azad olmasından 2 il keçir. Böyük zəfərin təntənəsi olaraq artıq qələbədən ötən bu müddət ərzində rayonda böyük quruculuq işləri həyata keçirilir. Həyata keçirilən ən böyük infrastruktur layihələrdən biri də Laçın Hava Limanının tikintisidir. Laçın Beynəlxalq Hava Limanının təməli Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə 2021-ci ilin avqustun 17-də qoyulub.
Hava limanları adətən düzən ərazidə inşa edilib. Laçında isə belə yerin olmadığı üçün hava limanının inşası üçün Ovçu kəndi seçilib. Bu yerin üstünlüyü ondadır ki, Laçın şəhərinə məsafə 30 kilometrdən bir qədər çox, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çoxdur. Eyni zamanda, Şuşa şəhərinə məsafə də 70 kilometrə yaxındır. Yəni, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq.
2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.
Laçında beynəlxalq hava limanının inşası regionun strateji əhəmiyyətini artıran ən mühüm amillərdən biridir. Hava limanı bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına kömək edəcək, eyni zamanda logistik mərkəzlərin yaradılmasına da töhfə verəcəkdir.
Laçın rayonunda beynəlxalq aeroportun tikilməsi ölkəmizdə həm texniki, həm maliyyə imkanlarının, həm də bu layihəni reallaşdırmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü siyasi iradənin olduğunu sübut edir.
Hazırda işğaldan sonra yeni dövrünü yaşayan Laçın rayonu cənab Prezidentimizin iradəsi və şəxsi nəzarəti sayəsində tezliklə Azərbaycanın dilbər guşələrindən birinə çevriləcəkdir. O gün heç də çox da uzaqda deyildir

N.Quliyev - Nizami Bələdiyyəsi
28.11.2022 Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq. Laçın rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 2 il ötür.
Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu qəbul edən Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb.
Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.
Sənədin 2-ci bəndinə əsasən 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonu Azərbaycana qaytarılıb. Laçının 28 ilik işğalına 2020-ci il dekabrın 1-də son qoyulub.
Lakin bəyanatın imzalandığı 10 noyabr 2020-ci ildən 1 dekabr 2020-ci ilə qədər - 20 gün müddətində ermənilər Laçın şəhərində və rayon ərazisində dağıntılar törədib, rayonu tərk edərkən binaları, evləri, tikililəri talan edib, yandırıb, ağacları qırıb, ekoloji terrora əl atıb.
Azərbaycan Prezidenti İlham Əliyev 1 dekabr 2020-ci ildə televiziya ilə müraciətində Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.
Laçının qaytarılmasını böyük tarixi hadisə adlandıran dövlətimizin başçısı xüsusi vurğulayıb ki, “Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq. İlk növbədə, biz Laçına laçınlıları qaytaracağıq. Əziz laçınlıları bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, gözaydınlığı verirəm. Laçın işğal olunanda bu rayonda təqribən 50 mindən bir qədər çox əhali yaşayırdı. İndi Laçın rayonunun əhalisi 80 min nəfərə çatıb. Əlbəttə ki, laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq bizim əsas vəzifələrimizdən biri olacaqdır. Həmçinin biz çalışacağıq ki, keçmiş məcburi köçkünləri işğaldan azad edilmiş bütün digər rayonlarımıza qısa müddət ərzində qaytaraq”.
Hazirda işğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi. Laçın rayonunda da böyük quruculuq işləri həyata keçirilir, iri infrastruktur layihələr icra olunur. Xalqımız əmindir ki, tezliklə Laçın rayonu öz keçmiş həyatına qayıdacaqdır.

N.Quliyev - Nizami Bələdiyyəsi
28.11.2022 İşğaldan azad olunmuş Iaçın rayonunda hazırda böyük quruculuq işləri aparılır. Laçın rayonu 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir.
Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır.
Erməni işğalı nəticəsində rayonun 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub. Bu cür əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir.
Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
İşğaldan azad olunmuş Iaçın rayonunda hazırda böyük quruculuq işləri aparılır, rayon yeni inkişaf dövrünü yaşayır.
Rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.
Rayonun yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq.
Laçında Laçında Beynəlxalq Hava Limanının tikintisi aparılır. Hava limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.


