Qubadlı rayonu 1993-cü il avqustun 31-də Erməmistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilib. Qubadlı şəhəri və rayonun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçib, rayonun 31 mindən çox əhalisi yurd-yuvasından didərgin düşüb.
Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, şimaldan Laçın rayonu, Hadrut rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir.
Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Dağlıq və dağətəyi, meşələrlə əhatə olunmuş ərazilərdə də kəndlər vardır.
Qubadlı qədim insan məskənlərindəndir. Bu arəzi arxeoloji cəhətdən kifayət qədər öyrənilməsə də buradakı təbii mağaralarda, sığınacaqlarda insan əlinin fəaliyyətinin izləri qalmaqdadır. Keçilməz qayalar, sərt sıldırımlar üzərində ucaldılan müdafiə istehkamları və keşiçki qalalarının qalıqları müasir dövrə qədər gəlib çatıb.
Qubadlı şəhəri ərazisində aşkar olunmuş "Xırman yeri", Əliquluuşağı kəndində aşkar olunmuş "Qalaça", "Koroğlu qalası", Muradxanlı kəndi ərazisində "Mal təpə" abidələri mütəxəssislər tərəfindən son tunc, ilk dəmir dövrünə aid edilir.
Saray, Poladlı, Xocamsaxlı, Çardaxlı kəndləri ərazisində keçilməz sıldırım qayalar üzərində son dövrə qədər qalan istehkam qalaçalar ayrı-ayrılıqda VII-IX əsrlərə aid edilsə də, əslində bu istehkam qalaçalar b.e.ə. I yüzillikdə Atropatena və Albaniya dövlətlərini ayıran sərhəd boyunca vahid keşikçi-gözətçi məntəqələri sisteminin tərkib hissəsidir.
1988-ci ildən başlayaraq Ermənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlayıb, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etdirilib.
1993-cü il avqust ayının sonunadək davam edən 5 illik müharibə zamanı Qubadlı rayonundan 238 nəfər şəhid verilib. Laçın, Ağdam, Füzuli, Cəbrayıl rayonları işğal olunduqdan sonra faktiki yarımmühasirə vəziyyətinə düşən Qubadlı rayonu 1993-cü il avqust ayının 30-31-də erməni təcavüzkarı qüvvələrinin işğalına məruz qaldı.
Ermənilər Qubadlıda 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb və talan ediblər. Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər.
44 günlük Vətən müharibəsinin gedişatında Qubadlının azad olunması əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Azərbaycan Ordusunun peşəkarlığı və fədakarlığı sayəsində ilk növbədə ərazinin hakim strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədilər. Beləliklə, Qubadlının 27 illik işğalına son qoyuldu. Artıq ikinci ildir xalqımız 25 oktyabr tarixini Qubadli şəhərinin erməni işğalçılarından azad olunduğu gün kimi qeyd edir.
Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni daha da yaxınlaşdırdı. Ordumuzun Laçına və Şuşaya doğru döyüş əməliyyatlarının aparmasında yeni strateji və mənəvi-psixoloji üstünlüyünü daha da artırdı.
Heydər Rəhimov
Qarabağ veteranı, ehtiyatda olan zabit