Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Tədbirdə bələdiyyə sədri Vüqar Quliyev, NRİH Başısı Aparatının ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Bəhmən Hüseynov, YAP Nizami Rayon Təşkilatının məsləhətçisi Aytac Məhərrəmova, Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyinin sədri Xəqani Səfərov, Nizami rayon 24 saylı DSK-nın sədri Fəridə Rzayeva, 29 yanvar 2025-ci il bələdiyyə seçkilərində qalibiyyət qazanmış gənc bələdiyyə üzvləri və fəal bələdiyyə qulluqçuları iştirak etmişdir.
Tədbirin açılışında çıxış edən Nizami Bələdiyyəsinin sədri ölkəmizdə gənclər siyasətinin dövlət səviyyəsində uğurla həyata keçirildiyini qeyd etmiş, gənclərin sosial-iqtisadi inkişafda, ictimai-siyasi həyatda və yerli özünüidarəetmədə rolunun getdikcə artdığını vurğulamışdır.
Daha sonra çıxış edən digər natiqlər Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərimizə geniş və açıq müzakirə tribunası verən ilk Gənclər Forumunun keçirildiyi günün 1997-ci ildən etibarən ölkəmizdə Gənclər Günü kimi qeyd olunmasının mühüm ictimai-siyasi əhəmiyyət daşıdığını vurğulamışlar. Qeyd edilmişdir ki, bu ənənə gənclər siyasətinin dövlətimizin sosialyönümlü siyasətinin və insan kapitalının məqsədyönlü inkişafının əsas istiqamətlərindən biri olduğunu bir daha təsdiq edir.
Eyni zamanda çıxışlarda Azərbaycan gənclərinin dövlətə və Vətənə bağlılıq ruhunda tərbiyə olunmasının vacibliyi şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu və göstərdikləri qəhrəmanlıq nümunələri fonunda xüsusi qeyd edilmiş, şəhidlərimizin şanlı yolunun bugünkü və gələcək nəsillər üçün möhkəm mənəvi dayaq olduğu vurğulanmışdır.
Əminik ki, Azərbaycan gəncləri dövlətimizin göstərdiyi etimadı doğruldacaq, milli-mənəvi dəyərlərimizə sadiq qalaraq ölkəmizin tərəqqisi və daha parlaq gələcəyi naminə bundan sonra da səylə çalışacaqdır.
Sonda yerli özünüidarəetmə işində fəal iştiraklarına görə, yeni bələdiyyə üzvü seçilmiş gənc bələdiyyə üzvləri və gənc bələdiyyə qulluqçuları fəxri fərman və təşəkkürnamələrlə təltif olunmuşlar.2 Fevral Gənclər Günü münasibətilə Bakı şəhər Nizami Bələdiyyəsinin təşkilatçılığı ilə tədbir keçirilmişdir.2 Fevral Gənclər Günü münasibətilə Bakı şəhər Nizami Bələdiyyəsinin təşkilatçılığı ilə tədbir keçirilmişdir.
02.02.2026 Azərbaycan gəncliyi milli dəyərlərin daşıyıcısı və gələcəyin qurucusu! Azərbaycan gəncliyi milli dəyərlərə sadiqliyi, yüksək intellekti və güclü iradəsi ilə ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayır. Tarixin bütün mərhələlərində gənclərimiz Vətənə bağlılıq, mübarizlik və fədakarlıq nümunəsi göstərərək xalqımızın inkişaf yoluna öz töhfələrini vermişlər.

Müstəqil Azərbaycanın bu günü və sabahı məhz sağlam düşüncəli, bilikli və təşəbbüskar gənclərin fəaliyyəti ilə formalaşır. Dövlət gənclər siyasətinin əsas məqsədi də gənclərin potensialının üzə çıxarılması, onların təhsil, elm, mədəniyyət və ictimai həyatın bütün sahələrində fəal iştirakının təmin edilməsidir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü proqramlar gənclərin öz bilik və bacarıqlarını reallaşdırmasına geniş imkanlar yaradır.

Azərbaycan gəncliyi milli-mənəvi dəyərləri qorumaqla yanaşı, müasir çağırışlara da açıqdır. Onlar qloballaşan dünyada milli kimliyini itirmədən, müasir düşüncə tərzi ilə ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edirlər. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı gənclərimizin göstərdiyi şücaət və qəhrəmanlıq Azərbaycan gəncliyinin vətənpərvər ruhunun bariz nümunəsidir.

