02.11.2022 Soçi görüşü diplomatik cəbhədə Azərbaycanın növbəti uğurudurOktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüş Rusiyanın Soçi şəhərində baş tutub. Bu görüş müharibənin bitməsindən sonra Rusiyada üçtərəfli çərçivədə təşkil edilən sayca 3-cü görüşdür. İki saatdan artıq davam edən danışıqlardan sonra liderlər tərəfindən birgə bəyanat qəbul edilib.

Bəyanatda Bakının maraqlarına zidd məqamların olmadığını qeyd edə bilərik. Digər görüşlərdə olduğu kimi Qarabağ və status anlayışlarından istifadə olunmadı. Bu anlayışların masaya gətirilməməsi həm Rusiyanın, həm də Ermənistanın Qarabağ məsələsinin Azərbaycanın daxili işi oluğunu qəbul etməsi deməkdir. Bu addım həm də Xankəndidəki etirazlara bir növ demarşdır. Məlum etirazların da heç bir siyasi, hüquqi nəticələrinin olmayacağı fikri diqqətə çatdırılmış olur. Bir sözlə, 10 noyabrdan bugünədək Bakının gündəliyi qorunur və irəli sürülən prinsiplərə diplomatik masada xələl gətirilmir. Bakı və İrəvan arasında sülh sazişinin bağlanması üzrə işlərin intensivləşdirilməsinin qərara alınması dolayı yolla erməni qoşunların Azərbaycan ərazisindən tam çıxarılması, sərhədlərin Azərbaycanın təklif etdiyi xəritə əsasında müəyyən olunması, Naxçıvana “maneəsiz keçid”in (Zəngəzur dəhlizi) verilməsi öhdəliyinin yerinə yetirilməsini ehtiva edir. Tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması Praqa sammitində əldə edilən nəticənin Soçidə təsdiq olunması deməkdir.

Ermənistanın görüşdə əldə etdiklərinə gəlincə, fundamental olaraq qarşı tərəfin 10 noyabr tarixindən bəri post-münaqişə dövrünün reallıqlarını Bakının əleyhinə çevirmək planı yenə də suya düşdü. Bəyanatda “BMT Nizamnaməsi və Alma-Atı bəyannaməsi” qeydinin ifadə olunması İrəvanın birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanımasını, Qarabağın suverenliyimizin tərkib hissəsi olmasını təsdiqləməsi anlamına gəlir.
Soçi görüşü diplomatik cəbhədə Azərbaycanın növbəti uğurudur. İrəvan bir daha anladı ki, nə Moskva, nə də Brüssel Azərbaycanın suverenliyinə zidd hərəkət edə bilməz.

Sevil Rəfiyeva Nizami rayon 272 saylı məktəbin direktor müavini
02.112022 Soçi bəyanatı Ermənistanın şovinist siyasətinin növbəti iflasıdır. Böyük Zəfərdən sonra ölkəmizin düşmənlə diplomatik müstəvidə də savaşı bütün parametlərlə tam üstünlüyü ilə davam edir. Bununla bağlı keçirilən bütün görüşlərdə, müzakirəyə çıxarılan məsələlərdə, qəbul edilmiş bəyanatlarda Azərbaycan tarixi qələbənin təntənəsini qoruya bilir. 31 oktyabrda Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın növbəti görüşündə də Azərbaycanın maraq və mənafelərinin qətiyyətlə təmin olunması baxımından yadda qaldı.
Hələ bu görüşədək Ermənistan baş nazirinin təxribatçı bəyanatları, Rusiyaya qarşı dəyişkən mövqe nümayişi, üzərinə götürdüyü öhdəliklərin yerinə yetilməməsinin məlum olmayan səbəbləri və digər məsələlər görüşün çox gərgin keçəcəyindən xəbər verirdi. Son dövrlər Qərbin Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasındakı fəallığı da məsələnin mürəkkəbliyinə yeni bir çalar verirdi.
Lakin həmişə olduğu kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin təmkini, qətiyyəti və ölkəmizin maraqlarının hər şeydən üstün tutması sayəsində Söçi görüşü diplomatiyamızın tarixi qələbəsi ilə yekunlaşdı. Dövlətimizin başçısı bir daha diplomatiya dərsi keçərək sübut etdi ki, siyasət populizm deyil, hadisələrə düzgün qiymət vermək bacarığıdır.