N.Quliyev - Nizami Bələdiyyəsi
24.11.2022 İstisu bu bölgənin rəmzi, Kəlbəcərin təbii sərvətidir.Vaxtilə Ulu Öndər Heydər Əliyevin dediyi "Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar" tarixi kəlamı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və ordumuzun şücayəti sayəsində 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan tarixi qələbənin təntənəsi olaraq Kəlbəcər imzalanmış üçtərəfli bəyanata əsasən bir güllə atılmadan 25 noyabr 2020-ci ildə Azərbaycana verildi, Ulu Öndərin arzuları çin oldu, Ata vəsiyyəti ləyaqətlə yerinə yetirildi.
Kəlbəcər rayonu Azərbaycanın ən füsunkar təbiətə malik diyarlarından biridir. Rayon ərazisi 30 mindən çox bulağı, 4 mindən artıq müxtəlif növ bitkisi, sahəsi 30 min hektardan çox meşələri, 4 min metrə qədər yüksəkliyi olan zirvələri, ucsuz-bucaqsız çəmənlikləri ilə mübaliğəsiz təkrarolunmaz təbiət incisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə desək "Burada olan təbii gözəllik heç bir yerdə yoxdur". İstisu Kəlbəcərin simvolu, sağlamlıq və gözəllik əsəridir. İşğal dövründə erməni vandalizmi bu təbiət incisini də darmadağın etmişdir. İşğaldan sonra yeni dövrünü yaşayan Kəlbəcərdə böyük canlanma yaşanır. İstisu sanataoriyası tamamilə yenidən qurulur. Cənab Prezidentin 2022-ci il 26 iyunda Kəlbəcərə növbəti səfəri çərçivəsində İstisu sanatoriyasının yenidən qurulması layihəsinin təməli qoyuldu. Erməni vandalları ərazilərimizi işğal etdikdən sonra oradakı təbii ehtiyatları istismar ediblər. Kəlbəcərdəki faydalı suyu da özününküləşdirərək, başqa adla bazara çıxartdılar. Lakin bu gün Kəlbəcər artıq bizdədir. İllərdir suyuna həsrət qaldığımız bulaqlar bizi gözləyir. Prezident İlham Əliyev Kəlbəcərdə “İstisu” sanatoriyası və “İstisu” mineral su zavodunun təməlini qoyub.
Təməlqoyma mərasimində çıxış edən cənab Prezident demişdir: “İstisu qəsəbəsinin inkişafı ilə bağlı artıq konkret addımlar atılır. İlk növbədə, yeni su zavodunun tikintisi nəzərdə tutulur. Bu gün mən bu su zavodunun təməlini qoydum. Vaxtilə məşhur olan İstisu suyu yenidən buraxılacaq, istehsal olunacaq, Azərbaycanda istehlak olunacaq və ixrac ediləcək".
Bu gün İstisu sanatioriyasının və mineral su zavodunun tikintisi böyük sürətlə aparılır. İşğal dövründə yararsız hala salınan sanatoriya yeni simada tam bərpa olunacaq və əvvəlki şöhrəti qaytarılacaq.
Cənab Prezidentimizin sözləri ilə desək: “İstisu sanatoriyası və İstisu suyu bu bölgənin rəmzi, Kəlbəcərin təbii sərvəti idi. Bu gün biz - bu torpaqların sahibləri vaxtılə əlimizdən alınmış bütün sərvətləri özümüzə qaytarmışıq. Bütün şəhər və kəndlərimizi yenidən, sıfırdan bərpa edirik və edəcəyik.”
N.Quliyev Nizami Bələdiyyəsi
24.11.2022 Bir güllə atılmadan Kəlbəcərin Azərbaycana verilməsi böyük Zəfərin təntənəsi idi.1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Rəsmi İrəvan tərəfindən BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır.
BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsinə əsasən işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. 27 il bu Qətnamə kağız üzərində qaldı. 27 ildən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və müzəffər Ordumuzun şücayəti sayəsində beynəlxalq siyasi təşkilatın qərarı öz gücümüzə, hərb yolu ilə, qeyrətli Vətən oğullarının canı, qanı bahasına öz həllini tapdı. 44 günlük Vətən müharibəsində əldə olunan böyük Zəfərin təntənəsi Kəlbəcərin doğma sahiblərinə qaytardı. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan noyabrın 25-də Azərbaycana qaytarıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması ilə bağlı demişdir: “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq”
2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9454 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Hazırda işğaldan azad olunmuş digər ərazilərimizdə olduğu kimi, Kəlbəcər rayonunda da böyük quruculuq işləri aparılır, yeni infrastruktur layihələr icra olunur. Kəlbəcər rayonu yeni inkişaf dövrünü yaşayır.
Xalqımız əmindir ki, Cənab Prezidentin rəhbərliyi altında qısa zaman kəsiyində gözəlliklər diyarı Kəlbəcər öz keçmişinə qayıdacaq, daha müasir, abad, füsunkar bir diyara çevriləcəkdir.