Bu gün gənclər yalnız ölkənin gələcəyi deyil, eyni zamanda onun bu gününü formalaşdıran aparıcı qüvvədir. Onların fəallığı, ideyaları və təşəbbüsləri Azərbaycanın davamlı inkişafının əsas dayaqlarından biridir. Milli maraqlara sədaqət, dövlətçiliyə bağlılıq və güclü iradə Azərbaycan gəncliyini fərqləndirən başlıca keyfiyyətlərdir.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərimizə geniş və açıq müzakirə tribunası vermiş ilk forumun keçirildiyi günün ölkəmizdə 1997-ci ildən etibarən Gənclər Günü kimi qeyd olunması ənənəsi bir daha təsdiq edir ki, gənclər siyasəti dövlətimizin sosialyönümlü siyasətinin və insan kapitalının məqsədyönlü inkişafının əsas istiqamətlərindəndir.

Bu gün və sabah Azərbaycan gəncliyi tarixi ənənələrə söykənərək müasir inkişaf yolunda inamla irəliləyir. Bu gənclik ölkəmizin qüdrətinin, milli birliyinin və parlaq gələcəyinin əsas təminatçısıdır.

Əziz Gənclər! Sizə uğurlar, parlaq gələcək və Vətən naminə yeni nailiyyətlər arzulayıram.
2 fevral Gənclər Gününüz mübarək!

Tərəfimdən ötən 2022-2024 cü illər ərzində praktika rəhbəri olduğum müddətdə Nizami bələdiyyəsində tələbələrin istehsalat təcrübəsi zamanı gənclərin cəmiyyətə inteqrasiyası, ictimai fəallığının artırılması və vətənpərvərlik ruhunun yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edən lahiyələr həyata keçirilmişdir. Bu cür təşəbbüslər tələbələrin həm peşəkar, həm də mənəvi baxımdan inkişafı üçün önəmlidir,gələcəkdə dövlətinə və xalqına bağlı, məsuliyyətli gənc nəslin formalaşmasına xidmət edir.

Yeganə Abbasova
Bakı şəhər Nizami bələdiyyəsinin sədr müavini.
02.02.2026-cı il Vətənpərvər gənclər milli dövlətçiliyimizin işıqlı sabahıdır. 2 Fevral Azərbaycanda Gənclər Günüdür.
Azərbaycanın gənclər siyasətinin əsas istiqamətlərindən biri də gənclərimizin vətənpərvərlik, azərbaycançılıq, dövlətçiliyə və milli-mənəvi dəyərlərə hörmət ruhunda formalaşmasıdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin "Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır" kimi fikirləri gənclərimiz ölkəmizin bir çox sahələrində, o cümlədən xalqımızın milli müstəqillik və azadlıq uğrunda mübarizə salnaməsində təsdiqini tapdı.
44 günlük Vətən müharibəsində isə Azərbaycan gəncləri böyük şücaət göstərdilər. Torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Vətən müharibəsi xalqımızın milli həmrəyliyinin, monolit birliyinin təntənəsi oldu. Gənclərimiz Vətən müharibəsindən şərəflə çıxdılar, etimadı layiqincə doğrultdular, onlar döyüşlərdə qəhrəmancasına iştirak etdilər. Bütün dünya Azərbaycan gəncinin nəyə qadir olduğunu gördü. Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, qələbə dolu döyüş yolu ilə dillərdə dastana döndü.
Şanlı Zəfər qələbəsinin qazanılmasında gənclərimizin şücaətini Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev yüksək qiymətləndirib. Möhtərəm Prezidentimizin “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” tarixi sözləri gənclərimizə verilən ən böyük etimaddır.
Prezident İlham Əliyev eyni zamanda qeyd etmişdir ki, “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.”
Ali Baş Komandan xüsusilə vurğulayıb: “Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər!”
Bu gün Ulu Öndərin tövsiyələrini özlərinin həyat amalına çevirən Azərbaycan gəncləri göstərilən etimadı layiqincə doğruldurlar. Onlar ölkədə milli dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsində, intellektual səviyyəli potensial kadr hazırlığında, dövləti idarəetmə qurumlarında aparıcı qüvvəyə çevriliblər.
Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliklə dediyi sözləri xatırlayırıq: "Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq".
Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların ictimai və sosial sferada layiqli təbəqə kimi iştirakının təmin olunması həmişə diqqətdədir. Vətənpərvər gənclər milli dövlətçiliyimizin işıqlı sabahıdır. Fiziki və mənəvi cəhətdən sağlam olan, dünyada gedən prosesləri düzgün təhlil edə bilən, müasir texnologiyalarla işləməyi bacaran, əqidəli, milli-mənəvi dəyərlərə malik vətənpərvər gənclər ölkəmizi uğurlu gələcəyə aparan böyük qüvvədir.
Əziz gənclər, bayramınız mübarək olsun!
Heydər Rəhimov Nizami Bələdiyyəsinin sədr müavini, Qarabağ veteranı

Yeni səhifəmiz...

Çox gözəl!
Yaxşı
Normal
Pis deyil
Çox pis!