Soçidə üçtərəfli görüşdən öncə Azərbaycan və Rusiya prezidentlərinin görüşündə İlham Əliyevin "Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib" mesajı erməni liderinin neçə günlük təbliğatını alt-üst etdi.
Soçi görüşünün nəticəsi olaraq dövlət başçıları 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların həyata keçirilməsinin gedişatının müzakirəsi fonunda birgə bəyanat imzaladılar.
Soçi görüşü Ermənistanın kapitulyasiyasının növbəti təzahürü oldu, Azərbaycanın sülh, əməkdaşlıq çağırışlarına hərbi təxribatlarla cavab vermək siyasətinin üstündən xətt çəkdi. Bu, Ermənistanın şovinist siyasətinin iflası kimi qiymətləndirilməlidir. Soçi görüşü eyni zamanda həm Ermənistan tərəfinin, həm də öz havadarlarından daim dəstək alan radikal müxalifətin iddialarını da alt-üst etdi. Qəbul olunmuş sənəddə hər hansı bir "Dağlıq Qarabağ münaqişəsi" ifadəsinə rast gəlinməməsi onların arzularının üstündən birdəfəlik qara xətt çəkdi.
Həmçinin sənəddə ATƏT-in Minsk qrupuna dair heç bir bənd olmadı. Yəni bəyanatda ATƏT-in Minsk qrupunun adının çəkilməməsi diqqəti sülh danışıqlarının daha çox ikitərəfli formatına yönəldir. Bununla da xortladılmağa çalışılan status məsələsinin də artıq Azərbaycan, Rusiya və Ermənistanın gündəliyindən çıxarıldığı sübut olundu. hər hansı bir şərt qoyulmadan Azərbaycan Prezidentinin mövqeyi sənəddə öz əksini tapdı, Azərbaycan dövlətinin qətiyyətli mövqeyi bir daha nümayiş etdirildi.

Heydər Rəhimov Qarabağ veteranı, ehtiyatda olan zabit
26.10.2022 Azərbaycanla Gürcüstan arasındakı qarşılıqlı əməkdaşlıq münasibətləri əsl regional əməkdaşlıq nümunəsidir.Azərbaycanın Cənubi Qafqazda ən möhkəm siyasi, iqtisadi, mədəni əlaqələr qurduğu ölkə Gürcüstandır. Yaxın qonşuluq, dostluq münasibətləri qurulmuş ölkələr arasında əlaqələr hazırda strateji əməkdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Tarix boyu Cənubi Qafqaz regionunda cərəyan edən mürəkkəb proseslərə baxmayaraq, hər iki dövlət səmimi və qardaş münasibətlərini qoruyub saxlaya bilmişdir.
Gürcüstan ilə Azərbaycan təkcə enerji sahəsində deyil, digər sahələrdə də uğurla əməkdaşlıq edirlər. Artıq heç kəs şübhə etmir ki, Cənubi Qafqazın gələcəyi region ölkələri arasında daha genişmiqyaslı əməkdaşlıqdan asılıdır. Bu gün Azərbaycanla Gürcüstan arasında qarşılıqlı – faydalı əməkdaşlıq münasibətləri mövcuddur və əlaqələr əsl regional əməkdaşlıq nümunəsidir. Onu da qeyd etmək lazımdır ki, ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətləri mütəmadi surətdə yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Ümumilikdə, Gürcüstanla Azərbaycan arasında bir çox sahəni ehtiva edən çoxşaxəli rasional münasibətlər mövcuddur. Belə ki, Tbilisi ilə Bakı regional təhlükəsizliyin təmin olunması, iqtisadi maraqların uzlaşdırılması, siyasi münasibətlər sisteminin daha da təkmilləşdirilməsi kimi istiqamətlərdə sıx təmaslara malikdir. Qeyd etmək yerinə düşər ki, ikitərəfli münasibətlərin inkişafında və regional əməkdaşlığın genişləndirilməsində həmişə ən əsas amil Azərbaycanın enerji potensialı olmuşdur. XIX əsrdən bəri Azərbaycan neftinin ixrac marşrutu ənənəvi olaraq Gürcüstanın Qara dəniz limanlarından keçmişdir və həmin ixrac marşrutunun yenidən bərpası hər iki ölkə üçün mühüm məsələyə çevrilmişdir.