N.Quliyev Nizami Bələdiyyəsi
24.11.2022 Tarixi Qələbədən sonra Kəlbəcər rayonunun yeni inkişaf dövrü başlayıb.1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.
İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir.
10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verilmişdir. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25- də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib.
Tarixi Qələbədən sonra Kəlbəcər rayonunun yeni inkişaf dövrü başlayıb.
Hazırda müxtəlif sahələri əhatə edən infrastruktur layihələrin icrası həyata keçirilir. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunel regionun böyük logistik layihəsidir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və 1900 metr yüksəklikdən Murovdağ zirvəsinədək, 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11.6 kilometrlik tunelin tikintisi nəzərdə tutulub. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. İcra olunan layihələr, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdirlər. Kəlbəcərin elektrik və su təchizatı, habelə evlərin tikilməsi ilə bağlı işlərinə start verilib. Cari ilin 26 iyun tarixində Prezident İlham Əliyevin iştirakı ilə Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimi də təşkil olunmuşdur.Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir. İlin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcərdə mütləq aşıq mərkəzi və digər tikililər inşa ediləcək.
Ən çətin relyefə malik olan Kəlbəcər dağlarından qısa vaxt ərzində elektrik xətləri çəkildi. “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyası inşa olunur, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası isə artıq istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydışa dair I Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirlər Kəlbəcərdə də uğurla həyata keçirilir və rayonun sakinləri tezliklə öz doğma ata-baba yurdlarına qayıdacaqlar.