Hər iki ölkə əlaqələrin inkişafında maraqlı olduqlarını nümayiş etdirirlər. Gürcüstan Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı beynəlxalq iqtisadi layihələrin fəal iştirakçısıdır və özünü etibarlı tərəfdaş kimi göstərir. Hər iki dövlət arasında siyasi, iqtisadi münasibətlərin indiki səviyyəyə gəlib çatmasında mövcud olan mehriban qonşuluq əlaqələri mühüm baza rolunu oynayır. Son illərdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi hər iki respublikanın parlaq gələcəyinin təmin olunması üçün möhkəm əsas yaradır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin oktyabrın 24-də Gürcüstana növbəti səfərinin iki ölkə arasında münasibətlərin daha inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə keçirilən təkbətək görüş, aparılan danışıqlar Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək, bir sıra layihələrin reallaşdırılması baxımından çox faydalı olacaqdır.
Rəcəb Baxşıyev
Azərbaycan Vətən müharibəsi veteranları ictimai birliyinin Nizami rayon şöbəsinin sədri
26.10.2022 Mehriban qonşuluq siyasəti iqtisadi münasibətlərin inkişaf etdirilməsində başlıca şərtlərdən biridir.Cənubi Qafqazda yeni siyasi və iqtisadi reallıqların yarandığı dövrdə Prezident İlham Əliyevin Gürcüstana səfəri həm ikitərəfli, həm də regional əlaqələrin inkişafı baxımından böyük əhəmiyyətə malikdir.
Azərbaycan və Gürcüstan liderləri mətbuata bəyanat verərkən ikitərəfli əlaqələrin inkişafına toxunmaqla yanaşı, Bakı və Tblisinin geosiyasi proseslərin təsiri ilə regionda yenidən formalaşdırılan nəqliyyət dəhlizlərində aparıcı roluna diqqət çəkib.
Prezident İlham Əliyev qeyd edib ki, dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var: “Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlı, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır. Biz buna hazır olmalıyıq”.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili isə yeni yaranan nəqliyyat dəhlizlərinin əhəmiyyətinə toxunarkən deyib ki, Bakı ilə Tbilisi tarixi layihələrə imza atıb və bundan sonra da həmin ikitərəfli əlaqələri daha da sürətləndirmək əzmindədirlər: "Biz iqtisadiyyat, enerji, nəqliyyat məsələlərini nəzərdən keçirdik. Gürcüstan Azərbaycan üçün önəmli ölkədir və eyni zamanda, Azərbaycan da Gürcüstanın strateji tərəfdaşıdır. Biz artıq reallaşdırdığımız mühüm layihələri nəzərdən keçirdik. Bunlar tarixi layihələrdir - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz. Bizim həyata keçirdiyimiz layihələr bundan sonra da irəliyə aparılacaq və onları daha da sürətləndirmək əzmindəyik".
Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycanla Gürcüstan arasında iqtisadi əlaqələrin mövcud vəziyyətinə və inkişaf prespetivlərinə toxunub: "O ki qaldı, ikitərəfli gündəliyimizə, əlbəttə ki, ticarət dövriyyəmizin artması bizi sevindirir. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir. Əlbəttə, biz bu gün gələcək enerji siyasətimizlə bağlı geniş fikir mübadiləsi apardıq. Baş nazir də qeyd etdiyi kimi, həyata keçirilmiş layihələr artıq uğurla fəaliyyətdədir. Biz yeni layihələr haqqında düşünürük. Biz dünya bazarlarına qaz ixracatını artırmaq fikrindəyik. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq".
Prezident çıxışı zamanı Azərbaycanda dəhlizlərlə bağlı infrastrukturun inşasına toxunub və bildirib ki, Gürcüstanla həyata keçirilənlayihələrimiz eyni vaxtda tamamlanmalıdır: "Mən bildirməliyəm ki, biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq istəyirik. Artıq bütün göstərişlər verildi və vəsait də ayrılacaq. Ona görə Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Çünki bizim birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır".