N.Quliyev

Nizami Bələdiyyəsi

23.112022 Yeni Azərbaycan Partiyasının yaranması  tarixi hadisə idi.21 noyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev çıxş edib. Çıxışında cənab Prezident partiyanın yaranma tarixindən, onun keçdiyi şərəfli yoldan, həyat keçirilən islahatlardan, eləcə də bir sıra aktual məsələlərdən söhbət açıb. YAP-ın yaranmasını tarixi hadisə adlandıran İlham Əliyev qeyd edib ki, “O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı.”
Partiyanın yaranma dövrünü xarakterizə edən dövlətimizn başçısı vurğulayıb ki, “Ölkə qarşısında çox ciddi, böyük problemlər var idi. Məhz Heydər Əliyevin cəsarəti, zəkası, təcrübəsi, xalqın ona olan inamı və əlbəttə, Yeni Azərbaycan Partiyasının üzvlərinin fəaliyyəti, ictimai fəalların fəaliyyəti birlikdə bizə imkan verdi ki, bu çətin vəziyyətdən şərəflə çıxaq. Məhz Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atılmışdır. İlk növbədə, Konstitusiya qəbul edilmişdir. Təsəvvür edin ki, Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan artıq müstəqil dövlət idi, amma bizim Konstitusiyamız yox idi. Konstitusiyanın qəbul edilməsi çox önəmli tarixi hadisədir. Dövlətçiliyin əsasları qoyulmuşdur, dövlət təsisatları düzgün zəmində formalaşmışdır. Biz beynəlxalq aləmdə bizə qarşı olan əsassız mövqeyə düzəlişlər edə bildik, tam aradan qaldırmadıq, çünki beynəlxalq müstəvidə bizə qarşı çox ciddi qüvvələr fəaliyyət göstərirdi. Amma hər halda biz beynəlxalq təcridi, o cümlədən informasiya blokadasını yara bildik, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıra bildik.”
“1993-2003-cü illərdə dövlətçiliyimizin çox möhkəm əsasları qoyulduğunu və bu illəri sabitlik və inkişaf illəri kimi” göstərən İlham Əliyev bildirib ki, “Əsas məsələ odur ki, bu siyasət davam etdirilməli idi. Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək, məhz Ulu Öndərin şəxsiyyətinə olan hörməti ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi. Mən 2003-cü ildə xalqa söz vermişdim ki, bu yoldan dönməyəcəyəm. Son 19 ilin hadisələri onu göstərir ki, belə də oldu, Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi. O, öz siyasi vəsiyyətində demişdir ki, bir çox işlər görüldü, ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu. Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir. Biz iqtisadi islahatları dərinləşdirdik və son 19 ildə bu sahədə görülən işlər göz qabağındadır. Təkcə onu demək kifayətdir ki, 2003-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bu il iqtisadiyyatımız rekord həddə çatacaq. İlin sonuna qədər gözlənilən proqnoz onu deyir ki, iqtisadiyyatımız 130 milyard manata çatacaq. Bu, rekord göstəricidir.”
Çıxışında mövcud problemlərə toxunan ölkə rəhbəri həmçinin qarşıda duran və həlli vacib məsələlərə toxunub: “Əlbəttə ki, bu gün hələ də görüləsi işlər çoxdur. İqtisadiyyatımızın şəffaflaşdırılması, xoşagəlməz hallara qarşı mübarizə, kölgə iqtisadiyyatının həcminin əhəmiyyətli dərəcədə azaldılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə - bütün bunlar gündəlikdə duran məsələlərdir. O cümlədən dövlət şirkətlərində korporativ idarəetmə üsulunun tətbiq edilməsi bu günün reallıqlarını əks etdirir. Əminəm ki, bu gün aparılan iqtisadi islahatlar - strateji xətt üzrə aparılan bu islahatlar yaxın gələcəkdə də bizə əlavə imkanlar verəcək. O cümlədən Qarabağı və Şərqi Zəngəzuru öz hesabımıza yenidən qurmaq və bütün məqsədlərə çatmaq üçün bizə mütləq güclü iqtisadiyyat bundan sonra da lazım olacaq. Çünki bu, əsasdır. O ölkələr ki, iqtisadi cəhətdən digər ölkələrdən, yaxud da ki, beynəlxalq maliyyə qurumlarından asılıdır, o ölkələr faktiki olaraq müstəqil siyasət aparmaqda çətinlik çəkirlər. Biz isə hər zaman istəyirdik ki, bizim siyasətimiz ancaq xalqımızın iradəsini əks etdirsin. Biz istəyirdik ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməsin və belə bir imkan olmasın. Ona görə iqtisadi güc, iqtisadi müstəqillik bütün başqa sahələrdəki fəaliyyətin təməlidir. Ulu Öndərin yolu ilə gedərək biz, əlbəttə, bu gün dünyada baş verən dəyişikliklərə də çox diqqətlə yanaşırıq, ən mütərəqqi təcrübəni Azərbaycanda tətbiq edirik. Əminəm ki, növbəti illərdə bu sahədə istədiyimizə nail olacağıq.”
Ulu Öndərin həyatını və fəaliyyətini bir fədakarlıq nümunəsi adlandıran İlham Əliyev “Bu gün Yeni Azərbaycan Partiyasının yubileyini qeyd edərkən hər birimiz, şübhəsiz, hər birimiz yenə də Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik. Çünki illər keçdikcə və dünya dəyişdikcə həmişə hər birimiz çox gözəl bilirik ki, əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz çox böyük fəlakətlə, daha böyük fəlakətlə üzləşə bilərdi.
Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi. O, hətta özü üçün ən çətin dövrlərdə, artıq son illərdə fiziki sağlamlığı əvvəlki kimi olmadığı dövrdə də hər zaman hər birimizə nümunə göstərirdi. Hər birimiz, o cümlədən mən onun sağlığında da və yoxluğunda da onun kriteriyalarına uyğun hərəkət etməyə çalışırıq. Bu gün bizi qabağa aparan məhz budur - onun xatirəsinə hədsiz hörmət və onun mirasına olan münasibət. Onun mirası da bu gün müstəqil Azərbaycandır.”-deyə öz çıxışında bildirib.
44 günlük Vətən müharibəsində qazanılmış Zəfər qələbəsini tariximizin ən şanlı səhifəsi kimi qeyd edən cənab Prezident bu işğaldan azad olunmuş ərazilərdə aparılan böyük quruculuq işlərini diqqətə çatdırıb və xüsusi olaraq vurğulayıb ki, “İndi isə qurub-yaradırıq, Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda, ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq. Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Bizim üzümüz ağdır, alnımız açıqdır. Biz müzəffər xalqıq, qalib dövlətik və bu, əbədi olacaq!”