Həm Gürcüstanın Azərbaycanla ticarət dövrüyyəsi, həm ölkələr arasında formalaşdırılmış etibarlı tərəfdaşlıq mühiti, həm də ölkəmizin nəqliyyat dəhlizləri ilə bağlı infrastrukturu sürətlə inşa etməsi Tbilisinin Bakı ilə əməkdaşlığa daha çox önəm verməsi ilə nəticələnir. Bakı bölgədə baş verən proseslər fonunda planlaşdırılan layihələrin icrasındakı açar dövlət rolunu daha da möhkəmləndirir. Bunun səbəbləri sırasına Azərbaycanın iqtisadi təsir imkanları və sürətli nəqliyyat infrastrukturu inşa etməsi ilə yanaşı, həm də mehriban qonşuluq siyasəti dayanır.
Nərmin Cəfərova
Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantı
26.10.2022 Prezident İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək.Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir. Oktyabrın 24-də Prezident İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrin mərkəzindədir.
Bu gün Gürcüstanla strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxıb. Bir çox sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur. Həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli formatda daim bir birimizi dəstəkləyirik. Bir çox icra olunan birgə layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır.
Bu ilin 9 ayında Gürcüstanla qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir. O cümlədən Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi bu il 75 faiz artıb. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətini 5 milyon tona çatdırmaq planlaşdırılır. Bu məqsədlə bu il və gələn il bu layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə qoyulacaq. Nəzərə almaq lazımdır ki, dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlıdır, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır. Tranzit ölkə olmaq üçün isə mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır. Buna görə də Azərbaycan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Çünki bizim birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır.
Gürcüstanla həyata keçiriləcək yeni layihən elektrik enerjisi ilə bağlıdır. Azərbaycan çalışır ki, öz elektrik enerjisini dünya bazarlarına ixrac etsin. Azərbaycanın ixrac istiqaməti Gürcüstandan keçir. Təkcə azad edilmiş torpaqlarda 10 giqavatt gücündə bərpaolunan enerji növlərindən istifadə etmək olar. Xəzər dənizində isə bu rəqəm 157 giqavatta çatır. Bu enerjini istehsal etmək və ixrac etmək bizim növbəti illərdəki vəzifəmizdir. Gürcüstanla Azərbaycan digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıq edəcəklər. Digər tərəfdən, Azərbaycan dünya bazarlarına qaz ixracatını artırmaq niyyətindədir. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Planlaşdırılır ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Eyni zamanda, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. Hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcəklər.
Fərmin Quliyev
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi
24.10.2022 Qubadlı yeni inkişaf dövrünə qədəm qoyur.Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdi.

Qubadlı rayonu Azərbaycan Respublikasının cənub qərbində yerləşir və faydalı qazıntı ehtiyatlara malikdir. Səthi əsasən dağlıq olan rayonun qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur.

Rəsmi İrəvan Xanlıq kəndində qanunsuz məskunlaşma aparmış, xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınmışdır. 25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi, çünki şəhərdə ermənilər güclü istehkamlar qurmuşdu. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizləyiblər. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi işğaldan azad olunub.
Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Cənab Prezidentə təqdim edilən baş planda göstərildiyi kimi, rayonun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaq. Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Prezident İlham Əliyevin bu yaxınlarda səfəri zamanı Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılmasına şahid olduq. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Qubadlıda dördzolaqlı yol strateji əhəmiyyət daşıyır. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Zəngilandan Qubadlıya, Laçına çəkilən dördzolaqlı yoldan insanlar rahat istifadə edəcəklər. Burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün əlavə imkanlar yaranacaqdır. Bir sözlə, Qubadlı yeni inkişaf dövrünə qədəm qoyur.

Vəli Hüseynli Nizami Rayonu 61 saylı məktəbin tarix müəllimi
24.10.2022 Qubadlının azad edilməsi Vətən müharibəsinin gedişində mühüm rol oynadı.Qərbdən Ermənistan, şimaldan Laçın və Hadrut, şərqdən Cəbrayıl, cənubdan Zəngilan ilə həmsərhəd olan Qubadlı rayonunun 27 illik erməni işğalından azad edilməsindən iki il ötür. Artıq iki ildir ki, xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman əsgərlərimizin şücaəti və xalqımızın birmənalı dəstəyi sayəsində Qubadlının işğal tarixini deyil, artıq onun işğaldan azad edilməsi tarixini qeyd edir.