N.Quliyev

Nizami Bələdiyyəsi

23.11.2022 Bu gün Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. Yeni Azərbaycan Partiyasının 30 illik tarixi müstəqil Azərbaycanın ictimai-siyasi fikir tarixinin ən şərəfli səhifəsidir. Partiya yarandığı gündən müstəqil Azərbaycanın yüksəlişinə və qüdrətlənməsinə milsilsiz töhfələrini verib.
30 il ərzində Yeni Azərbaycan Partiyası gücünü ümummilli liderimiz Heydər Əliyevin ideyalarından, xalqın dəstəyindən alaraq böyük inkişaf yolu keçib.
Bu gün qalib xalqımızın zəfər partiyası kimi cəmiyyətimizin əsas və ən fəal qüvvələrini özündə birləşdirən YAP cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında böyük uğurlara imza atır. Müzəffər Ali Baş Komandan, Partiyanın sədri İlham Əliyevin qətiyyəti və şanlı Ordumuzun şücayəti sayəsində tariximizə yeni bir səlnamə -Zəfər səlnaməsi yazıldı. 2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsində 30 il işğalda qalan tarixi torpaqlarımız düşmən tapdağından azad oldu, xalqımızın torpaq həsrətinə son qoyuldu. Bu tarixi qələbənin qazanılmasında 800 min fəalı öz sıralarında birləşdirən Yeni Azərbaycan Partiyasının müstəsna xidmətləri vardır.
44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbə ölkəmizdə milli birliyimizin, həmrəyliyimizin əbədi olduğunu nümayiş etdirdi. Ölkə başçımızın həmrəylik rəmzinə çevrilən "Biz birlikdə güclüyük!” çağırışı dövlət siyasətinin əsas fəlsəfəsinə çevrildi.
Əks-hücum əməliyyatları başladığı ilk gündən bütün Azərbaycan xalqı kimi, ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiyanın Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini bəyan etməsi, vahid hədəf uğrunda birlikdə mübarizə aparmaları milli birliyimizin, həmrəyliyimizin sarsılmazlığını bir daha sübut etdi.
Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibətilə 21.11.2022-ci il tarixdə keçirilən tədbirdə çıxış edən İlham Əliyevin dediyi kimi “Heydər Əliyev öz siyasi vəsiyyətində bir şey də demişdir. Artıq bunu dəfələrlə demişəm, Azərbaycan xalqı da bilir ki, başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq. Onların arasında yəqin ki, mən belə hesab edirəm, ilk növbədə, Qarabağ probleminin həllini nəzərdə tuturdu. Biz, onun davamçıları bu problemi bütün işlərimizin mərkəzinə qoyduq. Yəni, hər bir addım, hər bir təşəbbüs, hər bir sərmayə, hər bir beynəlxalq təmas bu məqsədi güdürdü ki, bu, bizi müqəddəs hədəfimizə yaxınlaşdırır, yoxsa uzaqlaşdırır?! Ona görə bütün işlərimizin mahiyyəti məhz bu idi - Qarabağı azad etmək, tarixi ədaləti bərpa etmək. Biz bu hədəfə doğru gedirdik. Bizim yolumuz çox çəkdi. Ancaq elə gedib, elə nöqtə vurmalı idik ki, bu, birdəfəlik olsun. Biz avantüraya heç vaxt gedə bilməzdik. Biz səhv addım, yaxud da ki, vaxtsız addım ata bilməzdik. Biz hər şeyi ölçüb-biçib öz gücümüzü, eyni zamanda, digər amilləri nəzərə alaraq ən düzgün vaxt seçməli idik, ən düzgün vaxt üçün ən yaxşı vəziyyətdə olmalı idik. Xalqımız Ordumuzla tam birləşdi. Ona görə biz hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir. Çünki xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində biz istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. 8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq, o cümlədən mənim. O vaxt Ulu Öndərin məzarını ziyarət etdim, ondan sonra şəhidlərin qəbrini ziyarət etdim. Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşa müjdəsini verdim. Ulu Öndərin məzarı önündə özümə dedim ki, bu vəsiyyət də, bu sonuncu vəsiyyət də yerinə yetirildi.”
Bu gün Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. “Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Biz hamımız bunun şahidiyik ki, gənc nəsil də milli ruhda böyüyür, gənc nəsil milli ənənələrə sadiqdir, azərbaycançılıq ideyalarına sadiqdir. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. Biz bu siyasəti uğurla davam etdirərək, zənginləşdirərək bu gün Azərbaycanda, hesab edirəm ki, dünya miqyasında nadir və təkrarolunmaz mühit yaratdıq. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim böyük üstünlüyümüzdür. Bu istiqamətdə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə bu gün Azərbaycan nümunəvi davranış göstərir. Əsas məsələ odur ki, bütün Azərbaycan xalqı tərəfindən, Azərbaycanda yaşayan bütün etnik qruplar tərəfindən bu siyasət dəstəklənir. Bu, bizim gücümüzü artırır və bundan sonra gələcək nəsillər də məhz belə yaşamalıdır, əminəm ki, belə yaşayacaqlar.”-bu fikirləri yubiley tədbirində çıxışı zamanı cənab Prezident söyləyib.

N.Quliyev

Nizami Bələdiyyəsi

23.11.2022 30 illik şərəf və ləyaqət yolu.90-ci illərin əvvəlləri yenicə müstəqillik qazanmış Azərbaycan böyük siyasi-iqtisadi böhranla üz-üzə idi. Ölkədə dərin hakimiyyətsizlik, hərcmərcilik hökm sürürdü. Bir tərəfdən Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizə qarşı işğalçılıq müharibəsi, Qarabağda və Ermənistanla sərhəd ərazilərimizdə baş verən münaqişələr, digər tərəfdən ölkəmizin daxilindəki pozucu və müstəqilliyimizin qəsdinə durmüş qüvvələrin fəaliyyətləri nəticəsində siyasi böhran özünün pik həddinə çatmışdı. O vaxtkı rəhbərlik yaranmış siyasi böhrandan Azərbaycanı xilas etmək iqtidarında deyildi və onların buna nə siyasi iradəsi, nə idarəetmə təcrübələri, nə də ki qabiliyyətləri imkan vermirdi. Şəxsi maraqlar və ambisiyalar dövlət maraqlarını tam üstələmişdi, eyni zamanda cəbhədəki ardıcıl məğlubuyyətlər xalq narazılığının daha da genişlənməsinə və kütləvi hal almasına şərait yaradırdı. Eyni zamanda ölkədə vətəndaş müharibəsinin ilk rüşeymləri baş qaldırmış, müstəqilliyimiz böyük təhlükə astanasında idi. Ölkədə baş qaldırmış separatçı qüvvələr hər an böyük ambisiyalarını reallaşdıra bilərdilər. Belə bir zamanda Azərbaycanın görkəmli nümayəndələri, ölkənin gələcəyini düşünən vətənpərvər insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanladılar. 91-lər kimi tarixə düşmüş xalqımızın milli maraqlar ətrafında birləşmiş sağlam qüvvələrinin “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir” tezliklə cavab gəldi və Ulu Öndər Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Azərbaycanın bütün regionlarından seçilmiş 550 nümayəndənin iştirakı ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən Təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul edildi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Həmin tarixi gündən 30 il keçir. Bu keçən müddət ərzində Ulu Öndərin ideyaları ətrafında bütövləşən, inkişaf edən və müasirləşən YAP Azərbaycan tarixində qızıl hərflərlə böyük səhifələr yazdı.
YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi, parlamentin sədri seçildi, 11 ay keçəndən sonra - oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Ölkəmiz üçün ən ağır bir böhran şəraitində hakimiyyətə gələn Heydər Əliyev qısa bir zaman kəsiyində daxili və xarici siyaətdə fövqəladə dönüşə imza atdı. Respublikamızda əsil sabitlik yaradıldı, dövlətçilik prinsipləri inkişaf etdirildi, həmin dövrün labüdlüyünü və vacibliyini əsas götürərək cəbhədə atəşkəsə nail olundu. Ölkədə quruculuq işlərinə başlanıldı. Bir sözlə, Ulu Öndər əsil xilaskarləq missiyasını öz üzərinə götürərək Azərbaycanı düşdüyü bəlalardan xilas etdi.
Ulu Öndər özünün şah əsərini- müstəqil Azərbaycanı yaratdı və biz nəsillərə yadigar qoydu.
Bu gün müstəqil Azərbaycan Heydər Əliyev yolu ilə daha da irəliyə doğru mətin addımlarla yüksəlməkdədir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz gündən-günə çiçəklənir və inkişaf edir. Bu yüksəlişin mərkəzində Heydər Əliyev ideyaları, onun yaratdığı “dünənin, bu günün və sabahın partiyası” Yeni Azərbaycan Partiyası dayanıb.

N.Quliyev

Nizami Bələdiyyəsi