Qubadlının azad olunmasında Azərbaycan Ordusunun Quru Qoşunları, Xüsusi Təyinatlı Qüvvələri, Hərbi Dəniz Qüvvələrinə aid bir neçə elit bölmələri iştirak etmişdir . Rayonun azad olunmasının strateji, hərbi, siyasi, iqtisadi, mənəvi-psixoloji əhəmiyyəti var. Bu rayonun azad edilməsi Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü möhkəmləndirdi. Azərbaycan Qubadlını azad etməklə həm də Ermənistanla olan dövlət sərhədini son 27 ildə ilk dəfə bərpa etdi.
Qubadlının azad olunması ilə Silahlı Qüvvələrimizin Laçın istiqamətində əməliyyatlar həyata keçirmək üçün möhtəşəm imkan əldə olundu. Qoşunlarımızın irəliləməsi üçün Hadrut-Şuşa istiqamətində isə kifayət qədər geniş şərait yarandı. Laçın istiqamətinə yol açıldı. Laçın dəhlizini tam atəş nəzarətində saxlamağa nail olundu. Düşmən ehtiyatlarının Qarabağa daşınmasını və düşmən bölmələrinin Qarabağ daxilində manevr etmək imkanı tam məhdudlaşdırıldı. Qubadlı döyüşləri Silahlı Qüvvələrimizin qəsbkar Ermənistan ordusuna qarşı apardığı müharibənin məntiqi sonluğunu bir qədər də yaxınlaşdırdırdı.
Qubadlı həm təhlükəsizlik baxımından, həm də Ermənistanla sərhədlərin qorunması baxımından çox strateji bir ərazidir. Bu məqsədlə dövlətimiz tərəfindən həmin bölgədə kifayət qədər ciddi tədbirlər görüldü. İlk növbədə Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksi yaradıldı. Hərbi hissənin bütün təchizatı, hərbiçilərin şəraiti və digər zəruri məsələlər yüksək səviyyədə həll olundu. Cənab Prezidentin tapşırıqlarına əsasən Qubadlıda reallaşdırılan hərbi infrastruktur layihəsi dövlətimizin təhlükəsizlik məsələlərinə xüsusi önəm verməsinin bariz nümunəsi idi.
Hazırda Qubadlı rayonunda böyük quruculuq işləri həyata keçirilir. Bunların arasında 2021-ci ilin oktyabrın 25-də təməli qoyulan Xanlıq-Qubadlı avtomobil yolu çox mühüm layihədir. Bu yollardan həm də Azərbaycan Silahlı Qüvvələrinin təminat və təchizatında istifadə ediləcək. Yaradılan bütün yolların hava limanları ilə birləşdirilməsi isə gələcəkdə Silahlı Qüvvələrimizin işğaldan azad olunmuş digər ərazilərdə manevr imkanlarına müsbət təsir edəcək.

Məhi Mehdiyev
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri
İctimai Birliyinin Nizami rayon filialının sədri
24.10.2022 Faydalı qazıntı ehtiyatları ilə zəngin olan Qubadlı rayonu ölkəmizin iqtisadiyyatında böyük rol oynayacaq. Oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsindən 2 il ötür. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib. İkinci Qarabağ müharibəsi zamanı rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaradıb. Azərbaycan Ordusunun şücayəti və peşəkarlığı nəticəsində ilk növbədə şəhərə hakim olan yüksəkliklər götürülüb, oktyabrın 25-də isə Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizləyib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Qubadlı əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.
Prezident İlham Əliyevin sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 15189 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.
2020-ci il 23 dekabrda Prezident İlham Əliyev Qubadlıda Azərbaycanın dövlət bayrağını ucaldıb.
İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıb.
Bundan başqa, işğal dövründə ermənilər Qubadlı rayonunun Xanlıq kəndində hərbi istehkam, hərbi baza qurmuş, Xanlıq kəndində qanunsuz məskunlaşma aparmışdılar. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Bu da hərbi cinayət sayılır. Cenevrə konvensiyalarına görə, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınmışdı.
Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir. Bu şəhərin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Qubadlı rayonun azad olunması strateji baxımdan Azərbaycanın daha bir üstünlüyü əldə etməsinə gətirib çıxardı. Qubadlı rayonu Azərbaycan Respublikasının cənub qərbində yerləşir. Səthi əsasən dağlıqdır. Ərazidə yüksəkliklər mövcuddur. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə həmsərhəddir. Qubadlı rayonunun azad edilməsi ilə Azərbaycan Ermənistanla 120 kilometr sərhədini də özünün nəzarətinə almış oldu. Bu, Azərbaycan üçün çox mühüm strateji əhəmiyyət kəsb edir.

Qubadlının faydalı qazıntı ehtiyatları ilə zəngin olması onun strateji əhəmiyyətini daha artırır. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur. Gələcəkdə bu cür qiymətli faydalı qazıntı yataqlarının istismar edilməsi həm Qubadlının iqtisadiyyatında, əhalisinin işlə təminatında, həm də ölkəmizin iqtisadiyyatında böyük rol oynayacaq.

Mayıl Əliyev Nizami Rayon Ağsaqqallar Şurasının sədri
24.10.2022 Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni daha da yaxınlaşdırdı.Qubadlı rayonu 1993-cü il avqustun 31-də Erməmistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilib. Qubadlı şəhəri və rayonun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçib, rayonun 31 mindən çox əhalisi yurd-yuvasından didərgin düşüb.
Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, şimaldan Laçın rayonu, Hadrut rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir.
Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Dağlıq və dağətəyi, meşələrlə əhatə olunmuş ərazilərdə də kəndlər vardır.
Qubadlı qədim insan məskənlərindəndir. Bu arəzi arxeoloji cəhətdən kifayət qədər öyrənilməsə də buradakı təbii mağaralarda, sığınacaqlarda insan əlinin fəaliyyətinin izləri qalmaqdadır. Keçilməz qayalar, sərt sıldırımlar üzərində ucaldılan müdafiə istehkamları və keşiçki qalalarının qalıqları müasir dövrə qədər gəlib çatıb.
Qubadlı şəhəri ərazisində aşkar olunmuş "Xırman yeri", Əliquluuşağı kəndində aşkar olunmuş "Qalaça", "Koroğlu qalası", Muradxanlı kəndi ərazisində "Mal təpə" abidələri mütəxəssislər tərəfindən son tunc, ilk dəmir dövrünə aid edilir.
Saray, Poladlı, Xocamsaxlı, Çardaxlı kəndləri ərazisində keçilməz sıldırım qayalar üzərində son dövrə qədər qalan istehkam qalaçalar ayrı-ayrılıqda VII-IX əsrlərə aid edilsə də, əslində bu istehkam qalaçalar b.e.ə. I yüzillikdə Atropatena və Albaniya dövlətlərini ayıran sərhəd boyunca vahid keşikçi-gözətçi məntəqələri sisteminin tərkib hissəsidir.
1988-ci ildən başlayaraq Ermənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlayıb, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etdirilib.
1993-cü il avqust ayının sonunadək davam edən 5 illik müharibə zamanı Qubadlı rayonundan 238 nəfər şəhid verilib. Laçın, Ağdam, Füzuli, Cəbrayıl rayonları işğal olunduqdan sonra faktiki yarımmühasirə vəziyyətinə düşən Qubadlı rayonu 1993-cü il avqust ayının 30-31-də erməni təcavüzkarı qüvvələrinin işğalına məruz qaldı.
Ermənilər Qubadlıda 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb və talan ediblər. Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər.
44 günlük Vətən müharibəsinin gedişatında Qubadlının azad olunması əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Azərbaycan Ordusunun peşəkarlığı və fədakarlığı sayəsində ilk növbədə ərazinin hakim strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədilər. Beləliklə, Qubadlının 27 illik işğalına son qoyuldu. Artıq ikinci ildir xalqımız 25 oktyabr tarixini Qubadli şəhərinin erməni işğalçılarından azad olunduğu gün kimi qeyd edir.
Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni daha da yaxınlaşdırdı. Ordumuzun Laçına və Şuşaya doğru döyüş əməliyyatlarının aparmasında yeni strateji və mənəvi-psixoloji üstünlüyünü daha da artırdı.

Heydər Rəhimov
Qarabağ veteranı, ehtiyatda olan zabit
21.10.2022 Azərbaycan-Türkiyə əməkdaşlığı bölgəyə rifah gətirir. 21.10.2022 Azərbaycan-Türkiyə əməkdaşlığı bölgəyə rifah gətirir.30 illik işğal dönəmində Qarabağ və Şərqi Zəngəzurda daşı daş üstünə qoymayıblar. Deputat vurğulayıb ki, işğal dövründə nəinki quruculuq-bərpa işi aparılmayıb, əksinə, vaxtilə azərbaycanlıların qurub-yaratdığı evlər, təhsil, səhiyyə, mədəniyyət müəssisələri yerləyeksan edilib. Azərbaycanın isə işğala son qoyduğu 2020-ci ilin noyabr ayından bəri bütövlükdə bölgəyə həyat qayıdıb. Təsəvvür edin, azad olunan torpaqlarda çox keçmədən su-elektrik stansiyası istifadəyə verildi, kənd təsərrüfatı canlandı. İşğaldan azad edilərkən bayraq sancmağa bir tikili tapılmadığı Füzulidə cəmi 8 aya beynəlxalq hava limanı tikilib istifadəyə verildi. 30 il təyyarə görməyən Qarabağ və Şərqi Zəngəzur səması, nəhayət ki, ilk beynəlxalq səviyyəli qonaqlarını qəbul etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmin o əlamətdar gündə Azərbaycanın müzəffər lideri İlham Əliyevlə birlikdə hava limanının açılışını etdi.
Oktyabrın 20-də daha bir strateji əhəmiyyətli açılış mərasimi - Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi gerçəkləşdi. Bu açılış hər şeydən öncə Azərbaycan xalqının ermənilərdən fərqli olaraq bu torpağın əsl sahibi kimi qurub-yaratmaq əzminin, dövlətimizin sülh, sabitlik və əməkdaşlıq niyyətinin, Azərbaycan liderinin əzminin, revanşist məqsədlərdən əl çəkməyən düşmən və havadarları qarşısında qətiyyətinin göstəricidir.
Türkiyə Prezidentinin bu mərasimdə iştirak etmək üçün yenidən ölkəmizə gəlməsi isə iki ölkə qardaşlığının sarsılmazlığının dünyaya bir daha bəyan olunmasıdır. Ümumiyyətlə, hava limanının açılışı və Türkiyə Prezidentinin mərasimə qatılması dünyanın gözü önünə Ermənistan və havadarları ilə Azərbaycanın və strateji tərəfdaşının nə qədər fərqli olduğunu gətirir. Bizim tərəfdaşlığımızın nəticəsi qurulan, abad edilən, narkotika plantasiyalarından və narkotranzitdən mədəniyyət mərkəzinə çevrilən Qarabağ və Şərqi Zəngəzurdur.
Azərbaycan-Türkiyə əməkdaşlığı bölgəyə rifah gətirir. İki qardaş ölkə arasında bağlanmış hərbi müttəfiqlik bölgədə sülh, sabitlik və istiqrar üçün təminatdır. Ermənistan və havadarlarının birliyi isə sülh və tərəqqi üçün ən böyük təhdiddir. Elə Fransa Prezidenti Makronun son bəyanatlarının timsalında bir daha əmin olduq ki, Ermənistanın "Böyük bacısı" və əsas havadarı olan Paris faktiki olaraq regionda sülh və sabitlik arzulamır. Nəinki arzulamır, həm də mövcud əməkdaşlıq şansları və ilkin etimad mühitini dağıtmaq üçün əlindən gələni əsirgəmir.
Zəngilan Beynəlxalq Hava Limanının açılışında birgə iştirak fonunda Azərbaycan-Türkiyə qardaşlığı, liderlərin birlikdə reallaşdırdığı layihələrlə nümayiş olunan güc göstəricisi Fransa Prezidenti Emmanuel Makron kimi cılız, məğlub "lider"lərə, o cümlədən təcavüzkar niyyətlilərə ən yaxşı cavabdır.

Qəhrəman Qasımov Əməkdar müəllim, Qarabağ veteranı